“Bu layihə ortaya çıxana qədər bizə professorlar yazılı və şifahi müraciətlər edirdilər. Deyirdilər ki, elmlər doktoru, professor niyə 5 ildən bir yenidən imtahan verməlidir?!”
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı bildirib.
“Belə baxanda, imtahan götürənlər titul baxımından onlardan aşağı pillədə dayanan şəxslərdir. Beləliklə, mənəvi-psixoloji çətinliklər də yaranırdı. Bizim məqsədimiz o deyil ki, imtahanda həkimlərə çətinlik yaradan suallar qoyulsun.
Əsas humanizm məqsədilə yanaşmaq lazımdır ki, təkcə həkimlər yox, orta tibb işçilərinə də nəzəri yox, praktik suallar vermək lazımdır. Yadımdadır, biz anatomiya keçəndə o qədər ağır suallar salırdılar, sonradan o sualların 80%-i heç bizə lazım olmurdu. Yəni həm kredit ballarının toplanmasında, həm də sertifikasiyada praktik, həkimə nə lazım olacaqsa, onları suala salmaq lazımdır”, - deyə komitə sədri qeyd edib.
Nuranə Daxilqızı
Mənbə: qafqazinfo.az