Rusiya Prezident Administrasiyasının keçmiş əməkdaşının ABŞ-yə gedərək Kremlin məxfi informasiya əməliyyatları barədə məlumatları Amerika xüsusi xidmət orqanlarına ötürə biləcəyi iddia olunur.
Musavat.com xəbər verir ki, Rucriminal saytının məlumatına görə, Rusiya Prezident Administrasiyasının Daxili Siyasət İdarəsinin keçmiş şöbə rəisi Mixail Dudin sabiq rəhbərlərini fakt qarşısında qoyub.
Vaxtilə teleqram kanalları ilə işə cavabdeh olan və hazırda Rusiyada axtarışa verilən Dudin ABŞ-yə könüllü getməklə hədələyib. Onun dostu və keçmiş tabeliyində çalışmış rusiyalı haker Denis Obrezko hazırda ABŞ-də həbsdədir.
Mənbənin iddiasına görə, Dudin Prezident Administrasiyasının və Rusiya xüsusi xidmət orqanlarının müxalifətə qarşı fəaliyyəti, həyata keçirilən informasiya əməliyyatları və haker hücumları barədə geniş məlumatlara malikdir.
Keçmiş rəhbərlərinə ultimatum
Dudin sabiq rəhbərləri qarşısında konkret şərt qoyub: ya onun hüquq-mühafizə orqanları ilə problemləri həll ediləcək, ya da əlindəki məlumat və sənədlərlə birlikdə ABŞ-yə gedəcək.
2025-ci ilin noyabrında Dudinin keçmiş tabeliyində çalışdığı bildirilən Denis Obrezko ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) sorğusu əsasında Tailandın Phuket adasında saxlanılıb.
Rusiya hüquq-mühafizə orqanları onun Moskvaya ekstradisiyasına nail olmaq üçün hələ 2018-ci ildə Kaluqada açılmış cinayət işini arxivdən çıxarıblar. Lakin ekstradisiya mübarizəsində ABŞ tərəfi üstün gəlib. Obrezko 2026-cı ilin iyununda ABŞ-yə təhvil verilib və kiberhücumlarla bağlı cinayət işinin fiqurantına çevrilib.
FTB-nin sənədlərində “İtan Hant”
İşin ən maraqlı məqamlarından biri FTB-nin materiallarında Obrezkonun şəxsiyyəti müəyyənləşdirilməmiş şərikinin “Ethan Hunt” (İtan Hant) təxəllüsü ilə göstərilməsidir. Bu, məşhur “Mümkünsüz missiya” filmlərində Tom Kruzun canlandırdığı xüsusi agentin adıdır.
Mənbə bildirir ki, Mixail Dudin də “GetContact” tətbiqində məhz bu adla qeyd olunub. Bununla belə, FTB-nin axtardığı şəxsin Dudin olduğu rəsmən təsdiqlənməyib.
2026-cı ilin sentyabrında Dudin Rusiyada federal axtarışa verilib, oktyabrda isə “Sirotinskilər” mütəşəkkil cinayətkar birliyində iştirak ittihamı ilə barəsində qiyabi həbs qərarı çıxarılıb.
Eyni cinayət işi üzrə onun uzunillik biznes tərəfdaşı, Federal Təhlükəsizlik Xidmətinin Samara vilayəti üzrə idarəsinin keçmiş əməkdaşı Pavel Seleznyov da ittiham olunur.
Dudinin ABŞ-yə getmək niyyəti və Kremlin məxfi sənədlərinə malik olması barədə məlumatlar anonim mənbəyə əsaslanır. Rusiya Prezident Administrasiyasının bu iddialara münasibəti məlum deyil.
Mənbə: www.musavat.com