ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin sədri Azay Quliyev parlamentlərin enerji təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və texnoloji inkişaf sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, siyasi öhdəliklərin konkret nəticələrə çevrilməsinə və hökumətlərin fəaliyyətinə parlament nəzarətinin təmin edilməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Musavat.com xəbər verir ki, bu barədə ATƏT PA-nın bu gün yaydığı açıqlamada deyilir.
Vyanaya səfəri çərçivəsində Hofburqda keçirilən ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin tematik iclasında çıxış edən A.Quliyev Assambleya ilə ATƏT-in icra strukturları arasında sıx əməkdaşlığı yüksək qiymətləndirib, iqtisadi və ekoloji təhlükəsizliyin ATƏT-in hərtərəfli təhlükəsizlik yanaşmasının əsas elementləri olduğunu qeyd edib. O, bu istiqamətdə parlament diplomatiyasının əhəmiyyətinə diqqət çəkərək, parlamentlərin ortaq prioritetlərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsində mühüm rol oynadığını bildirib:
“Parlament diplomatiyası sərhədlər və siyasi fikir ayrılıqları boyunca dialoq kanallarını açıq saxlayır. Bu, təcrübə mübadiləsinə, etimadın qurulmasına və ümumi çağırışlara birgə cavabların təşviqinə imkan verir. Bunu aydın şəkildə qeyd etmək istəyirəm ki, bizim rolumuz hökumətlərin fəaliyyətini təkrarlamaq deyil, onu gücləndirməkdir. Milli parlamentlər fərqli, lakin tamamlayıcı töhfə verirlər. Biz vətəndaşları təmsil edir və onların narahatlıqlarını beynəlxalq müzakirələrə gətiririk. Biz öhdəlikləri qanunlara çevirir, büdcələri təsdiqləyir, dövlət xərclərini yoxlayır və nəzarəti gücləndiririk. Buraya həmçinin yaxşı idarəçiliyin təşviqi və korrupsiyaya qarşı mübarizə daxildir ki, ictimai resurslar nəzərdə tutulduğu insanların mənafeyinə xidmət etsin”, A.Quliyev deyib.
Deputat daha sonra Parlament Assambleyasının il ərzində fəaliyyətində üç əsas istiqaməti qeyd edib:
“Birinci istiqamət enerji təhlükəsizliyi, iqtisadi dayanıqlılıq və dayanıqlı bağlantılar olub. Enerji mənbələrinin şaxələndirilməsinin, etibarlı infrastrukturun, enerji səmərəliliyinin və dayanıqlı investisiyaların əhəmiyyətini vurğulanıb, enerjinin vətəndaşlar üçün əlçatan qiymətdə qalmasının vacibliyi qeyd edib.
İkinci prioritet iqlim fəaliyyəti, ekoloji təhlükəsizlik və regional əməkdaşlıq olub. Bu kontekstdə Assambleyanın il ərzində keçirdiyi, ekoloji təhlükəsizlik, iqlimə davamlılıq və fəlakətlərin qarşısının alınması məsələlərinin ön planda olduğu bir sıra tədbirlər diqqətə çatdırılıb.
Üçüncü istiqamət elm, texnologiya və yeni yaranan texnologiyaların idarə olunması ilə bağlı olub. Süni intellektin yaratdığı imkanlar, eyni zamanda onun təhlükəsizlik, insan hüquqları və demokratik hesabatlılıq baxımından doğurduğu nəticələrin nəzərə alınmasının vacibliyi vurğulayıb”.
A. Quliyev, həmçinin iyul ayında ATƏT PA-nın İllik Sessiyasında qəbul edilmiş Haaqa Bəyannaməsinin Assambleyanın dayanıqlı iqtisadi inkişaf, enerji təhlükəsizliyi, iqlim fəaliyyəti, etibarlı təchizat zəncirləri və texnoloji tərəqqinin məsuliyyətli şəkildə təşviqi üzrə fəaliyyətinə çərçivə yaratdığını qeyd edib:
“Səfər ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin Təşkilatın təhlükəsizliyin ikinci ölçüsü üzrə fəaliyyətinin təsirini, əldə olunan nəticələri və təcrübədən çıxarılan dərsləri nəzərdən keçirən tematik iclası çərçivəsində baş tutub. Müzakirələr ATƏT-in siyasi fikir ayrılıqları şəraitində əməkdaşlığı davam etdirmək, regional ekspertiza və sahə üzrə fəaliyyət imkanlarından yararlanmaq, iqtisadi və ekoloji çağırışları daha geniş təhlükəsizlik mandatı ilə əlaqələndirmək baxımından özünəməxsus töhfəsini önə çıxarıb”.
Qeyd edək ki, Vyanada olduğu müddətdə Azay Quliyev ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin sədri, səfir Melita Župevc və ATƏT-in İqtisadi və Ətraf Mühit Fəaliyyətləri üzrə Koordinatoru, səfir Bakyt Dzhusupov tərəfindən təşkil olunan tədbirlərdə iştirak edib, həmçinin ATƏT PA-nın Vyana ofisinin əməkdaşları ilə bir sıra görüşlər keçirib.







Mənbə: www.musavat.com