Ankara, 22 noyabr, AZƏRTAC
Birinci Qarabağ müharibəsindən otuz ildən çox vaxt keçsə də, yaxınlarının taleyi barədə cavab gözləyən azərbaycanlı ailələrin iztirabları davam edir. İtkin düşmüş insanın ailəsi üçün müharibə silahların susduğu gün bitmir. Onun harada olduğu, başına nə gəldiyi, sağ olub-olmadığı barədə qeyri-müəyyənlik ailənin gündəlik həyatına, psixoloji vəziyyətinə və gələcəyə münasibətinə təsir göstərir. Buna görə itkinlərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan–Ermənistan münasibətlərində təxirə salınmamalı humanitar məsələdir.
Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin Qafqaz Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Elnur Həsən Mikayıl deyib.
Onun sözlərinə görə, problemin miqyası ağırdır. Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyətə dair məlumatında Qarabağ münaqişəsi sövründə təxminən 4 minə yaxın insanın itkin olaraq axtarışda olduğu bildirilir.
“Bu rəqəm onilliklər ərzində toplanmış müraciətlərin miqyasını ifadə edir; taleyi sonradan müəyyənləşdirilən şəxslərlə hələ də axtarılanların sayı ayrıca nəzərə alınmalıdır. Hər bir işin arxasında adı, ailəsi və yarımçıq qalmış həyat hekayəsi olan insan dayanır”, - deyə ekspert ifadə edib.
Noyabrın 19–20-də İrəvanda keçirilmiş “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın məsələni yenidən gündəmə gətirdiyini qeyd edən türkiyəli professor deyib: “Ermənistan rəhbərliyinin ailələrin məlumat almaq hüququndan, beynəlxalq əməkdaşlıqdan və Azərbaycanla birgə fəaliyyətin vacibliyindən danışması diqqətə alınmalıdır. Bununla belə, bu kimi bəyanatların əhəmiyyəti ardınca atılacaq addımlarla müəyyənləşəcək. Əməkdaşlıq iradəsi axtarışlara kömək edən məlumatın təqdim olunmasında, sorğulara əsaslandırılmış cavab verilməsində və əldə edilmiş razılıqların icrasında görünməlidir. Ailələrin gözləntisi ümumi niyyət bəyanatlarından daha konkretdir”.
E.H.Mikayıl noyabrın 20-də AZƏRTAC-da dərc edilən təhlilə diqqət çəkərək, Ermənistan tərəfinin 204 kütləvi və fərdi dəfn yerinin koordinatlarına malik olduğunu, lakin həmin məlumatların Azərbaycana təqdim edilmədiyini qeyd edib: “Bu məlumatlar əməkdaşlıq haqqında bəyanatlarla onun icrası arasındakı fərqə dair ciddi suallar doğurur. Ermənistanın aidiyyəti qurumlarının həmin məsələlər üzrə yoxlanıla bilən cavabları qeyri-müəyyənliyin aradan qaldırılmasına kömək edə bilər”.
Ekspert hesab edir ki, burada əsas meyar humanitar prosesin nəticəsidir: “Təqdim edilən koordinatlar axtarışa imkan yaratmalı, arxiv sənədi konkret şəxsin taleyinin araşdırılmasına xidmət etməli, şahid ifadəsi peşəkar qaydada yoxlanılmalıdır. Natamam məlumatın dəqiqləşdirilməsi üçün də davamlı əlaqə lazımdır. Bir dəfə məlumat ötürülməsi bütün məsuliyyətin yerinə yetirilməsi demək deyil”.
Professor hesab edir ki, məsələnin həlli üçün mövcud məlumatların sistemli şəkildə toplanması və mübadiləsi mühüm başlanğıcdır: “Dəfn yerlərinə dair qeydlər, saxlanma məntəqələrinin sənədləri və hadisələr barədə məlumatı olan şəxslərin ifadələri səlahiyyətli mütəxəssislər tərəfindən araşdırılmalıdır. Axtarış və identifikasiya işlərində sübutların qorunması, genetik məlumatların məxfiliyi və ailələrin məlumatlandırılması təmin edilməlidir. Zəruri hallarda beynəlxalq qurumların texniki təcrübəsindən istifadə prosesi gücləndirə bilər”.
O qeyd edib ki, bu məsələdə vaxt aspekti xüsusi əhəmiyyət daşıyır, çünkü illər keçdikcə şahidlər həyatdan köçür, yaddaş zəifləyir, sənədlər itə və dəfn yerlərinin müəyyənləşdirilməsi çətinləşə bilər: “Gecikmə ailələrin həsrətini uzatmaqla yanaşı, həqiqətin üzə çıxarılması imkanlarını da azaldır. Buna görə konkret iş qrafiki, məsul əlaqələndiricilər və görülən tədbirlər barədə müntəzəm məlumatlandırma əməkdaşlığın faydalı elementləri ola bilər”.
E.H.Mikayıl hesab edir ki, itkinlərin taleyinin araşdırılması sülh prosesində qarşılıqlı etimadı möhkəmləndirmək üçün mühüm imkandır: “Yoxlanılmış məlumatın paylaşılması və bir ailənin illərdir gözlədiyi cavabı alması humanitar əməkdaşlığın mümkün olduğunu göstərir. Belə nəticələr cəmiyyətlərin münasibətinə də təsir edə bilər. Bunun üçün ailələrin taleyi siyasi mübahisələrin gedişindən asılı vəziyyətə salınmamalıdır”.
“Mövcud məlumatların təqdim edilməsi, sorğuların cavablandırılması və axtarışlara əməli yardım həmin hazırlığın inandırıcı göstəricisi olar. Otuz ildən artıq gözləyən ailələrin ehtiyacı həqiqəti bilməkdir. Hər aydınlaşdırılmış tale bir ailənin qeyri-müəyyənliyini azaldır və davamlı sülhün insani əsaslarını möhkəmləndirir”, - deyə professor ifadə edib.
Mənbə: azertag.az