Kosta Aİ-nin müdafiə xərclərini kəskin şəkildə artırmağı təklif etdi

Kosta Aİ-nin müdafiə xərclərini kəskin şəkildə artırmağı təklif etdi

Avropa Şurasının sədri Antonio Koşta Avropa İttifaqı ölkələrinə 2028–2034-cü illəri əhatə edən uzunmüddətli büdcə çərçivəsində müdafiə xərclərinin maliyyələşdirilməsini 232 faiz artırmağı təklif edib.

Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəsmi saytında məlumat verilib.

Büdcənin ümumi həcminin 1,78 trilyon avro səviyyəsində müəyyənləşdirilməsi təklif olunur. Bu, Avropa Komissiyasının təqdim etdiyi ilkin layihə ilə müqayisədə 204 milyard avro və ya 10 faiz azdır. Bununla yanaşı, rəqabət qabiliyyətinin artırılması tədbirlərinin maliyyələşdirilməsinin 120 faiz, “Horizon Europe” proqramına ayrılan vəsaitin isə 57 faiz artırılması planlaşdırılır. Miqrasiyanın idarə olunması və sərhədlərə nəzarət xərclərinin ikiqat artırılması, Avropanın beynəlxalq arenada maraqlarının təşviqinə ayrılan vəsaitin isə 23 faiz artırılması təklif edilir.

Koştanın sözlərinə görə, layihə Avropa İttifaqının üç əsas prioritetini nəzərə alır: rəqabət qabiliyyətinin artırılması, təhlükəsizlik və müdafiənin gücləndirilməsi, eləcə də Avropanın beynəlxalq arenada maraqlarının təşviqi.

Təşəbbüs noyabrın 26-27-də Brüsseldə keçiriləcək Avropa Şurasının xüsusi iclasında müzakirə olunacaq.

Bundan əvvəl Polşanın Baş naziri Donald Tusk ölkəsinin Avropa vəsaitləri hesabına Ukrayna üçün ABŞ silahlarının alınmasını nəzərdə tutan PURL proqramına maliyyə ayırmağı dayandıracağını bəyan edib. Onun sözlərinə görə, belə qərar Polşanın yüksək büdcə kəsiri və öz müdafiə xərcləri ilə əlaqədar qəbul edilib. Polşa son vaxtlar bu cür tədbirləri elan edən yeganə ölkə deyil.

Mənbə: publika.az