Cənubi Qafqazda geopolitik şərtlər artıq ciddi şəkildə dəyişib və Kreml Rusiyanın bu regionda təsir mexanizmlərini bərpa etmək imkanlarını böyük ölçüdə itirib, ABŞ isə TRİPP layihəsi üzərindən bölgəyə yerləşmək üzrədir... Eyni zamanda, yalnız Cənubi Qafqaz deyil, Azərbaycan da regiondakı liderlik mövqeyi, dünyada artmaqda olan nüfuzu, geopolitik, geostrateji, eləcə də, geoiqtisadi şərtləri təyin etmə və genişmiqyaslı logistika imkanları baxımından, qlobal cazibə mərkəzlərindən birinə çevrilir...
Cənubi Qafqaz regionunda geopolitik və geostrateji savaş artıq tədricən yeni mərhələyə keçmək üzrədir. Bu regionda müşahidə olunan geopolitik dəyişikliklərin əsas qaynağı isə məhz ikinci Qarabağ savaşının yekun nəticələri ilə bağlıdır. Belə ki, bu savaşın yekun nəticələri Cənubi Qafqazda geostrateji maraqları olan bəzi regiondankənar dövlətlər üçün ənənəvi təsir mexanizmlərinin böyük ölçüdə itirilməsinə yol açıb. Və Cənubi Qafqazda yeni geopolitik şərtlərin formalaşmasının arxasında da məhz bu önəmli faktor dayanır.
Məsələ ondadır ki, keçmiş SSRİ-nin dağılmasından sonra Azərbaycan və Ermənistan arasında 30 ilə yaxın davam etmiş savaş vəziyyəti ilk növbədə Rusiyanın maraqlarına cavab verirdi. Kreml bu hərbi qarşıdurmadan maksimum səviyyədə istifadə etməklə, həm Azərbaycana, həm də Ermənistana birbaşa təzyiq göstərməyə çalışırdı. Ona görə də, Cənubi Qafqazdakı regional savaş Rusiyanın bölgəyə əsas nəzarət mexanizmlərindən biri hesab olunurdu. İkinci Qarabağ savaşında Azərbaycanın tarixi qələbəsindən sonra isə Rusiya Cənubi Qafqaza birbaşa təzir mexanizmini tamamilə itirmiş oldu. Və Rusiya siyasi dairələri bu önəmli geopolitik reallıqla hələ də barışmaq istəmirlər.

Ancaq Kremlin bütün müqavimət cəhdlərinə baxmayaraq, Cənubi Qafqaz artıq Rusiyanın təsir dairısindən tədricən uzaqlaşaraq, yeni inkişaf mərhələsinə keçməyə imkan tapıb. Üstəlik, bu mərhələdə Cənubi Qafqaza yeni qlobal oyunçuların geopolitik maraqları da artmağa başlayıb. Belə ki, Cənubi Qafqaz indi qlobal məkanda daha Rusiyanın ənənəvi təsir dairəsinə daxil olan regionlardan biri kimi qəbul olunmur. Əksinə, indi bu regionun qlobal məkanda da geostrateji əhəmiyyəti ciddi şəkildə artıb. Və bir çox dünya nəhəngləri hazırda Cənubi Qafqazda manevr məkanı qazanmaq uğrunda amansız mübarizəyə başlayıb.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda Rusiyanın boşluğu artıq tədricən tamamilə fərqli formatda doldurulmağa cəhd göstərilir. Belə ki, Kreml bu region üzərində hərbi-siyasi təzyiqlərə bağlı hegemoniya qurmuşdu. İndi Rusiyanın çökən aqressiv hegemoniyası region dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər üzərindən əvəzlənir. Hər halda, ABŞ-ın birbaşa iştirakı ilə reallaşdırılacaq TRİPP layihəsi indi Cənubi Qafqazı qlobal geoiqtisadi cazibə mərkəzinə çevirməyə başlayıb. Çünki yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması bu regionun iki önəmli qitə - Avropa və Asiya arasında əsas logistika qovşağına çevirəcəyi qətiyyən şübhə doğurmur. Və bu, tezliklə Cənubi Qafqazın “geopolitik qapılar”ının Rusiyanın üzərinə tamamilə qapadıla biləcəyini göstərir.
Təbii ki, bu önəmli geostrateji reallıq Kremldə də nəzərə alınır. Hər halda, Rusiyanın Ukrayna savaşı üzrə sülh şərtlərinin sırasına NATO-nun Cənubi Qafqazda fəaliyyətinin dayandırılması ilə bağlı tələbi də yerləşdirilməsi qətiyyən təsadüfi deyil. Böyük ehtimalla Kreml bununla qlobal rəqiblərinə Cənubi Qafqazda Qərbin mövcudluğunu istəmədiyinin dolayısı mesajını verməyə çalışır. Halbuki, Rusiyanın artıq sıradan çıxmış keçmiş imperiya bağlantılarından başqa Cənubi Qafqaza hər hansı birbaşa aiddiyyatı yoxdur. Və üstəlik, Cənubi Qafqazı Ukrayna üzrə sülh danışıqlarının predmetinə çevirmək cəhdləri də həm absurd, həm də məntiqsizdir.

Ancaq Cənubi Qafqazda geopolitik şərtlər artıq ciddi şəkildə dəyişib və Kreml Rusiyanın bu regionda təsir mexanizmlərini bərpa etmək imkanlarını böyük ölçüdə itirib. Belə ki, ABŞ TRİPP layihəsi üzərindən Cənubi Qafqaza yerləşmək üzrədir. Böyük ehtimalla Zəngəzur dəhlizinin reallaşdırılma prosesi başladıqdan sonra Ağ Ev Ermənistanın həmin bölgəsində ABŞ hərbi kontingentini də yerləşdirəcək. Yəni, Ermənistandakı Rusiya hərbi bazası ABŞ hərbi kontingenti ilə balanslaşdırılmış olacaq. Və Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi manevr məkanı daha da daraldılacaq.
Halbuki, Rusiya üçün Cənubi Qafqaz “kabus”unun əhatə dairəsi yalnız bunlarla da məhdudlaşmır. Belə ki, son vaxtlar bu regiona nüfuzlu Qərb dövlətlərinin geopolitik, geostrateji və geoiqtisadi marağı daha da artmağa başlayıb. Belə ki, həm Azərbaycanın, həm də Ermənistanın ABŞ ilə ayrı-ayrılıqda strateji tərəfdaşlıq anlaşmaları mövcuddur. Ermənistan Rusiyanın orbitindən tamamilə qoparaq, Avropa Birliyinə üzv olmağa cəhd edir. Avropa Birliyi də məhz Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmə imkanları axtarır.
Digər tərəfdən, Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşıdır. Düzdür, Azərbaycanın bu quruma nə vaxtsa, üzvlük üçün müraciət etmək niyyəti yoxdur. Ancaq Avropa Birliyinə üzv olan bəzi nüfuzlu və aparıcı dövlətlər ilə Azərbaycanın ikitərəfli strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Yəni, rəsmi Bakı üzv olmaq barədə düşünmədiyi Avropa Birliyini daxildən fəth edir və Azərbaycanın strateji tərəfdaşına çevirir.

Maraqlıdır ki, Avropanın ən önəmli dövlətləri hazırda Cənubi Qafqaza, xüsusilə də, Azərbaycana böyük maraq göstərirlər. Belə ki, Avropa Birliyinin avanqard təmsilçilərindən olan Almaniyanın xarici işlər naziri Yoxan Vadeful Cənubi Qafqazın geostrateji keçid mərhələsində olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh vəziyyəti bütövlükdə region üçün real perspektivlər açır. Və rəsmi Berlin Cənubi Qafqaz dövlətləri ilə iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, eləcə də, təhlükəsizlik sahələrində əçəkdaşlıq etməyə hazırdır.
Göründüyü kimi, Cənubi Qafqaz hazırda qlobal səviyyədə geopolitik, geostrateji və geoiqtisadi cazibə mərkəzinə çevrilməyə başlayıb. Xüsusilə də, bu regionun şəriksiz lider dövləti olan Azərbaycana geostrateji maraq artmaqda davam edir. Belə ki, yalnız Avropanın deyil, ümumiyyətlə, dünyanın ən nüfuzlu bir neçə dövləti sırasına daxil olan Böyük Britaniya Azərbaycanla strateji tərəfdaşlıq anlaşması imzalayıb. Bütün bunlar onu göstərir ki, yalnız Cənubi Qafqaz deyil, Azərbaycan da regiondakı liderlik mövqeyi, dünyada artmaqda olan nüfuzu, geopolitik, geostrateji, eləcə də, geoiqtisadi şərtləri təyin etmə və genişmiqyaslı logistika imkanları baxımından, qlobal cazibə mərkəzlərindən birinə çevrilir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Mənbə: musavat.com