Şimali Koreya Yaponiyanı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edib

Şimali Koreya Yaponiyanı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edib

Şimali Koreya Yaponiyanın milli təhlükəsizlik strategiyasında mümkün dəyişikliklərin ölkənin nüvə silahı əldə etmək niyyətindən xəbər verdiyini iddia edib.

SİA xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Tokio fövqəladə hallarda ölkəyə nüvə silahlarının gətirilməsinə icazə verən müddəanı yenilənmiş milli təhlükəsizlik strategiyasına daxil etməyi nəzərdən keçirir.

“Yaponiyanın üç qeyri-nüvə prinsipindən istisnaları rəsmiləşdirmək niyyəti onun nüvə ambisiyalarını həyata keçirməyə hazırlaşdığını göstərir”, – agentliyin şərhində bildirilib.

KCNA iddia edir ki, Yaponiya ABŞ-ın nüvə arsenalından öz hərbi imkanlarını gücləndirmək və gələcəkdə nüvə silahı hazırlamaq üçün zəmin yaratmaq məqsədilə istifadə etməyə çalışır.

Məlumata görə, Yaponiya hökuməti ilin sonunadək qəbul edilməsi planlaşdırılan yenilənmiş milli təhlükəsizlik strategiyasında müvafiq dəyişiklikləri nəzərdən keçirir.

Bununla belə, ölkənin nüvə silahına sahib olmamağı, onu istehsal etməməyi və öz ərazisində yerləşdirməməyi nəzərdə tutan üç qeyri-nüvə prinsipinin formal olaraq qüvvədə saxlanılması planlaşdırılır.

Şimali Koreya agentliyi Yaponiyada nüvə enerjisi ilə işləyən sualtı qayıqların əldə edilməsi imkanının müzakirəsinə, hərbi xərclərin artırılması və yeni müdafiə imkanlarının inkişaf etdirilməsi planlarına da diqqət çəkib.

KCNA-nın qiymətləndirməsinə görə, Tokionun bu addımları Asiya-Sakit okean regionunda gərginliyi artıra bilər.

Agentlik Şimali Koreyanın öz müdafiə potensialını gücləndirməyə davam edəcəyini bildirib.

Mənbə: sia.az