Qırğızıstan prezidenti Sadır Japarov ölkəsinin Ukraynadakı səfiri İdris Kadirkulovu vəzifəsindən azad edib.
Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Prezidentin imzaladığı sərəncama əsasən, İdris Anarbekoviç Kadirkulov Qırğızıstanın Ukrayna, Moldova, Bolqarıstan və Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, diplomatın iqamətgahı Kiyevdə yerləşirdi.
Səfirin vəzifədən azad edilməsinin rəsmi səbəbi açıqlanmayıb. Lakin bu qərar diplomatın ailə üzvləri ilə bağlı səsləndirilən şikayətdən sonraya təsadüf edib.
Noyabrın 8-də Çuy vilayətinin Moskva rayonunda prezidentin sakinlərlə görüşü zamanı yerli sakinlərdən biri Kadirkulovun qohumlarını böyük torpaq sahələrinin qanunsuz özəlləşdirilməsində ittiham edib.
Daha sonra diplomat Qırğızıstan mediasına açıqlamasında ittihamları rədd edərək, onların yalan olduğunu bildirib.
Qeyd edək ki, Qırğızıstanın siyasi həyatında yüksək vəzifəli məmurların vətəndaşların açıq şikayətlərindən sonra vəzifədən uzaqlaşdırılması hallarına rast gəlinir. Bu cür qərarlar hakimiyyətin cəmiyyətin narazılığına reaksiya verdiyini nümayiş etdirmək məqsədi daşıya bilər.
Müəllif: Adəm
Mənbə: publika.az