ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasındakı telefon danışığı İrana qarşı hərbi zərbələrin bərpa edilib-edilməməsi mövzusu üzərində “dəhşətli qışqır-bağır”a çevrilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Independent” və “Ynet” nəşrləri öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, aralıq seçkilərdəki məğlubiyyətin əsas səbəblərindən biri kimi Yaxın Şərqdəki münaqişə göstərildikdən sonra Trampla Netanyahu arasında İrana qarşı gələcək addımlar barədə kəskin fikir ayrılığı yaranıb.
“Ynet”ə danışan mənbələr qeyd ediblər ki, İsrail lideri ABŞ Prezidentini zərbələr endirməyə təşviq etsə də, Tramp diplomatik yolun davam etdirilməsində israr edib. Müzakirə zamanı gərginliyin yüksək həddə çatdığı bildirilir.
Bundan əvvəl “Financial Times" qəzeti isə yazmışdı ki, Netanyahu münaqişəni yenidən alovlandırması üçün Trampa təzyiq göstərmək məqsədilə ona, demək olar ki, hər gün zəng edir.
Benyamin Netanyahunun ofisi yayılan məlumatları təkzib edərək telefon danışığının qarşıdurma xarakterli olmadığını bildirib. Rəsmi açıqlamada söhbətin baş tutduğu təsdiqlənsə də, bunun “heç də çətin bir müzakirə olmadığı” vurğulanıb.
Ağ Evin sözçüsü isə “Fox News” telekanalına açıqlamasında ABŞ-nin hazırda güclü mövqedə olduğunu qeyd edib: “Hörmüz boğazı bizim nəzarətimizdədir, İran iqtisadiyyatı isə çökür. Prezident açıq şəkildə bildirib ki, tarixdəki ən böyük dəniz blokadası olan “İqtisadi Təcrid” (“Economic Outcast”) əməliyyatı və yeni “Dəmir Qapı” (“Iron Gate”) əməliyyatı tam gücü ilə davam etdiriləcək. Prezident Tramp bütün təsir vasitələrini əlində saxlayır və Birləşmiş Ştatlar üçün ən yaxşı olanı edəcək”.
Xatırladaq ki, iki lider arasında daha əvvəl də gərgin dialoqlar yaşanıb. İyun ayında mühafizəkar şərhçi Miranda Devinə müsahibə verən Tramp Livanla münaqişə fonunda Netanyahuya “Bibi, buna son qoymalısan, bunu dayandırmalısan” dediyini təsdiqləmiş, lakin münasibətlərinin səmimi qaldığını vurğulamışdı.
Mənbə: qafqazinfo.az