İrəvan “rus NATO-su”ndan niyə qovulur - Rusiya “Ermənistana son zərbə” planına keçid edir

İrəvan “rus NATO-su”ndan niyə qovulur -

Ermənistanın KTMT-də səlahiyyətlərinin məhdudlaşdırılması Kremlin rəsmi İrəvana münasibətdə daha sərt təzyiq mərhələsinə keçid etmək niyyətini biruzə verir... Kreml Ermənistanın Rusiyadan qoparaq, Qərbə doğru sürətlə uzaqlaşması ilə barışmaq istəmir, iqtisadi və enerji sahələrində də sərt təzyiqlər başladılarsa, iki ölkənin münasibətləri daha dərin böhranla üzləşə bilər...

Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya ilə bağlı mövqeyi və Kremlin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində rəsmi İrəvana münasibətdə atdığı son sərt addımlar Cənubi Qafqazda geopolitik qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir. Belə ki, rəsmi İrəvan Ermənistanın Qərbə inteqrasiya prosesini mümkün qədər sürətləndirməyə çalışır. Rusiya isə bunun qarşılığında Ermənistanın KTMT ilə bağlı öhdəliklərini yerinə yetirməməsinə artıq daha sərt reaksiya verir.

Onu da qeyd etmək lazımdır ki, Kreml ilə ziddiyyətləri dərinləşdirən baş nazir Nikol Paşinyan Ermənistanın gələcək nəsillərə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində təhvil verilməsini əsas prioritet hədəflərdən biri təqdim edir. Erməni baş nazir həm də 2029-cu ilə qədər Ermənistan və Avropa Birliyi arasında viza rejiminin liberallaşdırılmasına nail olmaq niyyətini açıqlayıb. Ancaq bununla belə, o, Ermənistan üçün iqtisadi sabitlik, enerji müstəqilliyi və əldə olunmuş sülhün rəsmiləşdirilməsi kimi əsas hədəflərə çatılacağına yüz faizlik təminat verə bilməyəcəyini də açıq şəkildə etiraf edib.

Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan Ermənistanın Rusiyadan asılılığını azaltmaq və Qərbə yaxınlaşma prosesini daha da sürətləndirmək istəyir. Ancaq Paşinyan hakimiyyıti bu istiqamətdə atılan addımların Ermənistan üçün mümkün neqativ siyasi və iqtisadi nəticələrindən də ciddi şəkildə ehtiyatlanır. Bu baxımdan, Rusiya və Ermənistan arasında mövcud olan gərginliyin növbəti təzahürü məhz KTMT-nın son toplantısında müşahidə olunub. Belə ki, “Rus NATO-su”nun Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarus prezidentlərinin iştirak etdiyi toplantısında Ermənistan növbəti dəfə təmsil olunmayıb.

02d5e0ab-f31e-4989-829e-6fc7c686da7a.jpg (189 KB)

Maraqlıdır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bu barədə açıqlaması isə vəziyyəti daha da mürəkkəbləşdirib. Onun sözlərinə görə, Ermənistan bir neçə ildir ki, KTMT qarşısında götürdüyü hərbi-siyasi və maliyyə öhdəliklərinin heç birisini yerinə yetirmir. Bu səbəbindən də, Ermənistanın KTMT-də səsvermə hüququndan və qurumda məsul vəzifələrə öz nümayəndələrini rotasiya üsulu ilə təyin etmək imkanından məhrum edilməsi barədə prinsipial qərarlar qəbul olunub.

Təbii ki, Rusiyanın bu sərt addımı Kremlin rəsmi İrəvana ünvanladığı ciddi siyasi mesaj xarakteri daşıyır. Yəni, Rusiya bununla nümayiş etdirir ki, Ermənistan KTMT-nın fəaliyyətində iştirak etmədiyi halda, bu ölkənin qərarvermə mexanizmlərində əvvəlki mövqeyini qoruyub, saxlaması mümkün deyil. Bütün bunlar həm də o deməkdir ki, Rusiya və Ermənistan arasındakı ənənəvi hərbi-siyasi müttəfiqlik münasibətləri tamamilə pozulmaq üzrədir.

Əslində, Paşinyan hakimiyyəti artıq uzun müddətdən bəridir ki, Ermənistanın KTMT ilə bağlı fəaliyyətini bütün istiqamətlər üzrə faktiki olaraq, “dondurub”. Üstəlik, erməni baş nazir ölkəsinin bu təşkilat çərçivəsində fəaliyyətini nə vaxtsa, bərpa etmək niyyətində olmadığını da artıq dəfələrlə bəyanlayıb. Və bu baxımdan, hazırda KTMT daxilində Ermənistanla bağlı yaranmış vəziyyət formal fikir ayrılığından daha çox, Kreml və rəsmi İrəvan arasında dərinləşməkdə davam edən kəskin geopolitik ziddiyyətlərin nəticəsi kimi görünür.

43c69ae2-3f7f-475a-96ed-83473c9eadbf.jpg (240 KB)

Bəzi rus ekspertlərin iddialarına görə, Paşinyan hakimiyyəti Ermənistanın KTMT-dən çıxmasında maraqlı olsa da, bu barədə veriləcək qərarın siyasi məsuliyyətini birbaşa öz üzərinə götürmək istəmir. Çünki rəsmi İrəvanın siyasi bəyanatla bu təşkilatdan ayrılığı elan etməsi Rusiya ilə münasibətlərin daha da kəskinləşməsinə, Kremlin Ermənistana qarşı dərhal daha sərt iqtisadi, enerji və siyasi təzyiq mexanizmlərini işə salmasına səbəb ola bilər. Bu baxımdan, rəsmi İrəvanın əsas strategiyası Ermənistanın KTMT-də iştirakını faktiki dayandırmaq, təşkilatla münasibətləri minimuma endirmək və ayrılma prosesinin siyasi məsuliyyətini böyük ölçüdə məhz Kremlin üzərinə yükləmək cəhdlərindən ibarətdir.

Məsələ ondadır ki, belə bir ssenarinin reallaşması Paşinyan hakimiyyətinə Ermənistanın bu təşkilatdan uzaqlaşmasını rəsmi İrəvanın geopolitik seçimi kimi deyil, məhz KTMT daxilində yaranmış ziddiyyətli vəziyyətin məntiqi nəticəsi kimi təqdim etmək imkanları qazandıra bilər. Ancaq bununla belə, rəsmi İrəvanın belə yanaşma tərzinin Ermənistan üçün ciddi təhlükəsizlik riskləri yarada biləcəyi də qətiyyən istisna deyil. Çünki Rusiya ilə mövcud təhlükəsizlik əlaqələri zəiflədiyi halda, Qərbdən Ermənistan eyni səviyyədə və hüquqi təminatlarla təsbit olunmuş alternativ təhlükəsizlik zəmanətləri hələ də formalaşmayıb.

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistana qarşı təsir və təzyiq imkanları yalnız KTMT ilə məhdudlaşmır. Belə ki, bu iki ölkə arasında iqtisadi, enerji, ticarət və nəqliyyat əlaqələrinin mövcud infrastrukturu Rusiya üçün Ermənistana qarşı əlavə daha sərt təzyiq rıçaqları da yaradır. Bəzi ehtimallara görə, qarşıdurma daha da dərinləşərsə, ilk növbədə, Ermənistan iqtisadiyyatının Rusiya bazarından tamamilə asılı olduğu ixrac istiqamətləri və biznes əlaqələri daha həssas təzyiq faktoruna çevrilə bilər. Üstəlik, Kremlin gömrük, ticarət və digər inzibati mexanizmlərdən istifadə etməklə, rəsmi İrəvana siyasi təzyiqlər göstərməyə çalışa biləcəyi də qətiyyən istisna deyil.

Təbii ki, enerji sektoru da Rusiyanın əlində Ermənistana qarşı potensial təsir və təzyiq vasitələrindən biri hesab olunur. Çünki təbii qaz təchizatı, elektrik enerjisi və nüvə energetikası sahəsində Rusiya ilə mövcud əməkdaşlıq Ermənistanın enerji təhlükəsizliyi baxımından, xüsusilə böyük əhəmiyyət daşıyır. Ona görə də, Rusiya ilə münasibətlərin daha da gərginləşməsi Ermənistan üçün bu sahələr üzrə əlavə ciddi problemlər yarana bilər.

4569c11b-7918-4cf8-8721-38c595d3f9c5.jpg (205 KB)

Eyni zamanda, Kremlin siyasi-diplomatik təzyiqləri gücləndirməklə, Ermənistanın Qərbə inteqrasiya kursunun nəticələrini şübhə altına almağa çalışa biləcəyi də qətiyyən istisna deyil. Bununla belə, Rusiyanın həddindən artıq sərt təzyiq siyasəti əks nəticə də doğura, yəni, Ermənistanın Qərblə yaxınlaşma prosesini daha da sürətləndirə bilər. Və ona görə də, Kremlin həm təzyiq, həm də siyasi manevr imkanlarını qorumağa çalışacağı ilə bağlı ehtimal hazırda daha real variant kimi görünür.

Əslində, Ermənistan ətrafında baş verən proseslər yalnız Kreml-rəsmi İrəvan münasibətlərində yaşanan ciddi siyasi böhranla da məhdudlaşmır. Çünki bütün bunlar həm də ABŞ və Avropa Birliyinin Cənubi Qafqazda mövqelərini genişləndirmək cəhdləri ilə Rusiyanın ənənəvi regional təsir imkanlarını qorumaq strategiyasının kəskin şəkildə toqquşmasının nəticəsidir. Bu baxımdan, baş nazir Nikol Paşinyanın 2029-cu ilə qədər Avropa Birliyi ilə viza rejiminin liberallaşdırılma hədəfi də Ermənistanın Qərbə inteqrasiya istiqamətindəki siyasi niyyətlərini daha qabarıq şəkildə nümayiş etdirir. Halbuki, Avropa Birliyi ilə viza rejiminin liberallaşdırılması Ermənistanın təhlükəsizlik problemlərinin həlli və ya həmin quruma üzvlük anlamı daşımır.

Göründüyü kimi, Ermənistanın KTMT-də səlahiyyətlərinin məhdudlaşdırılması Kremlin rəsmi İrəvana münasibətdə daha sərt təzyiq mərhələsinə keçid niyyətini də biruzə verir. Belə ki, Kreml Ermənistanın Rusiyadan qoparaq, Qərbə doğru sürətlə uzaqlaşmasını asanlıqla qəbul etmək niyyətində deyil. Bu baxımdan, əgər, KTMT-də tətbiq olunan məhdudiyyətlər iqtisadi və enerji sahələrində əlavə sərt təzyiqlərlə də müşayiət olunarsa, onda, Ermənistan-Rusiya münasibətləri indikindən daha dərin böhranla üzləşə bilər. Və belə bir ssenaridə isə Cənubi Qafqazda geopolitik rəqabətin daha da kəskinləşərək, regionun gələcək təhlükəsizlik arxitekturasına ciddi təsir göstərə biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Mənbə: musavat.com