Trampın 1,5 trilyon dollarlıq planı təhlükədə: ABŞ bu qırıcıları ala bilməyəcək?

Trampın 1,5 trilyon dollarlıq planı təhlükədə: ABŞ bu qırıcıları ala bilməyəcək?

Donald Tramp administrasiyasının ABŞ-ın müdafiə xərclərini 2027-ci maliyyə ilində 1,5 trilyon dollara çatdırmaqla bağlı iddialı təklifi getdikcə artan müqavimətlə üzləşir. Bu səbəbdən Pentaqonun planlaşdırılan silah tədarükü və hərbi modernləşdirmə proqramlarını əhəmiyyətli dərəcədə ixtisar etməli olacağı ehtimal edilir.

“Military Watch Magazine” nəşrinin yazdığına görə, yeni maliyyələşmənin təsdiqlənməsi üçün nəzərdə tutulan müddət dekabrın 11-də başa çatır. Bu səbəbdən analitiklər müdafiə xərcləri ilə bağlı daha mühafizəkar ssenarilər irəli sürməyə başlayıblar.

Nəşrin məlumatına görə, risk altında olan proqramlar sırasına F-35 qırıcılarının alınması, altıncı nəsil F-47 qırıcı təyyarəsinin hazırlanması, raket əleyhinə müdafiə sistemləri və strateji əhəmiyyətli sursatların tədarükü daxildir.

Strateji və Büdcə Qiymətləndirmələri Mərkəzi (CSBA) 85 ədəd F-35 qırıcısının alınmasının davam etdirilməsində israr edir. Amerika Sahibkarlıq İnstitutunun analitikləri isə Hərbi Hava Qüvvələri üçün F-35A və Hərbi Dəniz Qüvvələri üçün F-35C qırıcılarının alış həcminin azaldılmasını təklif edirlər.

F-47 qırıcı proqramının gələcəyi də qeyri-müəyyən olaraq qalır. Amerika Sahibkarlıq İnstitutu proqramın təxirə salınmasını və ya tamamilə ləğv edilməsini təklif edir. Nəşrin qiymətləndirməsinə görə, belə bir qərar, xüsusilə Şərqi Asiyada, havada qüvvələr balansına ciddi təsir göstərə bilər.

Müəllif: Valeh

Mənbə: publika.az