Bir müddət əvvəl səhhətində problem yaranan Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev süni tənəffüs aparatına qoşulub.
“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, onun vəziyyətində hələlik müsbət irəliləyiş müşahidə olunmur.
Hazırda Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilən Ehtiram Əliyevin vəziyyəti kritik stabil olaraq qiymətləndirilir.
Bununla yanaşı, son günlər onun səhhətində tədricən pisləşmə müşahidə olunur. Qanda oksigen saturasiyası 80 faizə qədər enib.
Analizlər götürülsə də, Milli Qəhrəmanın dəqiq diaqnozu hələ müəyyən edilməyib.
Xatırladaq ki, Ehtiram Əliyev oktyabrın 18-də “Yeni Klinika”nın Reanimasiya şöbəsinə yerləşdirilib. Orada ona xroniki ürək çatışmazlığı, ağciyər ödemi və anemiya diaqnozları qoyulub. Daha sonra müalicəsi həmin xəstəxananın Terapiya şöbəsində davam etdirilib.
Lakin vəziyyətinin daha da pisləşməsi, kəskin çəki itirməsi və davamlı qanaxması səbəbindən noyabrın əvvəlində müalicəsini davam etdirmək üçün Milli Onkologiya Mərkəzinə köçürülüb.
Qeyd edək ki, E.Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlib. O, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısıdır.
Mənbə: qafqazinfo.az