Xameneinin “vurun” əmrindəki hədəflər bilindi – Dünya müharibəsi xəbərdarlığı

Xameneinin “vurun” əmrindəki hədəflər bilindi –

İranın Ali rəhbəri Müctəba Xameneinin orduya hər hansı hücuma cavab atəşi ilə reaksiya vermək tapşırığı müzakirələrə səbəb olub. Bu dəfə hədəfin yalnız Yaxın Şərqdəki ABŞ bazaları olmayacağı bildirilir. ABŞ-ın Avropadakı hərbi bazlarının da vurulacağı barədə xəbərdarlıqlar səsləndirilir.

Siyasi şərhçi Bakir Həsənbəyli deyib ki, Xameneinin generallara “coğrafi məhdudiyyət olmadan dərhal və effektiv cavab verilsin” deyərək verdiyi tapşırıq ABŞ və İsrail tərəfindən gözlənilən potensial hərbi hücumlara qarşı çəkindirici və cavab xarakterli strateji gedişdir:

“Tehranın bu əmrlə birlikdə Avropa ölkələrini hədəfə almasının əsas məqsədləri və konteksti var. Belə ki, İran rəsmiləri Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliya kimi Avropa ölkələrini ABŞ qırıcılarına öz hərbi bazalarını açmaqda ittiham ediblər. Bu əmr və hədələr, Avropa ölkələrinin İrana qarşı hərbi əməliyyatlarda iştirak etməsinin və öz ərazilərini ABŞ-a təqdim etməsinin qarşısını almaq məqsədi daşıyır. Yeni doktrinaya əsasən İran bəyan edir ki, əgər ABŞ və ya İsrail ona hücum edərsə, müharibə yalnız Yaxın Şərqlə məhdudlaşmayacaq. Beləliklə, Avropadakı ABŞ hərbi obyektləri və strateji infrastrukturlar birbaşa hədəf dairəsinə daxil edilərək Qərbə təzyiq göstərilir.

İran mətbuatı Avropa xəritəsində Britaniya, Fransa və Almaniyadakı hədəfləri qırmızı rənglə işarələyərək Qərb ictimaiyyətində və hökumətlərində müharibə qorxusu yaratmağa və onları Vaşinqtonun hərbi planlarından uzaqlaşdırmağa çalışır. Bu əmr və təhdidlərin məqsədi mümkün bir müharibə vəziyyətində Avropanı neytrallaşdırmaq, ABŞ-ın regional fəaliyyətini iflic etmək və İrana qarşı koordinasiyalı qlobal hücum xəttinin yaranmasının qarşısını almaqdır. İran rəhbərliyi ABŞ və İsrailə mesaj verir ki, ölkə ərazisinə ediləcək hər hansı ciddi hücum yalnız Yaxın Şərqlə məhdudlaşmayacaq. İran rəsmilərinin əsas məqsədi danışıqlarda mövqe gücləndirməkdir. Tehran bu cür kəskin bəyanatlarla ABŞ və vasitəçilərlə aparılan pərdəarxası danışıqlarda sanksiyaların yumşaldılması üçün təzyiq rıçaqı qazanmağa çalışır”.

bakir hesenbeyli
Bakir Həsənbəyli

Siyasi şərhçi bildirib ki, İranın birbaşa Avropa ölkələrinin şəhərlərini və ya mülki infrastrukturunu vurması real görünmür:

“Lakin İran mediası və rəsmiləri qeyd edir ki, hədəf Avropada yerləşən ABŞ və NATO hərbi bazalarıdır. İranın uzaqmənzilli ballistik raketləri və kamikadze pilotsuz uçuş aparatları Avropanın cənub və şərq hissələrindəki hərbi obyektlərə çata biləcək mənzilə malikdir. Lakin belə bir addımın hansı nəticələri ola bilər? Avropa torpaqlarında hər hansı bir NATO bazasına və ya üzv ölkəyə birbaşa zərbə endirilməsi Alyansın kollektiv müdafiə paktının aktivləşməsinə səbəb olar. Bu isə bütün NATO blokunun, başda ABŞ olmaqla İrana qarşı rəsmən müharibəyə girməsi deməkdir. Münaqişənin Yaxın Şərq sərhədlərini aşaraq Avropaya sıçraması regional gərginliyi Üçüncü Dünya müharibəsi səviyyəsinə qaldıra bilər.

Hazırda Avropa İttifaqı daxilində Tehran üçün müəyyən diplomatik kanallar açıq qalsa da, belə bir hücum reallaşarsa, İran Avropa tərəfindən tamamilə blokadaya alınar və ən ağır sanksiyalarla üzləşər. Müctəba Xameneinin bu əmri real hərbi hücum planından daha çox, ABŞ və müttəfiqlərinə qarşı yönəlmiş strateji psixoloji təzyiq və siyasi blef xarakteri daşıyır. Rəsmi Tehran müharibənin miqyasının böyüməsinin həm özü, həm də dünya üçün fəlakətli olacağını bildiyindən, riskləri maksimum dərəcəyə qaldıraraq düşmənlərini geri addım atmağa məcbur etmək istəyir”.

Turan Rzayev

Mənbə: globalinfo.az