Fransada etirazlar səngiməyəcək: Makronun rəqibləri nə vəd edirlər?

Fransada etirazlar səngiməyəcək: Makronun rəqibləri nə vəd edirlər?

Fransada kütləvi etirazların yaxın zamanda səngiyəcəyi gözlənilmir. Təhsil sahəsindəki problemlər, sosial xərclərin azaldılması, siyasi qarşıdurma və qarşıdan gələn prezident seçkiləri ölkədəki gərginliyi daha da artırır.

Publika.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu Fransada davam edən etirazları şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, Fransadakı iğtişaşlar bir neçə səbəblə bağlıdır. İlk etirazlara Paris ətrafındakı məktəblərin şagirdləri başlayıb. Onlar təhsil müəssisələrindəki şəraitdən narazılıqlarını ifadə ediblər. Daha sonra aksiyalara tələbələr və həmkarlar ittifaqları da qoşulub. Eyni zamanda, yaranmış vəziyyətdən istifadə edən təxribatçılar mağazaları yağmalamağa başlayıblar.

Şahinoğlu qeyd edib ki, etirazların genişlənməsinin digər mühüm səbəblərindən biri də gələn ilin aprelində Fransada keçiriləcək prezident seçkiləridir. Emmanuel Makron Konstitusiyaya görə üçüncü dəfə prezidentliyə namizəd ola bilməyəcək. Bu isə ölkədə ciddi siyasi mübarizənin gözlənildiyini göstərir.

Politoloq hesab edir ki, seçkilərdə mübarizə aparacaq siyasi qüvvələr mövcud etirazlardan öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar. O bildirib ki, sağ-mühafizəkar Milli Birlik partiyasının lideri Marin Le Pen hakimiyyətə gələcəyi təqdirdə ölkədə qayda-qanun yaradacağını vəd edir. Solçu qüvvələrin lideri Jan-Lük Melanşon isə əksinə, sosial xərclərin artırılmasını və həmkarlar ittifaqlarının tələblərinin yerinə yetirilməsini vacib sayır.

Ekspertin fikrincə, bütün bunlar Fransadakı etirazların yalnız sosial narazılıqlarla məhdudlaşmadığını, həm də ölkədəki siyasi proseslərlə sıx bağlı olduğunu göstərir.

Şahinoğlu vurğulayıb ki, hələlik etirazların miqyasını azaltmağa imkan verəcək ciddi addımlar atılmır. Əksinə, hər həftəsonu yeni etiraz çağırışları səsləndirilir.

Politoloq əlavə edib ki, şagird və tələbələrin təhsil şəraiti ilə bağlı narazılıqları, hökumətin sosial xərcləri azaltması, eyni zamanda hərbi xərcləri artırması kimi məsələlər ümumi narazılığın dərinləşməsinə səbəb olur. Bu amillər bir araya gəldikdə Fransada etirazların yaxın vaxtlarda səngiyəcəyini söyləmək çətindir.

Müəllif: Adəm Abbaslı

Mənbə: publika.az