"Qafqazda bu əməliyyatları yalnız Azərbaycan bacarır" – Nazir müavinindən mühüm açıqlama

"Qafqazda bu əməliyyatları yalnız Azərbaycan bacarır" – Nazir müavinindən mühüm açıqlama

"Azərbaycanda transplantasiya sahəsində son illər mühüm irəliləyişlər əldə olunub. Ölkəmizdə ötən əsrin 70-ci illərindən həyata keçirilməyə başlanan transplantasiya əməliyyatları uzun inkişaf yolu keçib. 2025-ci ildən isə meyit donorlardan orqan transplantasiyasına başlanılması və ilk ürək transplantasiyasının həyata keçirilməsi bu sahədə yeni mərhələnin əsasını qoyub".

Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov "Transplant 360° - Diaqnostikadan Tranplantasiyaya" adlı elmi-praktiki konfransda deyib. Nazir müavini transplantasiya sahəsində ölkəmizin qazandığı təcrübədən danışarkən qeyd edib ki, Azərbaycanda transplantasiya sahəsində müəyyən dövr fasilə olsa da, son 20 ilə yaxın müddətdə bu istiqamətdə böyük təcrübə qazanılıb və mühüm işlər görülüb. Lakin ötən ilədək həyata keçirilən transplantasiya əməliyyatları yalnız canlı donorlardan aparılırdı.

Nazir müavini qeyd edib ki, meyit donorlardan orqan transplantasiyasına başlanılması üçün bir neçə il ərzində ciddi hazırlıq işləri görülüb, müvafiq normativ sənədlər hazırlanıb. Bu prosesdə əsas çətinliklərdən biri beyin ölümü diaqnozunun qoyulması, onun həkimlər, xüsusilə reanimatoloqlar tərəfindən düzgün müəyyənləşdirilməsi və rəsmiləşdirilməsi olub.

Nadir Zeynalov digər mühüm məsələnin əhalinin psixoloji hazırlığı ilə bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, vətəndaşların və ailələrin meyit donordan orqan bağışlanmasına hazır olması, bu prosesə razılıq verməsi xüsusi həssaslıq tələb edən məsələlərdəndir.

Nazir müavini bildirib ki, görülən hazırlıq işləri nəticəsində 2025-ci ilin fevral ayında Azərbaycanda ilk dəfə meyit donordan orqan transplantasiyası həyata keçirilib. Bundan sonra daha bir neçə belə əməliyyat aparılıb. Həmin ilin oktyabr ayında isə ölkəmizdə ilk ürək transplantasiyası reallaşdırılıb.

O vurğulayıb ki, hər iki yenilik təkcə Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz regionu üçün əhəmiyyətli hadisədir:

“Qafqazda bu əməliyyatları həyata keçirən ilk və bu günə qədər də yeganə ölkə Azərbaycandır. Əminəm ki, gələcək illərdə də bu sahədə liderliyimizi qoruyub saxlayacağıq”.

Nadir Zeynalov transplantasiya sisteminin inkişafının müxtəlif qurumların birgə fəaliyyətini tələb etdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, transplantasiya pasiyentinin müalicəsində olduğu kimi, bütövlükdə transplantasiya sisteminin qurulmasında da multidissiplinar və koordinasiyalı yanaşma vacibdir.

Nazir müavini qeyd edib ki, əldə olunan nailiyyətlərə baxmayaraq, qarşıda görüləsi işlər hələ çoxdur. Bu istiqamətdə texnoloji təminatın yaxşılaşdırılması, əməliyyat texnikalarının təkmilləşdirilməsi, kadr hazırlığı, maliyyə resurslarının ayrılması və etik məsələlərin həlli xüsusi əhəmiyyət daşıyır.

O əlavə edib ki, donor və resipiyentlərlə bağlı məsələlər də son dərəcə həssas və vacibdir. Bu istiqamətdə artıq milli təcrübə formalaşsa da, beynəlxalq təcrübə fəal şəkildə öyrənilir və ölkəmizdə tətbiqinə çalışılır.


Xalidə Gəray
Foto və video müəllifindir
Musavat.com

Mənbə: musavat.com