Gün gələcək, bu gün çox-çox adi dolanan, dünyaya, cahana, insana, gələcəyə inanan serbiyalı tələbələr yaşlanacaqlar və tələbəlik illəri yada düşəndə ürəklərinin telləri sızlayacaq, görüşəndə bir-birinə deyəcəklər, yadınızdadırmı o vaxt Vuçiçə necə qalib gəldik, möhtəşəm günlər idi.
İndilikdə isə onlar eyforiyadadırlar, arxasında nəhəng Rusiya, bəstəboy Putin dayanan odioz liderə qalib gəlib, parlament üzvü seçiliblər, hökumət quracaqlar, Serbiyanı idarə edəcəklər.
Təki tələbəlik illəri yada düşəndə onların vicdanı yox, ürəklərinin telləri sızlasın, amma tarixi təcrübə deyir ki, çətin olacaq, dövlət idarə etmək tələbə-mələbə işi deyil. Hələ kiçik bir ailəni idarə etməmiş gənclər o boyda ölkəni, dövləti, nazirlikləri, komitələri necə idarə edəcəklər?
Düzdür, son yüz ildə bir xeyli ölkədə uzun illərin diktatorları, avtoritar rejim yiyələri məhz tələbələrin fəallığı ilə devrilib, amma heç də hamısında hakimiyyətə birbaşa tələbələr gəlməyiblər. Yüksək dövlət vəzifələrinə əsasən onları firitləyib meydanlara çıxaranlar gəliblər, tələbələrə də müəyyən vəzifələr, postlar veriblər ki, təcrübə toplasınlar.
Məsələn, o vaxt İranda imam Xomeyni tələbə hərəkatının gücüylə hakimiyyətə gəldi. Şahı devirən tələbələr ABŞ-nin İrandakı səfirliyini ilyarım girovluqda saxladılar. Sonradan onların arasından prezident, nazir, ordu generalları çıxdı.
Bu yerdə Əfqanıstandakı “Taliban”ı xatırlamamaq olarmı? Əfqan tələbələr də o vaxt siyasətə atıldılar, dağlarda döyüşdülər, “Tora-Bora” mağaralarında yaşadılar, bütün rəqiblərini sıradan çıxardılar, axırda hakimiyyətə gəldilər. Arada ABŞ düz 20 il onları dağda-daşda gizlənməyə vadar etdi, gənc tələbələr yaşlandı, amma pəs etmədilər, 3-4 ildir təzədən hakimiyyətə gəliblər və Asiyada nümunəvi dövlət qurmaqla məşğuldurlar.
Hazırda Fransada gedən inqilabi, üsyanvari hadisələrdə də tələbələr fəaldırlar. Onların dədə-babaları da ötən əsrin 60-cı illərində farağat durmayıblar, Şarl de Qoll kimi avtoritetli kişini alaşalvar ediblər. Yazıq görüb ki, çox böhudə (bihudə) gəncliklə üzbəüzdür, vəzifəsindən yarımçıq çəkilib. İndiki fransız tələbələrin əlinə də, rəhmətlik Elçibəy demişkən, bir fağır prezident (Makron) düşüb, sağdan da vururlar, soldan da.
Yeri getməmişkən, deyim ki, o vaxt elə Elçibəyin də ətrafında bir xeyli tələbə vardı və bəy onlara yüksək dövlət vəzifələri vermişdi.
Açığı, xalqın mühüm bir hissəsi Elçibəyin kadr siyasətindəki gəncləşdirmə haqq-hesabından məmnun deyildi. Bunlar komsomol, partiya məktəbi, sovet iyerarxiyası görmüş adamlar idi, oturub-durub deyirdilər ki, 27 yaşlı gənc üç ayrı-ayrı güc nazirliyinə rəhbərlik edən generallara kuratorluq edə bilməz. “Leytenant generala necə rəhbərlik edə bilər, özünüz fikirləşin”, - deyirdilər.
Dünənki tələbənin, 28 yaşlı gəncin dövlətin əsas icra aparatının rəhbəri olmasını həzm edə bilməyənlər də çox idi, deyirdilər, düzdür, o cavan oğlan savadlıdır, yaxşı natiqliyi var, amma idarəetmə təcrübəsi yoxdur, indiyədək 5 nəfərlik kollektivə başçılıq etməyib.
Tərs kimi, Elçibəyin tələbələri də özlərindən böyük aspirantlarla, indiki terminlərlə desək, fəlsəfə doktorları ilə öcəşirdilər, fikirləşirdilər k, yaşları 30 olmamış hakimiyyəti tamamilə götürsünlər.
Təndir çörəyinin bir öynəlik hissəsini doğrayıb-tökərək and içən adamlar xatırlayıram, deyirdilər, bunların hakimiyyəti iki il davam etməyəcək. Bu xüsusda bir simsar adamla çox höcətləşirdik. O vaxt mənim də dünyaya, cahana, gələcəyə inanan vaxtım idi, deyirdim, sovet dövrünün kadr siyasətini, nomenklaturasını gördük də, müti idilər, idarə edə bilmədilər.
Adam məndən 7-8 yaş böyük idi, xalq təsərrüfatında aşağı ranqlı vəzifələrdə işləmişliyi də vardı. Bir gün may ayında baş verən növbəti mübahisəmiz zamanı o, tələbələrin hakimiyyətinə 6 ay vaxt qoydu, dedi, o müddəti keçsələr, gəl, tüpür üzümə. O düşünürdü ki, payızda keçirilən seçkilərdə gənc hakimiyyət lazımi qədər səs almayacaq. Düz 11 gün çəkdi, Surət qaralar və qırmızılarla başladı və iki sarsaq gedişlə qalib gələrək dövlət çevrilişi etdi. İşə baxın ki, mübahisə tərəf-müqabilim mənə “gördüüün, mən deyən oldu” demədi, dedi, ta heç zad, gül kimi hakimiyyəti verdilər bir geydirmə polkovnikə.
Ondan sonra ölkədə tələbələrin qruplaşması, fəallaşması, hakimiyyət və müxalifət partiyalarının nəzdində mütəşəkkiləşməsi halları çox oldu. “Dalğa”lar, “Nida”lar, “İrəli”lər gördük, amma siyasi qüvvə olub ortaya çıxa, kütlələrin avanqardına çevrilə bilmədilər. Hərçənd özünə karyera quranlar oldu. Məsələn, hazırkı İH başçılarının, universitet rektorlarının, xidmət rəhbərlərinin bəziləri keçmişdə fəallıq etmiş tələbələrdir. Onlardan türmədə olanlar da var və qapılarının hökumət tərəfindən (Allah-təala çoxdandır bu işlərə baxmır) açılacağını gözləyirlər.
Görək, serb tələbələrin haqq-hesabı necə olacaq. Yaxşı olar ki, onlar bir-birinə “yadınızdadır, o vaxt Vuçiçə necə qalib gəldik” deyəndə biri böyürdən çıxıb onlara “qalib gəldiniz də, nə şor yediniz” deməsin.
**
Dünya köhnə dünyadır, tələbləri və tələbələri təzədir.
Samir SARI
Mənbə: musavat.com