Putinin əsas niyyəti masada – "NATO 29 il öncəyə qayıtsın!"

Putinin əsas niyyəti masada – "NATO 29 il öncəyə qayıtsın!"

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlardan istifadə edərək NATO-nun Avropadakı hərbi mövcudluğunun ciddi şəkildə azaldılmasına nail olmaq istədiyi bildirilir.

Musavat.com xəbər verir ki, Britaniyanın "The Telegraph" nəşri diplomatik mənbələrə istinadən Kremlin NATO-nun hərbi mövcudluğunu 1997-ci ildən əvvəlki səviyyəyə qaytarmağa çalışdığını yazıb.

Bu, NATO qüvvələrinin Polşa, Baltikyanı ölkələr və Finlandiyadan çıxarılması tələbinin irəli sürülməsi anlamına gəlir.

Nəşrin məlumatına görə, Moskvanın Ukrayna ilə bağlı danışıqlarda Avropa dövlətlərinin iştirakında israr etməsinin əsas səbəblərindən biri də budur.

Diplomatik mənbələr bildirir ki, Putin Ukraynada müharibənin dayandırılması ilə bağlı müzakirələri bütövlükdə Avropanın təhlükəsizlik sisteminə yenidən baxılması üzrə danışıqlara çevirmək istəyir.

Bildirilir ki, bu məsələ Putinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Sankt-Peterburqda keçirdiyi üç saatlıq görüşdə də müzakirə olunub.
Avropa dövlətləri isə əvvəllər Kremlin NATO-nun şərq cinahında hərbi mövcudluğun azaldılması ilə bağlı tələblərini rədd ediblər.

Qeyd edək ki, 1997-ci ildə NATO-nun Şərqi Avropaya genişlənməsi hələ baş verməmişdi. Polşa, Çexiya və Macarıstan 1999-cu ildə, Baltikyanı ölkələr 2004-cü ildə, Finlandiya isə 2023-cü ildə Alyansa qoşulub.

Mənbə: musavat.com