Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi

Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən azad edildiyini açıqlayıb.

Publika.az Globalinfo.az-a istinadən xəbər verir ki, o bu barədə jurnalistlə telefon danışığında bildirib.

“Bəli. Biz vəzifələrlə mövcud deyilik. Cənab prezidentimiz məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – Saral deyib.

Azərbaycanla bağlı açıqlamalarına görə vəzifədən azad edilib-edilmədiyi barədə suala isə Saral “Bəli, elə görünür” cavabını verib.

O, fikirlərini belə tamamlayıb:

“Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan cənab prezidentimizin uğurudur”.

***

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın sabah istefa verməsi gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Günebakış” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Saralın bazar ertəsi günü istefasını açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Oktay Saral Türkiyədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının aparıcı simalarından biridir.

Yeni Azərbaycan Partiyası (YAP) oktyabrın 13-də Saralın və hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin Azərbaycanın konstitusion quruluşunu və ölkəmizdə dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan populist və məsuliyyətsiz açıqlamalarına münasibət bildirib.

YAP-dan qeyd edilib ki, son dövrlərdə Azərbaycana qarşı yönəlmiş informasiya kampaniyasının daha aqressiv, sistemli və açıq böhtan xarakteri alması, xüsusilə də Türkiyə Prezidentinin baş müşaviri statusunu daşıyan şəxsin, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin belə bir kampaniyaya qoşulması məsələyə açıq münasibət bildirməyi zəruri edir və sözügedən açıqlamalar təəssüf doğurur.

“Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, xüsusilə də yüksək dövlət vəzifələri daşıyan şəxslər açıqlamalarında siyasi məsuliyyət nümayiş etdirməli, Azərbaycan Respublikasının suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmalıdırlar.

Ümid edirik ki, Türkiyənin müvafiq siyasi dairələri bu cür məsuliyyətsiz açıqlamalardan düzgün nəticə çıxaracaq, Azərbaycan–Türkiyə münasibətlərinə zərər verə biləcək addımlardan çəkinəcəklər", - deyə əlavə edilib. (Trend)

Mənbə: publika.az