Putin İttifaqından çıxmaq Ermənistan üçün nəyə başa gələcək? – Moskva dəhşətli hesabat yaydı

Putin İttifaqından çıxmaq Ermənistan üçün nəyə başa gələcək? – Moskva dəhşətli hesabat yaydı

Rusiyanın Avrasiya Reytinq Agentliyi Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması halında üzləşəcəyi nəticələrə dair hesablama aparıb.

TASS-a istinadən xəbər verilir ki, agentlik birlikdən çıxmağın iqtisadi nəticələri Ermənistan üçün fəlakətli olacağını, itkilərin ÜDM-in 40 faizinə çatacağını iddiar edir: "Ekspert qiymətləndirmələri Ermənistanın AİB-dən mümkün çıxmasının fəlakətli iqtisadi nəticələrinə işarə edir. Ekspert qiymətləndirmələrinə görə, nəzəri olaraq birlikdən çıxmaq ölkəyə ÜDM-in 40 faizinə qədər itkiyə başa gələ bilər".

Əsas risklərə AİB bazarlarına güzəştli çıxışın, əmək miqrasiyası üstünlüklərinin itirilməsi, vahid texniki qaydaların və sanitar və fitosanitar tədbirlərin ləğvi, eləcə də enerji qiymətlərinin qlobal səviyyəyə qalxması və Rusiyadan pul köçürmələrinin azalması daxildir.

Qeyd edək ki, 1 gün əvvəl Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan “ekspert” komissiyasının başqa bir araşdırması açıqlanıb. Həmin araşdırmaya görə, ölkənin AİB-ə üzvlüyü dayandırılarsa, Ermənistanın ÜDM-i 15,6 azala, qaz qiymətləri isə 69 faiz arta bilər. Bu hesablamalar, birliyin dörd üzv dövlətinin birgə hesabatında yer alır. “Birgə” rəyi Rusiya hökumətinin mətbuat xidməti açıqlayıb.

Hesablamaya görə, Ermənistanın AİB-dəki üzvlüyü dayandırılarsa, qaz qiymətləri hazırkı min kubmetr üçün 177,5 dollardan 300 dollara qədər arta bilər. Nətiocədə hazırkı təchizat həcmləri ilə Ermənistan qaz idxalına ildə 389 milyon dollar əvəzinə 657,5 milyon dollar xərcləyəcək - bu da 268,5 milyon dollar artım deməkdir.
Hesabat müəlliflərinin proqnozlarına görə, ölkənin ÜDM-i 15,6 faiz, istehlak 14,6 faiz azala, inflyasiya isə 14,9 faiz bəndi arta bilər. Bundan əlavə, AİB ölkələri ilə ümumi ticarət dövriyyəsinin 55,6 faiz azalacağı təxmin edilir. Ermənistanda istehsal olunan malların ixracı 30-50 faiz, təkrar ixrac isə, yəni əvvəllər idxal edilən məhsulların təkrar satışı isə 90 faizdən çox azala bilər.

Hesabatda deyilir ki, digər AİB ölkələrində işləyən Ermənistan vətəndaşları Birlik Müqaviləsində nəzərdə tutulan xüsusi iş şəraitini itirəcəklər.

Avrasiya İqtisadi Komissiyasının məlumatına görə, 2025-ci ildə 126.900 Ermənistan vətəndaşı digər AİB ölkələrində işləyib. Müəlliflər AİB-dən ölkəyə pul köçürmələrinin 3,95 milyard dollardan 1,85 milyard dollara qədər azalacağını proqnozlaşdırırlar.

Mənbə: musavat.com