Ermənistan əsgərimizi niyə qaytarmır?

Ermənistan əsgərimizi niyə qaytarmır?

Sentyabrın 26-da azərbaycanlı hərbi qulluqçu Nəsimi Musayev özbaşına xidmət yerini tərk edib. Bakı dərhal Ermənistanı məlumatlandırsa da, İrəvan yaxınlıqda olan Aİ müşahidəçilərindən bu məlumatı gizlədib.
Joxovurd': Ermənistana keçən Azərbaycan hərbçisi heç kimə zərər vermək  niyyətində olmadığını bildirib | Qaynarinfo.az

“Minval Politika”nın məlumatına görə,Ermənistan tərəfi hadisəni səhnələşdirməyə hazırlaşırmış. Hərbçinin bir qadınla qarşıdurması barədə ziddiyyətli versiyalar da məhz buradan qaynaqlanır: atəş açılması, bıçaq xəsarəti, özünümüdafiə, uşaqların qorunması. Ehtimal olunan məqsəd hərbi qulluqçunu Bakıda saxlanılan ermənilərlə dəyişdirmək olub. Paşinyan kobud səhvə yol verib. Azərbaycanla Ermənistan arasında hərbi qulluqçuların yolu azaraq sərhədi keçdikləri halda geri qaytarılmasını nəzərdə tutan qeyri-rəsmi razılaşma mövcuddur. Belə hallar dəfələrlə baş verib. Ermənistan hərbçiləri Azərbaycan tərəfinə keçiblər və Bakı onları ictimailəşdirmədən geri qaytarıb. İndi isə İrəvan əvvəlki humanist münasibətə bel bağlamamalıdır. Bundan sonra Azərbaycan istiqamətində sərhədi keçən hər bir erməni hərbi qulluqçusu məhkəmə qarşısına çıxarılacaq. Redaksiyanın məlumatına görə, yaz aylarında Kəlbəcər istiqamətində erməni hərbçiləri Azərbaycanı ittiham etmək məqsədilə Avropa müşahidəçilərinə atəş açıblar. Hər iki halda Brüssel həqiqəti İrəvandan deyil, Bakıdan öyrənib. İndi qoy Brüssellə İrəvanın “ayrılmaz dostları” özləri aydınlaşdırsınlar: kim kimi aldadıb”, deyə redaksiyanın rəyində bildirilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a şərhində bildirib ki, 44 günlük Vətən müharibəsindən, xüsusilə Antitteror əməliyyatından sonra Azərbaycanla Ermənistan arasında vasitəçilər olmadan birbaşa əlaqə yaranıb. Deputatın sözlərinə görə, istənilən məsələ müvafiq orqanlar tərəfindən müzakirə edilir: “Ötən 6 il ərzində hər iki tərəfdən təsadüfən qonşu dövlətin ərazisinə keçən həm hərbi qulluqçular, həm də mülki şəxslər danışıq aparılaraq dərhal geri qaytarılıb. Lakin Nəsimi Musayev məsələsində xüsusi bir hazırlıq görüldüyü hiss edilirdi, onun guya ailəyə zorakılıq törətməsi fonunda siyasi şou yaradılırdı. Ancaq ziddiyyətli xəbərlər, o cümlədən erməni mətbuatından oxuduğumuz məlumatlar bir çox qaranlıq məqamın olduğunu göstərirdi. Təsadüfi deyil ki, Nəsimi Musayevin Ermənistan ərazisində olduğu məlum olandan sonra Azərbaycanda hərbi cinayətlərə görə məhkum edilmiş erməni əsilli şəxslərin dəyişdirilməsi barədə fikirlər səslənməyə başlandı. Sanki Ermənistan belə bir fürsət axtarırdı, yaxud özü təşkil edirdi ki, sonradan guya Azərbaycanın Ermənistan ərazisində saxlanmış bir əsgərimizlə, yaxud hərbi qulluqçusu ilə dəyişdirilmir. Bunlar fərqli məsələlərdir. Cinayət törətmiş şəxslər öz cəzasını çəkməlidirlər və bu məsələdə hər hansı dəyişmə söhbəti ola bilməz. Onların üzərində ikinci Nürnberq prosesi qurulub, onlar Azərbaycan ərazisində törətdikləri çoxsaylı qanlı cinayətlərə görə öz cəzalarını çəkirlər”.


Aydın Mirzəzadə: 15 iyun günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb -  "İki sahil"

Deputat vurğulayıb ki, dünya praktikasında hərbi qulluqçunun təsadüfən qonşu əraziyə keçməsi halları çox olur: “İndiyə qədər dəfələrlə Azərbaycan və Ermənistan qarşılıqlı sürətdə əlaqə saxlayıblar, sərhədi təsadüfən keçən şəxslər geri qaytarılıb. Əsgərimiz yoxa çıxan anda Azərbaycan tərəfi Ermənistana əsgərimizin yoxa çıxdığı, onun Ermənistan ərazisində ola biləcəyi barəsində məlumat verməsinə baxmayaraq, o saxlanıldıqdan sonra belə Azərbaycanın məlumatına etinasızlıq göstərildi. Onsuz da Nəsimi Musayev Azərbaycana qayıtdıqdan sonra onun həmin əraziyə necə gedib çıxması və məsuliyyət məsələsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. İndi isə o Ermənistanda saxlanılan vətəndaşımızdır. Azərbaycan onun Azərbaycana təhvil verilməsində israrlıdır. Bu məsələdə Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti də israr etməlidir. O, müəyyən müddətdir Ermənistan tərəfindən saxlanılsa da, yanına Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinin nümayəndələri buraxılmır. Görünən odur ki, Nəsiminin hərbi maşına mindirilməsi videosunun yayılması təsadüfi deyil. Hesab edirəm ki, Azərbaycanla xoş mehriban qonşuluq münasibətləri qurmaq istəyən dövlət bu cür üsullara əl atmamalıdır. Mehriban qonşuluq qarşı tərəfə hörmətlə yanaşılmasını tələb edir. Bu məsələni Azərbaycanla müzakirə edərək, yaxud əsgərimizi tutulan andan Azərbaycana geri qaytararaq Ermənistan Azərbaycanla xoş münasibətlər qurmaqda həqiqətən ciddi olduğunu bir daha nümayiş etdirə bilərdi”.

Nigar Həsənli

Mənbə: musavat.com