Fuad Muradov Salonikidə soydaşlarımızla görüşdü - Fotolar

Fuad Muradov Salonikidə soydaşlarımızla görüşdü -

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yunanıstana səfəri çərçivəsində Salonikidə yaşayan soydaşlarımızla görüşüb.

Komitə sədri ilə Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Arif Məmmədov əvvəlcə buradakı Azərbaycan Evinin fəaliyyəti ilə tanış olub, 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilən sərgiyə baxıblar.

Azərbaycan Evində keçirilən görüşdə görülən işlər, icmalaşma prosesi və diaspor üzvləri arasındakı kommunikasiya ilə bağlı fikir mübadiləsi aparılıb.

Salonikidə və ətraf ərazilərdə yaşayan soydaşlarımızla daha geniş tərkibdə baş tutan icma görüşündə isə dövlət başçısının xalqımızın tarixi qələbəsi ilə bağlı çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub. Azərbaycan diasporunun inkişafı, milli birliyin gücləndirilməsi və milli-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində görülən işlər müzakirə olunub.

“Qala” Yunanıstan – Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Saloniki Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədov evin fəaliyyəti barədə məlumat verib, icmanın təşəbbüslərinə göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq edib.

Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Arif Məmmədov icma görüşünü, həmçinin Saloniki şəhərində və ətraf ərazilərdə yaşayan soydaşlarımızın Azərbaycanla Yunanıstan arasında həmrəyliyin möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirib. Səfir, həmçinin xaricdə yaşayan azərbaycanlılara dövlət qayğısını diqqətə çatdırıb.

Soydaşlarımızı səmimi salamlayan komitə sədri çıxışında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xaricdə yaşayan azərbaycanlılara göstərdiyi qayğıya diqqət çəkib, bu qayğının diasporumuzun daha da güclənməsinə, milli həmrəyliyin möhkəmlənməsinə geniş imkanlar yaratmasından danışıb, eyni zamanda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyətinə diqqət çəkib.








Mənbə: qafqazinfo.az