Rusiya Ermənistan rəsmilərinə qarşı fərdi məhdudiyyətlərə keçir – deputat Lusine Badalyanın ölkəyə girişinə qadağa qoyulması İrəvanla Moskva arasında gərginliyin yeni təzahürü kimi qiymətləndirili.
Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, Milli Assambleyanın Səhiyyə məsələləri üzrə daimi komissiyasının sədri Lusine Badalyanın Rusiyaya girişinə qadağa qoyulması Ermənistan-Rusiya münasibətlərindəki böhranın daha bir narahatedici siqnalı olub.
Erməni mediasına istinadən xəbər verilir ki, hadisə oktyabrın 14-də, deputat MDB Parlamentlərarası Assambleyasının Daimi Komissiyasının iclasında iştirak etmək üçün Sankt-Peterburqa gedərkən baş verib. Bu addım göstərir ki, Moskva artıq erməni rəsmilərinin rəsmi statusunu onların ölkəyə girişinə mane olmamaq üçün əsas hesab etmir və fərdi məhdudiyyətlər tətbiq etməyə başlayır.
Baş verənlər Rusiyanın Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinə qarşı sərtləşən siyasi ritorikası və iqtisadi təzyiqləri fonunda diqqət çəkir. Rusiya ekspert və hökumət dairələrində Ermənistanın hazırkı hakimiyyətinin sistemli qarşıdurma xətti seçdiyi və regionda Rusiyanın mövcudluğunu sıxışdırmağa çalışdığı barədə fikirlər getdikcə daha çox səslənir. Moskvanın cavab addımları da artıq konkret xarakter alır.
Belə ki, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti – “Rosselxoznadzor” Ermənistan tərəfinə müraciət edərək oktyabrın 15-dən etibarən yem qarışıqları ixrac edən “Modus Qranum” şirkətinin məhsullarına baytarlıq sertifikatlarının verilməsinin dayandırılmasını istəyib. Seçkilərdən əvvəl tətbiq edilən məhdudiyyətləri də nəzərə alsaq, bu qərar Kremlin Paşinyan hökumətinə münasibətdə sistemli yanaşmasının göstəricisi kimi təqdim olunur.
Qeyd edək ki, Ermənistanın Rusiyaya ixracına təsir edən belə vasitələr ilk dəfə tətbiq edilmir. Ancaq iqtisadi məhdudiyyətlərin sərt siyasi bəyanatlarla eyni vaxta düşməsi vahid təzyiq mexanizminin formalaşdığını göstərir. Bu fonda Ermənistan rəhbərliyinin ayrı-ayrı güzəştlər hesabına münasibətləri yumşaltmaq cəhdlərinin nə dərəcədə nəticə verəcəyi sual altındadır.
İrəvanın Rusiya ilə münasibətlərdə razılıq nümayiş etdirməklə balansı qorumaq taktikası da gözlənilən nəticəni verməyə bilər. Söhbət, xüsusilə, Rusiya layihəsi əsasında atom elektrik stansiyasının tikintisinə razılıq verilməsi və digər infrastruktur məsələlərində kompromislərdən gedir. Burada razılıqla real tikintinin eyni şey olmadığını da nəzərə almaq lazımdır.
Rusiyadan gələn siqnallar göstərir ki, ayrı-ayrı məsələlərdə nümayiş etdirilən loyallıq Ermənistanın ümumi xarici siyasət kursu ətrafında yaranmış fikir ayrılıqlarını aradan qaldırmaq üçün kifayət etmir.
Rusiya rəhbərliyinin mühüm infrastruktur layihələri ilə bağlı son açıqlamaları da diqqət çəkir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampın adını daşıyan nəqliyyat marşrutunun – TRIPP layihəsinin yaradılması ideyasını şərh edərkən Moskvanın Cənubi Qafqazda infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu bildirib. O, regionun bütün dəmir yolu şəbəkəsinin texniki baxımdan rusiyalı mütəxəssislər tərəfindən xidmət olunduğunu vurğulayıb və Rusiyanın hələlik layihədə iştirak üçün dəvət almadığını qeyd edib.
Erməni mediası yazır ki, Rusiya Dəmir Yolları şirkətinin baş direktoru Oleq Belozerovun İrəvanda keçirdiyi görüşlərdən sonra verdiyi açıqlama da bu baxımdan əhəmiyyətlidir. O bildirib ki, Cənubi Qafqaz dəmir yolunun konsessiyasının təhvil verilməsi və ya dayandırılması məsələsi müzakirə olunmayıb, tərəflər mövcud öhdəliklərin yerinə yetirilməsinə diqqət yetiriblər.
Beləliklə, Moskva Ermənistanla münasibətlərdə öz prioritetlərini açıq şəkildə ortaya qoyur. Rusiya nəqliyyat iası infrastrukturundakı mövcud mövqelərini qorumağa, regional layihələrdə iştirak imkanlarını saxlamağa və İrəvanın xarici siyasət kursuna təsir göstərməyə çalışır.
Lusine Badalyanla bağlı insident isə məntiqli bir sual doğurur: Rusiyaya girişinə qadağa qoyulan növbəti yüksəkvəzifəli erməni rəsmisi kim olacaq? Bu siyahıda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da yer alması mümkündürmü?
Erməni nəşrləri yada salır ki, Armen Qriqoryan daha əvvəl Rusiyanı Ermənistanı “atmaqda” ittiham edib, Rusiya telekanallarının yayımının qadağan olunması məsələsinin müzakirəsinə tərəfdar çıxıb. O, həmçinin parlament seçkilərindən sonra Rusiyada guya səfərbərliyin başladığı barədə yayılan məlumatlarla bağlı müzakirələrdə də adı çəkilən rəsmilərdən olub.
Mənbə: musavat.com