ABŞ Nümayəndələr Palatasının bir qrup üzvü Rusiya dizel yanacağının ABŞ-a tədarükü ilə bağlı müqavilələrin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qanun layihəsi hazırlayıb.
Sənəd dünən Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin baş demokratı Qreqori Miks tərəfindən dərc edilib.
Miks tərəfindən hazırlanan sənəddə ABŞ Maliyyə Nazirliyinin 9 oktyabrda dərc olunmuş ümumi lisenziyasının ləğv edilməsi tələb olunur. Bu lisenziya Rusiya dizel yanacağı tədarükünü qlobal bazarlarda 7 aprel 2027-ci ilə qədər ABŞ sanksiyalarından azad edir. Rusiya enerji məhsullarına qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı digər lisenziyalar da ləğv edilir və ABŞ Maliyyə Nazirliyinin üç il müddətinə yeni belə lisenziyalar verməsi qadağan olunur.
Bundan əlavə, sənəd ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına Rusiya enerji ehtiyatları ilə bağlı hər hansı bir müqavilədə iştirak etməyi qadağan edir. Vaşinqton administrasiyası həmçinin Rusiya əleyhinə sanksiyaların tətbiqi və sərtləşdirilməsi üçün bir sıra tədbirlər görməlidir. Qanun layihəsini Nümayəndələr Palatasının digər 17 üzvü - 16 Demokrat və bir Respublikaçı dəstəkləyib.
Mənbə: musavat.com