Amerikalı yəhudi professor Norman Finkelşteyn İsrailin Baş naziri Benyamin Netanyahunun siyasətini sərt tənqid edib. O, “YouTube” proqramlarından birində çıxışı zamanı İsrailin Qəzzadakı hücumlarından, İranla gərginlikdən və Türkiyəyə qarşı mümkün addımlardan danışıb.
Finkelşteyn Netanyahunun BMT-dəki çıxışını şərh edərkən, onun İsrailin bir neçə cəbhədə müharibə apardığı barədə fikirlərini tənqid edib.
Professor bildirib ki, Netanyahu İsrailin müxtəlif ölkələrlə münaqişələrini qürur mənbəyi kimi təqdim edir, lakin qarşısındakı gücün miqyasını düzgün qiymətləndirmir.
Finkelşteynin sözlərinə görə, Netanyahunun Türkiyəyə yönəlik açıqlamaları diqqət çəkir. “Netanyahu altı ölkəni məhv etməklə fəxr edir. BMT-dəki çıxışında Türkiyəyə hücum etməyə başladı. Yəni növbədə Türkiyə var, bunu hamımız bilirik. Plan ortadadır. Ancaq qarşısında nə qədər böyük bir gücün dayandığını nəzərə almır”, - deyə professor bildirib.
İranla yaşanan gərginliyə də toxunan Finkelşteyn bu ölkə ilə qarşıdurmanın nəticələrinin kiçildilməməli olduğunu vurğulayıb. “İran məsələsində onunla oynamağa başlamazdan əvvəl iki dəfə düşünün. Beş min illik bir sivilizasiyadır”, - deyə o qeyd edib.
Finkelşteyn, həmçinin İsrail rəhbərliyinin hərbi məqsədlərinə çatmaq naminə öz vətəndaşlarının həyatını belə təhlükəyə atmağa hazır olduğunu iddia edib.
ABŞ prezidenti Donald Trampın siyasətini də tənqid edən professor onun qərarlarında pulun, sövdələşmələrin və dəbdəbənin əsas rol oynadığını bildirib.
Mənbə: publika.az