Husi hərəkatına qarşı mübarizə aparan və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Səna şəhərinin sakinlərini bir neft obyektini boşaltmağa çağırıb.
Bu barədə koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki “X” sosial şəbəkəsində məlumat verib.
Paylaşımda qeyd olunub ki, təhlükəsizliyi təmin etmək məqsədilə koalisiyanın Birləşmiş Qüvvələr Komandanlığı mülki əhalini Yəmən Neft Şirkətinin Sənadakı “Əl-Sabaha” mərkəzi stansiyası ərazisini boşaltmağa çağırır.
Əl-Malikinin sözlərinə görə, həyata keçirilən miqyaslı əməliyyat səbəbindən təxliyə zəruridir.
Mənbə: qafqazinfo.az