NATO İtaliyada nüvə çəkindirməsi üzrə təlimlər keçirəcək.
Bu barədə təşkilatın rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, NATO-nun nüvə çəkindirməsi üzrə illik “Steadfast Noon” təlimləri 2026-cı il oktyabrın 13-də İtaliyada başlayacaq. Təlimlərdə alyansın 17 üzv dövləti iştirak edəcək.
NATO-nun baş katibi Mark Rütte qeyd edib ki, manevrlərin məqsədi alyansın nüvə qüvvələrinin hazırlıq səviyyəsini qorumaq və müvafiq prosedurları sınaqdan keçirməkdir.
“NATO müdafiə alyansıdır. Bu təlimlər sülhün qorunması, təzyiqlərin qarşısının alınması və təcavüzün çəkindirilməsi üçün təhlükəsiz, mühafizə olunan, effektiv və etibarlı potensialımızı təmin etməyə kömək edir. Həmçinin, bu təlimlər birlik və qətiyyət barədə aydın mesaj verir”, – deyə o vurğulayıb.
Alyans xüsusi olaraq qeyd edib ki, təlimlər planlı xarakter daşıyır, mütəmadi keçirilir, mövcud beynəlxalq vəziyyətlə əlaqəli deyil və hər hansı konkret ölkəyə qarşı yönəlməyib.
Bununla yanaşı, manevrlər zamanı real nüvə silahından istifadə olunması nəzərdə tutulmur.
Müəllif: Valeh
Mənbə: publika.az