Azərbaycan-Türkmənistan əlaqələri: Strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənir

Azərbaycan-Türkmənistan əlaqələri: Strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənir
Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin tərkib hissəsi kimi Türkmənistan ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

İki ölkə arasında əlaqələrin əsasında Azərbaycan və türkmən xalqları arasında mövcud olan tarixi, mədəni, etnik, dil və dini ortaqlıqlar dayanır.

2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”yə uyğun olaraq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz iki ölkə rəhbərlərinin siyasi iradəsi ilə önəmli inkişaf yolu keçərək daha da möhkəmlənib.

İndiyədək Azərbaycan və Türkmənistan arasında müxtəlif əməkdaşlıq sahələrini əhatə edən 108 sənəd imzalanıb.

Son illərdə həyata keçirilən ali və yüksək səviyyəli səfərlər və görüşlər, o cümlədən imzalanan vacib sənədlər ikitərəfli dialoqu daha da intensivləşdirib, bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkmənistana 2 rəsmi, 5 işgüzar səfər edib. Sonuncu işgüzar səfər 22 avqust 2025-ci ildə Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan arasında Yüksək səviyyəli görüşdə iştirak etmək üçün həyata keçirilib.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 2 mart 2023-cü ildə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana işgüzar səfər, cari ilin 22-23 iyun tarixlərində isə dövlət səfəri edib. Dövlət səfəri zamanı Prezident İlham Əliyev və Prezident Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzalayıblar. Eləcə də, müxtəlif əməkdaşlıq sahələrini əhatə edən 12 sənəd imzalanıb.

8-9 oktyabr 2026-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Türkmənistana növbəti işgüzar səfəri baş tutur. Səfər zamanı Prezident İlham Əliyev Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə, MDB Dövlət Başçıları Şurasının iclasında və Xəzər Ekoloji Sammitində iştirak edəcək.

Qeyd olunan tədbirlər çərçivəsində bir sıra vacib sənədlərin, o cümlədən Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunlarına dair Birgə Bəyannamənin imzalanması planlaşdırılır.

Səfər çərçivəsində Prezident İlham Əliyev həmçinin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə ikitərəfli görüş keçirəcək.

Xatırladaq ki, 6-7 oktyabr 2025-ci ildə Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda səfərdə olub.

7 oktyabr 2025-ci ildə Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçılarının iştirakı ilə Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyulub. Hazırda, tikinti işləri davam edir və tikinti işlərinin 2027-ci ilin may ayında yekunlaşması gözlənilir.

Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscid kompleksi inşa etməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, dini-mənəvi həmrəyliyin və humanitar əməkdaşlığın bariz nümunəsi və Qarabağın yenidən bərpasına töhfə kimi yüksək qiymətləndirilir.

Yüksək səviyyəli səfərlərə gəlincə, 21-22 may 2026-cı ildə Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib.

9-10 dekabr 2025-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Avazada keçirilən beynəlxalq forumda iştirak edib. Eyni zamanda, səfər çərçivəsində Q. Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondunun vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüş keçirilib, fondlar arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Xalqlarımız və ölkələrimiz arasında qardaşlıq və mehriban dostluq dialoqunun möhkəmləndirilməsində parlamentlərarası münasibətlər mühüm rol oynayır. 14 may 2026-cı ildə Azərbaycan və Türkmənistanın parlament sədrləri Buxara şəhərində görüşüblər.

İki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İqtisadi Əməkdaşlıq Təşkilatı, UNESCO, TDT və TÜRKSOY çərçivəsində faydalı əməkdaşlıq mövcuddur.

İqtisadi əməkdaşlığın inkişafında Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın rolu mühüm əhəmiyyət kəsb edir. Komissiyanın sonuncu 9-cu iclası 8 iyul 2026-cı ildə Aşqabadda keçirilib.

2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 208,39 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-iyul aylarında isə bu göstərici 63,35 milyon dollar olub.

2025-ci ildə Azərbaycanla Türkmənistan arasında tranzit daşımaların həcmi əvvəlki il ilə müqayisədə 15% artaraq, 2 milyon 344 min ton təşkil edib. 2026-cı ilin yanvar-avqust aylarında isə bu həcm 2 milyon 29 min ton təşkil etməklə, əvvəlki dövr ilə müqayisədə 38% artıma səbəb olub.

2021-ci ildə Azərbaycanla Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsi haqqında Anlaşma Memorandumunun imzalanması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Türkmənistanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında tranzit ölkə kimi strateji əhəmiyyət daşıyır. Azərbaycan üzərindən keçən tranzit-nəqliyyat infrastrukturunun, xüsusilə Bakı-Tbilisi-Ceyhan boru kəməri bu prosesdə mühüm rola malikdir.

Bakı Gəmiqayırma Zavodunda 2023-cü ildən tikilən və Türkmənistan üçün nəzərdə tutulan 8 min tonluq “Dostlug” adlı neftdaşıyan tanker 22 iyun 2026-cı ildə Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı Türkmənistan tərəfinə hədiyyə olunub.

2024-cü ildə Azərbaycana 33.023, 2025-ci ildə 32.408, 2026-cı ilin 16 sentyabr tarixinədək isə 21.875 nəfər Türkmənistan vətəndaşı səfər edib.

Bakı və Aşqabad şəhərləri, həmçinin Arxadağ və Füzuli şəhərləri arasında qardaşlaşma əlaqələri mövcuddur.

İki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlıq uğurla inkişaf etdirilir.

13-15 oktyabr 2025-ci ildə Bakı və Gəncə şəhərlərində Türkmənistan mədəniyyəti günləri, 4-8 iyun 2026-cı ildə Aşqabad və Arxadağ şəhərlərində Azərbaycan mədəniyyət günləri keçirilib.

2025-ci ildə Aşqabadda A.S.Puşkin adına Rus Dram Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin son operettası olan “Arşın mal alan” əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

WUF13 tədbiri zamanı Bakı şəhərinin reklam lövhələrində Arxadağ şəhəri ilə bağlı videoçarx nümayiş etdirilib.

2025/2026-cı tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan Türkmənistan vətəndaşlarının ümumi sayı 73 nəfər təşkil edib.

2025-ci ilin oktyabrında Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türkmənistanın iki ali təhsil müəssisəsi-Türkmən Dövlət İqtisadiyyat və Menecment İnstitutu və Türkmən Dövlət Maliyyə İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Qeyd edək ki, Türkmənistan rəsmi olaraq bitərəf dövlət hesab olunur. 1995-ci ildə 185 dövlətin dəstəyi ilə Türkmənistanın daimi bitərəfliyi ilə bağlı BMT Baş Assambleyasının xüsusi qətnaməsi qəbul olunub. Bu prinsip ölkənin Əsas Qanununda – Türkmənistan Konstitusiyasında hüquqi olaraq təsbit olunub.

Mənbə: www.aznews.az