Rusiya Odessanı ələ keçirməyə hazırlaşır - Səfərbərliyin pərdəarxası

Rusiya Odessanı ələ keçirməyə hazırlaşır -

“Ukrayna Qara dənizdəki zərbələrinin bədəlini ödəməlidir və artıq ödəyir”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml sözçüsü əlavə edib ki, Rusiya "xüsusi hərbi əməliyyatını" davam etdirir:
"Ukrayna Silahlı Qüvvələri üçün dəniz yolu ilə hərbi texnika, sursat və yanacaq tədarük edilir. Bunu tamamilə dayandırmaq bizim üçün vacibdir ki, bu da hazırda baş verir və davam edəcək".
Putinin mətbuat katibinin bu fikirləri belə ehtimal etməyə əsas verir ki, Kreml hərbi əməliyyatların miqyasını genişləndirməyi, hücumların intensivliyini artırmağı düşünür.
Hazırda Rusiya əsas diqqəti Donbasın tam şəkildə işğalına yönəldib. Lakin onun bu istiqamətdə irəliləyişi də “tısbağa yürüşünə” bənzəyir. Onlar neçə ildir çalışsalar da sözügedən ərazini tam olaraq ilhaq edə bilmirlər.
Buna rəğmən, Peskovun açıqlaması belə qənaətə gəlməyə əsas verir ki, Rusiya eyni zamanda, Ukraynanın dənizə çıxışını tam bağlamaq istəyir. Bunun üçün isə Qara dənizin Ukraynanın nəzarətində qalan qərb sahillərini də ilhaq etməlidir. Bu həmçinin, Ukrayna üçün mühüm liman şəhəri olan Odessanın işğalı deməkdir. Deməli, Donbası tam ilhaq edə bilməyən Rusiya indi də Odessa kimi vacib bir limanı və eyni adlı regionu ələ keçirməyi düşünür ki, Ukraynaya dənizdən yardımlar mümkün olmasın.
Son dövrlər Rusiyada seçkilərdən sonra 300 minlik böyük səfərbərliyin olacağı barədə dəfələrlə fikirlər səslənib. Artıq seçkilər də başa çatıb. Görünür, ehtimal edilən bu səfərbərlikdə də əsas məqsəd Ukraynanın Qara dənizə çıxışını tamam bağlamaqdır.
Amma Dondası tam nəzarətə götürməkdə çətinlik çəkən Rusiyanın bunu bacaracağı da böyük sual altındadır...
Rüfət Sultan

Mənbə: www.bakupost.az