Hulusi Kılıç: “Hər kəs ağlını başına toplamalı, düşmənlərimizi sevindirməməlidir”
Azərbaycan Respublikası Media və Yayım Şurasının yaydığı bəyanatda qeyd edildiyi kimi, son günlər Türkiyənin media məkanında, xüsusilə sosial media seqmentində əsassız, hüquqi, diplomatik və etik çərçivələrlə bir araya sığmayan, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirməyə və ictimai rəydə bu münasibətlərə dair mənfi təsəvvür formalaşdırmağa yönəlmiş paylaşımların, əsassız və qərəzli iddiaların kütləvi hal alması ictimaiyyətimizdə təbii narahatlıq doğurur. İki qardaş dövlətin arasını vurmağa yönəlik səylər qətiyyətlə pislənilir.
Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA İctimai Birliyinin Türkiyə nümayəndəsi, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç Musavat.com-un bu mövzuda suallarını cavablandırdı, Türkiyə-Azərbaycan qardaşlığına, müttəfiqliyinə zərbə vurmaq istəyənlərə tutarlı cavablar verdi.

Yeri gəlmişkən, dəyərli Hulusi bəy 2012-ci ilin 13 sentyabrında Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilmişdi. 2009-cu ildə yaşanan gərginliyin ortadan qaldırılmasında böyük xidmətləri olan Hulusi Kılıç bu günlərdə də Azərbaycana səfər etməklə türk birliyi üçün təmənnasız olaraq, var gücü ilə çalışdığını növbəti dəfə təsdiqlədi.

Hulusi bəylə söhbətimizi “Yeni Müsavat” Media Qrupunun redaksiyasında, “Bir millət, iki dövlət”in bayraqlarının qarşısında reallaşdırdıq.
- Hulusi bəy, son günlər Türkiyənin media məkanında, xüsusilə sosial media seqmentində əsassız, hüquqi, diplomatik və etik çərçivələrlə bir araya sığmayan, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirməyə yönələn ittiham və iddialara operativ münasibətinizi gördük. Həmişəki kimi “Bir millətin səfiri” olaraq tutarlı münasibət bildirmisiniz. Siz Türkiyədə olmusunuz və elə bu kritik dönəmdə daim özünüzə Vətən saydığınız Azərbaycandasınız. Hər iki ölkədəki atmosferi izləmək imkanınız olub. Təcrübəli diplomat olaraq “Nə baş verir?” sualına cavabınız necədir? Qardaş Türkiyədə müşahidə olunan anti-Azərbaycan kampaniyasının səbəbi nədir?
- İndi bunu belə başa düşmək lazımdır. Birincisi, iki dövlət, qardaş dövlət arasındakı münasibətlər sarsılmazdır, buna heç kim təsir edə bilməz. Ayrı-ayrı media nümayəndələri, sosial şəbəkə istifadəçiləri, köşə yazarları bu münasibətlərə zərər vurmağa çalışırlar. Amma onlar buna nail ola bilməzlər. Çünki bu münasibətlər bir gündə qurulan münasibətlər deyil. Bu əlaqələr əsrlərə söykənir. 1915-ci il Çanaqqala müharibəsindən, Azərbaycanımız dövlət olduqdan bu yana hər zaman iç-içə olmuşuq. Ona görə də belə şeylərə qulaq asmamaq lazımdır. Mənim həmişə işlətdiyim bir ifadə var: “İt hürər, karvan keçər”. Bundan da yerində istifadə edək. Belə bir deyim var. Bunlar istəmədiyimiz, xoşagəlməz, lazımsız şeylərdir. Amma hər iki dövlətimiz, liderlərimiz son dərəcə diqqətlidir. Yayılan iddiaların tamamilə pis niyyətlə və kənardan qaynaqlanan təşviqlərlə ortaya çıxdığına inanırıq. Yəni bunlarda az da olsa, türk qanı varsa, belə bir tənqid edə bilməzlər. Çünki biz nə deyirik: “Biz bir ailəyik”. Əgər ailə olduğumuzu qəbul ediriksə, bizim aramızda problemlər ola bilər. Bu, ailədaxili problemdir. Ailənin problemini də kənara söyləmək doğru deyil, etik deyil. Çünki siz bunu kənara söyləsəniz, düşmənləriniz sevinər, düşmənlərinizi sevindirərsiniz! Ona görə də hər kəs ağlını başına toplamalı, düşmənlərimizi sevindirməməlidir! Dövlət idarəçiliyində, həm Azərbaycanımızda, həm də Türkiyədə elə bir düşüncə yoxdur. Sadəcə olaraq, bəzi blogerlər, Türkiyə-Azərbaycan münasibətlərini pozmaq istəyən bəzi çevrələr var. Mən sağlam düşüncə ilə bu səslərin eşidilməyəcəyinə inanıram. Həm Azərbaycanımızın, həm Türkiyəmizin... Yəni istəmədiyimiz bir mühitdir, biz bunu da keçərik, bunların da öhdəsindən gələrik. İndiyədək nələr yaşamamışıq ki?
- Hulusi bəy, siz hər zaman Azərbaycanın səsi olmusunuz. Həm Türkiyənin, həm də Azərbaycanın səfiri olaraq fəaliyyət göstərmisiniz. Məsələn, Moldovada səfir işlədiyiniz zaman hər iki dövlətin maraqlarından çıxış etmisiniz. Həmçinin dövlətimizin başçısı da sizi xidmətlərinizə görə “Dostluq” ordeni ilə təltif edib. Siz indiki situasiyada, xüsusilə də 2009-cu ildə yaşananları müqayisə edəndə - o zaman da gərginliklərin yatırılması baxımından kifayət qədər əməyiniz olmuşdu - indiki situasiyada hansı addımları atmağın faydalı olduğunu düşünürsünüz? Yəni öz nüfuzunuzdan, təcrübənizdən istifadə edərək rəsmi, qeyri-rəsmi səviyyədə təmasların təşkili, ortaq toplantıların keçirilməsi, yaxud dediyiniz kimi, elə bir ailə tədbiri çərçivəsində müzakirələrin aparılması mümkündürmü?
- Belə bir kampaniya tamamilə qeyri-hökumət təşkilatları tərəfindən və ya Azərbaycan-Türkiyə qardaşlığının dəyərini bilməyən, bu əlaqələri bilməyən dairələr tərəfindən təşkil edilir. Yəni bunu tamamilə məlumatsız şəkildə edirlər. Bu kampaniyanın kimə yararlı olacağını da hesablamırlar. Bu kampaniya bizə, həm Azərbaycan xalqına - dövlətinə demək istəmirəm - həm xalqına, həm də Türk xalqına narahatlıq verir. Azərbaycanı sevən, Azərbaycanı bilən və özünü Türk qəbul edən - yəni özünü Türk qəbul edən - hər kəs bundan narahatdır. Ona görə də bunlar boş-boş danışırlar, sabah bunlar bitəcək, hər şey bitəcək. Bizim üçün vacib olan çiyin-çiyinə, möhkəm durmağımızdır. Bunları eşitməməyimiz, qulaqlarımızı tutmağımız lazımdır. Yoxsa bunlara dəyər vermiş olarıq. Bunlara cavab vermək bunlara dəyər vermək deməkdir. İndi gördüyünüz kimi, dövlətlərimizdən, həm Azərbaycandan, həm də Türkiyədən bir rəsmi təpki yoxdur. Yəni siz nə desəniz, deyin, biz bunları duymuruq. Çünki bunlar gerçəklikdən uzaq, pis niyyətlə söylənən sözlərdir. Bunları diqqətə almırıq. Dolayısı ilə, bu səssizlik qarşı tərəfə yaxşı bir cavabdır. Dediyiniz kimi, toplantı keçirilə bilər, amma buna ehtiyac olsa, onları dəstəkləmiş olursunuz. Onların təpkisinə dəyər vermiş olursunuz. Ona görə də bir toplantıya - filana ehtiyac yoxdur. Bu səssizlik, bu təpki verməmək də onlara ən gözəl cavabdır. Siz boşuna danışırsınız, boş-boş danışırsınız, ona görə də biz sizə cavab vermirik, deməkdir. O baxımdan, onların da ağıllarını başlarına yığmaları lazımdır. Yəni Azərbaycan müstəqil, suveren bir dövlətdir. Başqa ölkələrlə əlaqələrini öz maraqları çərçivəsində qurur. Biz iki, ayrı dövlətik. İki dövlətin də ayrı siyasəti var. Ona görə bəzi şeyləri də bilmək lazımdır. Yəni Azərbaycan torpaqları 30 il işğal altında idi. Kim dəstək verdi Azərbaycana? Kim dəstəklədi? Biz bilirik, onların Ermənistanla əlaqələrinin nə olduğunu da bilirik. Ayrıca, 44 günlük Vətən müharibəsi zamanı yəhudi lobbisinin Azərbaycana verdiyi dəstəyi də bilirik. Dolayısı ilə, Azərbaycan-İsrail əlaqələrini yaxşı bilmək lazımdır. Həmçinin, Azərbaycanın Fələstinə çox dəyər verdiyini də bilirik. Yəni 1992-ci ildə Fələstin dövlətini tanıdı. Azərbaycan məsələnin iki dövlət prinsipi ilə həllinin tərəfdarıdır. Yəni paytaxtı Şərqi Qüds olan bir Fələstin dövləti istəyir. Ayrıca, Fələstinin Bakıdakı səfirliyin açılışında mən burada səfir idim, 29 iyun 2011-ci ildə. Və bu səfirliyin bütün xərclərini Azərbaycan qarşılayır. Bunu neçə nəfər bilir?
Eyni zamanda Azərbaycanın Ramallahda nümayəndəliyi var. Yəni Azərbaycanımız Təl-Əvivdə səfirlik açdı, eyni tarixdə də Ramallahda nümayəndəlik açdı. Həmçinin Azərbaycan Fələstinə humanitar yardımlarını davamlı şəkildə edir. Oradan tələbələr gətirir. Qəzzadan 14 tələbə gətirdi buraya oxumaları üçün. Üstəlik, humanitar yardımlarını davamlı şəkildə edir. Azərbaycan Fələstinə hər zaman dəstək oldu və bu dəstəyini də davam etdirir. Bu məsələlərin ikisini bir-birindən ayırmaq lazımdır. Yəni Azərbaycanın İsrail siyasəti və Fələstin siyasəti… Fələstinə diqqətsizlik etmiş deyilik.

- Kifayət qədər təcrübəli diplomatsınız, BMT Baş Assambleyasında Azərbaycanın bir diplomatının olması Azərbaycanın İsrailə dəstəyi, yaxud Türkiyəyə qarşı mövqe sayıla bilərmi?
- BMT Baş Assambleyasında hər ölkənin 4 yeri var. Orada qalan azərbaycanlı diplomatımız ən gənc diplomatdır. Bunun özü də bir mesajdır. Yəni “biz sizin etdiyinizi qəbul etmirik, baxın, ən gənc diplomatımızı göndərdik” mesajıdır. Bunu da hər kəs bilməz. Siz səviyyələrə baxsanız, üst səviyyədə təmsil edilir BMT-də. Türkiyənin heyətini gördünüz, nazirlər, prezidentimiz, nazirlər, üst səviyyəli vəzifəlilər var idi. Orada Azərbaycanın daimi nümayəndəsi var idimi? Xeyr, yox idi. Azərbaycandan bir nazir var idimi? Yox idi. Azərbaycanın orada daha yeni işə başlamış gənc bir diplomatı var idi, o da bir mesajdır: “Baxın, sizi təsdiqləmirik” mesajıdır. Bunu bir diplomat olaraq açıq deyirəm...
- Bütün bunları Türkiyənin aparıcı telekanallarında deməyiniz üçün maneə varmı? Yəni Siz hər halda tanınmış simasınız və kifayət qədər obyektiv rəy bildirə bilərsiniz...
- Buna ehtiyac olarsa, təbii ki, söyləyərəm. Amma mən buna gərək olmadığını, onların tamamilə bilgisiz olduqlarına inanıram.
- Prefessor Səlahəddin Avşaroğlu məsələlərin mahiyyətindən xəbərsiz olaraq kampaniyaya qoşulduğu üçün Azərbaycandan üzr istəyib, təbii ki, bilməyərəkdən yanlış davrananlar da var. Amma həqiqətlər sizin kimi ciddi söz sahibləri tərəfindən deyilsə, Türkiyə cəmiyyəti də reallıqlardan xəbərdar olar, elə deyilmi?
- Təbii ki, həqiqətləri deyirik. Bizə müraciət edərlərsə, söyləyərik, qəzetlərə də yazarıq, türk mətbuatına, televiziyaya da çıxarıq. Buna ehtiyac duyarlarsa, biz hazırıq. Mən heç bir zaman sözümü əsirgəmirəm, mən bir millətin səfiriyəm.
- Hicab məsələsini də şişirirlər. Bu nə mövzudur? Hansı ki, Azərbaycanda bununla bağlı hər hansı ciddi dəyişiklik yoxdur. Üstümüzə gəlirlər. Azərbaycanda nəsə bir fəlakətmi baş verib? Bu, nə yanaşmadır?
- Təbii ki, yanlış iddialardır. Əgər Türkiyə mediası müraciət edərsə, birilərinin etdiklərinizin doğru olmadığını, tamamilə yersiz və təməlsiz, məlumatsız, bilgisiz bir hücumdan ibarət olduğunu təbii ki, söyləyərəm.
- Azərbaycana qarşı kampaniya aparan, ölkəmizi əsassız yerə ittiham edənlərin, bu qaralama kampaniyasına qoşulanların Azərbaycana girişinə məhdudiyyət qoyulması ilə bağlı təkliflər var... Belə bir mövqe Azərbaycan Respublikası Media və Yayım Şurasının bəyanatında da əksini tapır.
- Təbii ki, bir düşmənlik varsa, niyə gəlsinlər, niyə elə bir şey edək ki, bura gəlsinlər? Bizi sevməyən bizə niyə gəlsin ki?! Bizə gəlmək istəyənin bizi yaxşı tanıması lazımdır. Yəni həm mənə küfr edəcək, həm də “gəl” deyəcəyəm? Yox, elə bir şey yoxdur! Edilən doğrudur. Öncə onlar öz ağıllarını başlarına yığmalıdırlar. Kimə hücum edirlər? Millətinə, öz millətinə hücum edirlər. Kimin üçün hücum edirlər? Bizi sevməyənlər üçün.
- Sizcə, bu hücumların arxasında Türkiyə-Azərbaycan qardaşlığına, bütövlükdə Türk Dövlətləri Təşkilatına zərbə vurmaq istəyən xarici qüvvələrin olması mümkündürmü?
- Hər şey mümkündür. Yəni insanın ağlına hər şey gəlir. Çünki Türkiyə-Azərbaycan qardaşlığını istəyən heç kəs belə bir ağılsızlıq etməz. Yəni bu, tamamilə kənardan hazırlanmış ola bilər, xarici qüvvələrin işi ola bilər. İçəridən özünü bilməyən, iki ölkə arasındakı əlaqələrin önəmini bilməyən çevrələrin təhriki ilə də ola bilər.
- Hulusi bəy, belə iddialar da var ki, ola bilər ki, yaxın günlərdə Türkiyə-Ermənistan sərhədi açıla bilər. İndi bir narazılıq, gərginlik görüntüsü yaratmaqla buna əsas yaratmağa cəhdlər ola bilər rəsmi səviyyədə. Siz bu ehtimalı ciddiyə alırsınızmı?
- Mən bu ehtimalı zəif hesab edirəm. Çünki gördünüz, Nyu-Yorkda Paşinyan Türkiyə prezidenti ilə görüşdü. Proses davam edir. Bu, başqa bir şeydir. Ermənistan-Türkiyə normallaşması başqa bir şeydir. Azərbaycan-Ermənistan normallaşması da davam edir. Sülh imzalanar, bölgədə sabit həyat davam edər.
- Sülhün imzalanması üçün cənab Prezidentin əsas şərti Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. O konstitusiya ki, Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiası əksini tapır... Ona qədər sərhəd açıla bilərmi?
- Ondan öncə açılmaz! Azərbaycan ciddi dövlətdir, nə istədiyini bilir. Bunu hər kəsin bilməsi lazımdır: bir ölkənin rəsmi sənədində, konstitusiyasında başqa qonşusunun torpağı ilə bağlı belə bir maddə olursa, bu barış olurmu? Belə bir barış olacağına inanırsınızmı? Davamlı qonşuluq üçün bir-birinin qanunlarında bir-birini incidəcək, narahat edəcək qanunun olmaması lazımdır. Xüsusilə də konstitusiyada belə bir şeyin olmaması lazımdır. Bu, çox önəmli bir şeydir, bunu gözdən qaçırırlar. Cənab Prezident bunda israr edirsə, çox haqlıdır. Çünki istəyir ki, yeni bir səhifə açaq, yeni proses başladaq.
- Amma nədənsə Türkiyədən eyni məzmunlu açıqlamaları eşitmirik, rəsmi səviyyədə, ona görə narahatlıq yaranır...
- Türkiyə onsuz da Azərbaycan nə deyirsə, onu deyir. Türkiyə Ermənistanın ərazi iddialarına əhəmiyyət belə vermir. Çünki belə bir şey ola bilməz. Türkiyə regional, qlobal bir gücdür. Yəni onu söyləsəm nə olur, söyləməsəm nə olur? Biz bu iddiaları diqqətə almırıq.
- Hulusi bəy, Rəcəb Tayyib Ərdoğan ötən gecə Prezident İlham Əliyevə Anım Günü ilə bağlı zəng etdi. Sizcə, bu telefon zəngində daha nələr müzakirə oluna bilər?
- Gecə telefon zənginin olması normaldır. Çünki cənab prezidentin, yəni Tayyib bəyin qrafiki çox gərgindir. Ancaq o zaman vaxt tapılıb. Amma 27 Sentyabr çox vacib bir gündür. O gün yadınızdadır, hörmətli Prezident “Azərbaycan tək deyil” mesajı ilə Azərbaycana qarşı hücuma keçmək istəyən və ya Ermənistanı dəstəkləmək istəyən ölkələrə bir mesaj vermişdi 27 sentyabr Zəfərə gedən yolun başlandığı gündür. 27 sentyabr Ali Baş Komandanın dünya səhnəsinə güclü bir lider olaraq çıxdığı gündür. Bəli, güclü bir lider olaraq çıxdığı günün başlanğıcıdır. Həmçinin, Azərbaycan ordusunun tarix yazdığı günün başlanğıcıdır. Azərbaycan xalqının Prezidenti ilə, Ali Baş Komandanı ilə çiyin-çiyinə mücadilə etdiyi, mübarizə apardığı günün başlanğıcıdır. Yenə Azərbaycan əsgərinin, igidlərinin torpaq uğrunda canlarını verdiyi günün başlanğıcıdır. Nə deyirik: “Bayraqları bayraq edən üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa, vətəndir”. Və gördük ki, Azərbaycan gəncləri, igidləri torpaqlar üçün canlarından keçir. Nə deyirik: “Torpağı su ilə sulasan, palçıq olur, qanla sulasan, vətən olur”. Qarabağ vətən torpağıdır.

- Müsahibə üçün sağ olun, Hulusi bəy. Ümid edirəm ki, “Türkiyə burada yoxdursa, Azərbaycan var, mən varam” deyən cənab Prezidentin Azərbaycana münasibəti, həmçinin Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” mesajı əbədi olaraq qardaşlığımız üçün bir yol xəritəsi olacaq...
- Eynilə. Bizə hücum edənlər bunu yaxşı bilsin! “Türkiyə yoxdursa, mən varam” deyən cənab Prezident, “Azərbaycan tək deyil” deyən sayın Rəcəb Tayyib Ərdoğan var. Qardaşlığımız möhkəm təməllər üzərindədir və əbədidir.
Elşad Paşasoy,
Musavat.com
Mənbə: musavat.com