ABŞ-nin Yunanıstandakı səfiri, Prezident Donald Trampa yaxınlığı ilə tanınan Kimberli Gilfoyla aid edilən sözlər Afinada siyasi zəlzələyə səbəb olub.
“The Wall Street Journal”ın geniş araşdırmasında mart ayında Afinada Yunanıstan və ABŞ rəsmilərinin iştirak etdiyi şam yeməyində baş verdiyi bildirilən gərgin insidentdən bəhs olunur.
Nəşrin məlumatına görə, Gilfoyl ilə Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavru arasında mübahisə yaranıb. Söhbət həmin vaxt Rumıniyadakı hakimiyyət dəyişikliyinə gəlib çatıb.
Məlumata əsasən, ABŞ səfiri Kimberli Gilfoyl belə deyib:
“Biz bunu istədiyimiz istənilən ölkədə edə bilərik. Burada da edə bilərik”.
Papastavru isə buna etiraz edərək ABŞ-nin xalq tərəfindən seçilmiş Yunanıstan hökumətini dəyişdirə bilməyəcəyini bildirib. Bundan sonra tərəflər arasında söhbətin daha da gərginləşdiyi qeyd olunur.
Gilfoylun vəkili də nəşrə söhbətin bu şəkildə təsvir edilməsinə etiraz edib.
Kimberli Gilfoyl Donald Trampın siyasi çevrəsinə yaxın fiqurlardan sayılır. O, əvvəllər Donald Trampın oğlu Donald Tramp Jr. ilə nişanlı olub. Cütlük 2024-cü ildə ayrılıb. Gilfoyl regionda ABŞ qazının daşınmasını nəzərdə tutan Şaquli Qaz Dəhlizinin fəal tərəfdarlarından biri kimi də çıxış edir. (Musavat.com)
Mənbə: publika.az