Tarixi qələbənin əbədi möhürü

Tarixi qələbənin əbədi möhürü

Suverenlik hər bir müstəqil dövlətin əsas hüquqlarından biridir. Onu qanunun aliliyi prinsipləri əsasında təmin etmək və qorumaq isə heç də asan məsələ deyil. Üstəlik, yerləşdiyin coğrafiya, əhatə olunduğun siyasi mühit, xarici təsirlər bu ali haqqın təmin edilməsində qarşıya hansı çətinliklərin çıxdığını aydın təsəvvür etməyə imkan yaradır. Bu çətin yolun öhdəsindən isə güclü dövlət-xalq birliyi sayəsində gəlmək mümkündür. Necə ki, Azərbaycan, artıq bu birliyin sayəsində Ermənistanın 30 ilədək davam edən işğal siyasətinə, əsrlərdir sürən irredentist fəaliyyətinə son qoydu.

Aprel döyüşləri, Tovuz istiqamətində törədilən hərbi təxribat, Nikol Paşinyanın Xankəndinə qanunsuz səfər edərək “Qarabağ Ermənistandır – nöqtə” fikrini səsləndirməsi səbir kasasını daşıran son damlalar oldu. Çünki bu, faktiki olaraq işğal edilmiş ərazilərin ilhaqı və sülh prosesinin sonu demək idi. Hələ Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsi, danışıqları sıfırdan başlaması mövqeyindən çıxış etməsi, danışıqların formatını dəyişdirməyə çalışması ilə sülh prosesi dağılmağa başlamışdı. Bu da Cənubi Qafqazda “sönmüş krater”in yenidən aktivləşməsinə səbəb olmuşdu.

Xarici himayədarlarına güvənən Ermənistan rəhbərliyi qıcıqlandırıcı fəaliyyətinə davam edir, işğalı ört-basdır etmək üçün hətta Azərbaycanın ərazilərində qondarma rejim yaratmışdı. Bununla kifayətlənməyərək, “Böyük Ermənistan” xülyasının davamı olaraq 2019-cu ilin fevralında Ermənistan müdafiə naziri Davit Tonoyan Vaşinqtonda ölkəsinin hücum strategiyasına keçdiyini elan edir, “yeni müharibə, yeni ərazilər” formulunu irəli sürür. Ermənistan Azərbaycanın yeni ərazilərini tutmaq niyyətini gizlətmirdi.

2020-ci ilin yayında Ermənistan Yaxın Şərqdən gələn erməniəsilli şəxslərin işğal edilmiş ərazilərdə yerləşdirilməsinin yeni mərhələsinə başlayır. Bu isə beynəlxalq hüquqa əsasən, müharibə cinayəti sayılırdı. Artıq tarixə çevrilmiş, işğala son qoyulması üçün heç bir səy göstərməyən ATƏT-in Minsk Qrupuna arxalanan Ermənistan bu qrupla birlikdə faktiki işğalı uzatmaq və əbədi etməyə çalışırdı. Prezident İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, “ATƏT-in Minsk qrupu sadəcə bir alətə çevrilmişdi”.

Sentyabrın 27-də Azərbaycana qarşı törədilən hərbi təxribatlardan sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz suveren ərazilərinin böyük bir hissəsini hərbi-siyasi yolla işğaldan azad etdi. Paşinyanın “Qarabağ Ermənistandır – nöqtə” fikrinə Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır – nida işarəsi” cavabını verdi və Azərbaycanın heç vaxt işğalla barışmayacağını nümayiş etdirdi. Beynəlxalq ictimaiyyətin, institut və qurumların Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, güclü və müstəqil Ordusu sayəsində elə beynəlxalq müstəvidə öz hüquq və haqlarını bərpa etməyi bacardığını bütün dünyaya göstərdi. Dünya təkcə siyasi arenada deyil, hərb tarixində də Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi unikal döyüş strategiyası, taktikası və XXI əsrin yeni nəsil müharibə modelini öyrənməyə başladı.

Bununla belə, məğlub düşmən təxribatçı fəaliyyətini davam etdirməkdən çəkinmir, “son bir ümid” çabalamağa davam edirdi. Ermənistan Azərbaycanın suverenliyinə qarşı çıxaraq Qarabağ ətrafında hərbsizləşdirilmiş zona yaradılmasına çağırış edirdi. Ermənistan ordusunun qalıqlarının təxribatlarına, o cümlədən yeni hərbi mövqelər yaratmaq cəhdlərinə cavab olaraq Azərbaycan “Fərrux”, “Qisas” kimi əməliyyatlar keçirməyə məcbur oldu.

İşğalın davam etdirilməsinə son ana qədər çalışan Paşinyan 2023-cü il sentyabrın 2-də Ermənistanın təcavüzü nəticəsində yaradılmış qondarma rejimin “müstəqillik bəyannaməsinin qəbulu günü” ilə bağlı təbrik müraciəti yayımlayır. Az sonra qondarma rejimin rəhbərliyinə “seçki” keçirilir. Bütün bunlar Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımadığını bir daha nümayiş etdirirdi.

2023-cü ilin sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün tam olaraq təmin olunmasını reallaşdırdı. Yalnız bundan sonra real olaraq sülh üzrə danışıqlar başladı və 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsi paraflandı. Bir sözlə, Ermənistan və N.Paşinyan sülhə məcbur edildi. Prezident İlham Əliyevin qətiyyəti ona sülhə getməkdən başqa yol qoymadı. Müzəffər Ali Baş Komandan İlham Əliyev həm müharibədə, həm də sülhdə qalib gəldi.

Bu gün biz son 200 ilin ən güclü Azərbaycanında yaşayırıq. İstər beynəlxalq qurumların, istərsə də, beynəlxalq cəmiyyətin, o cümlədən Ermənistanın özünün bu ali reallığı qəbul etməkdən başqa çarəsi qalmayıb. Haqq nazilər, üzülməz. Azərbaycan bir daha sübut etdi ki, nə saxta iddialar, nə boş xəyallar, ikili standartlar, nə də hansısa gücün arxasında gizlənmək haqlı mübarizənin, dövlət-xalq birliyinin, inam və qətiyyətin, döyüşkənlik ruhunun və qələbə əzminin qarşısında dayana bilməz.

Nuranə Abbasova


Mənbə: unikal.az