İrəvanda “Qərbi Azərbaycan” xofu - Həm sülh, həm də...

İrəvanda “Qərbi Azərbaycan” xofu -

Ermənistan hakimiyyətinin Azərbaycanla sülh gündəliyi ilə bağlı açıqlamalarında ziddiyyətli məqamlar yenidən diqqət çəkir. İrəvan bir tərəfdən Bakı ilə sülh prosesindən, regionda uzunmüddətli sabitliyin təmin edilməsindən danışır, digər tərəfdən isə azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı məsələsini təhlükəsizlik təhdidi kimi təqdim edir.

Qərbi Azərbaycan nə vaxt və necə erməniləşdirilib?

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 17-də çıxışı zamanı “Qərbi Azərbaycan” ritorikasının Ermənistan üçün ciddi çağırış olduğunu bildirib. “Qərbi Azərbaycan” ritorikası Ermənistan üçün son dərəcə ciddi çağırış, eləcə də regional təhlükəsizliyə və formalaşmış sülhə təhdiddir”, - deyə Paşinyan bildirib. Burada söhbət Qərbi Azərbaycan İcmasının irəli sürdüyü qayıdış konsepsiyasından gedir. İcmanın əsas məqsədi tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlıların öz dədə-baba yurdlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, onların hüquqlarının bərpasıdır.

Məhz bu məqam sual doğurur: azərbaycanlıların öz ata-baba torpaqlarına sülh yolu ilə qayıtmaq hüququ niyə Ermənistan üçün təhlükəsizlik təhdidi kimi təqdim olunur? Daha vacibi isə belə yanaşma Bakı ilə İrəvan arasında aparılan sülh prosesi ilə nə dərəcədə uzlaşır?

Deputat Hikmət Babaoğlu bildirib ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası mahiyyət etibarilə sülh konsepsiyasıdır və Ermənistanın ərazi bütövlüyünə qarşı hər hansı iddia kimi qiymətləndirilə bilməz.

Deputatın sözlərinə görə, məqsəd Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası və onların Ermənistan vətəndaşlığı hüququnun təmin edilməsidir: “Qərbi Azərbaycana qayıdış sadəcə Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunması, aid olduqları Ermənistan vətəndaşlığının bərpa edilməsi və Ermənistanla Azərbaycan arasında sülhün daha möhkəm təməllərdə bərqərar olmasına hesablanmış bir addımdır”.

Hikmət Babaoğlu: Gənclər siyasəti milli inkişafımızın bütün istiqamətləri  üzrə öz nəticələrini verməkdədir - AZƏRTAC

Hikmət Babaoğlu hesab edir ki, son illərdə Azərbaycanda Qərbi Azərbaycana qayıdış məsələsi məhz hüquqi və siyasi müstəvidə müzakirə olunub. Onun sözlərinə görə, bu prosesin əsas istiqamətlərindən biri də Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin formalaşdırılmasıdır:

“Maraqlıdır ki, 2022-ci il dekabrın 24-dən bu günə qədər Azərbaycanda daima Qərbi Azərbaycana qayıdış konsepsiyası müzakirə olunur. Qərbi Azərbaycana qayıdışın hüquqi-siyasi əsasları, ictimai əsasları məsələsi müzakirə edilir və eyni zamanda Ermənistanla Azərbaycan arasında ictimai etimad mühitinin formalaşması üçün addımlar atılır. Nədənsə Paşinyan məhz indi Qərbi Azərbaycanı, Qərbi Azərbaycan ritorikasını Ermənistanın təhlükəsizliyi üçün təhdid adlandırır”.

Deputatın fikrincə, Paşinyanın son açıqlaması ilə bağlı diqqət çəkən əsas məsələ onun mövqeyində dəyişiklik ehtimalıdır. H. Babaoğlu hesab edir ki, Qərbi Azərbaycana qayıdış məsələsinin təhlükəsizlik təhdidi kimi təqdim edilməsi sülh gündəliyi baxımından suallar yaradır. “Burada Qərbi azərbaycanlıların, beynəlxalq hüququn, haqq-ədalətin mövqeyi yox, Paşinyanın mövqeyi dəyişib. Ona görə də bu, Paşinyanın sülh siyasətinə artıq müəyyən şübhələr yaradır”, - deyə deputat vurğulayıb.

Hikmət Babaoğlu hesab edir ki, Ermənistan rəhbərliyinin Qərbi azərbaycanlıların qayıdışı məsələsinə münasibəti ayrıca müzakirə olunmalıdır: “Çünki sülh prosesinin yalnız siyasi sənədlərlə məhdudlaşmaması, iki xalq arasında uzunmüddətli etimadın və birgəyaşayış perspektivinin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır”.

Deputat sual edir: “Görəsən, sülhün olmazsa-olmazı olan Qərbi Azərbaycana qayıdış məsələsini Paşinyanın sülhü, Ermənistanın təhlükəsizlik imkanlarını təhdid edən mövzu kimi təqdim etməsi nəyə əsaslanır?”

Onun sözlərinə görə, bu kontekstdə Ermənistanın mövqeyinə mümkün xarici təsirlərin də nəzərdən keçirilməsinə ehtiyac var: “Burada həm biz artıq məsələni başqa cür qoymalıyıq, həm də Ermənistana xaricdən edilən təsirləri nəzərdən keçirməliyik. Ona görə bu məsələ sülhə qarşı gəlməkdir və təəssüf ki, Paşinyan belə açıqlamalar verir”.

Deputat hesab edir ki, Ermənistan hökumətinin növbəti açıqlamalarında Qərbi azərbaycanlıların hüquqi statusu məsələsinə aydınlıq gətirilməsi vacibdir. “Paşinyanın növbəti açıqlamasında gözləyirik ki, Qərbi azərbaycanlıları Ermənistanın tamhüquqlu vətəndaşları kimi gördüyünü ifadə etmiş olsun”, - deyə deputat əlavə edib.

Şahanə Rəhimli

Mənbə: musavat.com