Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL

Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL

Azərbaycanın geosiyasi kimliyini yalnız bir regional məkan çərçivəsində müəyyənləşdirmək mümkün deyil. Azərbaycan tarixi, mədəni və siyasi baxımdan Türk dünyasının ayrılmaz hissəsi olduğu kimi, coğrafi, siyasi və təhlükəsizlik baxımından Qafqazın da əsas dövlətlərindən biridir. Məhz bu iki mənsubiyyət Azərbaycanın regional siyasətinin mühüm xüsusiyyətini və eyni zamanda strateji üstünlüyünü təşkil edir.

Bu baxımdan Türk dünyasının birliyi ilə Qafqaz birliyi bir-birinə alternativ geosiyasi layihələr kimi təqdim edilməməlidir. Azərbaycanın Türk dünyası ilə inteqrasiyasının dərinləşməsi onun Qafqazdan uzaqlaşması demək olmadığı kimi, Cənubi Qafqazda regional əməkdaşlıq sisteminin qurulması da Bakının türk dövlətləri ilə strateji əlaqələrinin zəifləməsini nəzərdə tutmur. Əksinə, Azərbaycanın geosiyasi mövqeyinin unikallığı məhz hər iki məkanın daxilində olması və onların maraqlarını bir-birinə bağlamaq imkanına malik olmasındadır.

Türk dünyasında inteqrasiya: Azərbaycanın strateji mövqeyi

Türk dünyası Azərbaycan üçün yalnız etnik, dil və mədəni yaxınlıq məkanı deyil. Son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat, enerji və təhlükəsizlik məsələlərinin daha mühüm yer tutması Türk dünyasında inteqrasiyanın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan bu prosesin fəal iştirakçılarından və siyasi dayaqlarından biridir.

Türkiyə ilə müttəfiqlik münasibətləri, Mərkəzi Asiyanın türk dövlətləri ilə genişlənən strateji tərəfdaşlıq, Xəzər üzərindən nəqliyyat və enerji əlaqələrinin inkişafı Azərbaycanın Türk dünyasının qərb və şərq hissələrini birləşdirən mühüm dövlət kimi rolunu gücləndirir.

Qafqaz birliyi: Regional əməkdaşlıq üçün yeni siyasi perspektiv

Ancaq Azərbaycanın siyasi coğrafiyasının ikinci fundamental istiqaməti Qafqazdır. Azərbaycan bu regionda kənar aktor deyil, onun gələcəyində birbaşa marağı olan üç dövlətdən biridir. Buna görə də Cənubi Qafqazda hansı təhlükəsizlik, iqtisadi əməkdaşlıq və siyasi münasibətlər sisteminin formalaşması Azərbaycanın uzunmüddətli milli maraqları baxımından strateji məsələdir.

Məhz bu nöqtədə “Qafqaz birliyi” ideyası xüsusi məna qazanır. Söhbət Azərbaycan, Gürcüstan və Ermənistanın vahid xarici siyasət və ya hərbi-siyasi blok daxilində birləşməsindən getmir. Belə bir yanaşma mövcud geosiyasi reallıqlara uyğun olmazdı. Qafqaz birliyi ilk növbədə region dövlətlərinin öz coğrafiyalarına sahib çıxması, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq etməsi və regionun gələcəyinə dair məsələlərin həllində regional məsuliyyət prinsipinin güclənməsi kimi başa düşülə bilər.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması bu baxımdan həlledici əhəmiyyət daşıyır. Davamlı sülhün əldə olunması yalnız iki ölkə arasındakı qarşıdurmanın başa çatması deyil, bütövlükdə Cənubi Qafqazda yeni siyasi münasibətlər sisteminin qurulması üçün başlanğıc ola bilər. Azərbaycan, Gürcüstan və Ermənistan arasında nəqliyyat, ticarət, enerji, ekologiya və digər sahələrdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq regionun parçalanmış geosiyasi məkan statusundan çıxmasına şərait yarada bilər.

İki geosiyasi məkan, vahid strateji xətt: Azərbaycanın birləşdirici rolu

Burada Azərbaycanın Türk dünyasına mənsubiyyəti Qafqaz birliyi üçün maneə deyil, əlavə imkan kimi çıxış edir. Çünki Azərbaycan Qafqaz daxilində əməkdaşlığın inkişafı ilə paralel olaraq regionu daha geniş Türk dünyasının iqtisadi və nəqliyyat imkanlarına bağlaya bilər. Eyni zamanda sabit və əməkdaşlığa açıq Qafqaz Türk dünyasının Türkiyə və Avropa istiqamətində əlaqələrinin genişlənməsi üçün daha əlverişli geosiyasi mühit yaradar.

Başqa sözlə, Türk dünyasının birliyi Azərbaycanın strateji dərinliyini, Qafqaz birliyi isə onun yerləşdiyi regionun sabitliyini gücləndirə bilər. Bu iki istiqamətin kəsişməsi Azərbaycanın regional siyasətində xüsusi mövqe yaradır.

Azərbaycanın üstünlüyü həm də ondadır ki, o, bu iki kimlikdən birini digərinin hesabına qurmaq məcburiyyətində deyil. Bakı Ankara, Astana, Daşkənd və digər türk paytaxtları ilə strateji əlaqələrini dərinləşdirərkən eyni zamanda Tbilisi ilə uzunmüddətli tərəfdaşlıq münasibətlərini etninkişaf etdirə, İrəvanla isə sülh və normallaşma əsasında yeni münasibətlər sistemi qura bilər. Belə yanaşma Azərbaycanın Türk dünyasındakı mövqeyi ilə Qafqazdakı regional rolunu vahid xarici siyasət konsepsiyasında birləşdirir.

Bu perspektivdən Azərbaycanın gələcək geosiyasi çəkisi yalnız onun tranzit imkanları, enerji resursları və ya hərbi-siyasi potensialı ilə müəyyən edilməyəcək. Əsas məsələ Bakının mənsub olduğu iki regional məkanın imkanlarını nə dərəcədə uzlaşdıra bilməsidir.

Azərbaycan Türk dünyasının Qafqazdakı dövləti, eyni zamanda Qafqazın Türk dünyasındakı əsas təmsilçilərindən biridir. Bu ikili siyasi-coğrafi kimlik Bakıya həm Türk dünyasında inteqrasiyanın dərinləşməsində, həm də Cənubi Qafqazda yeni regional əməkdaşlıq modelinin qurulmasında fəal rol oynamaq imkanı verir.

Türk dünyasının güclənməsi ilə Qafqazda regional birliyin formalaşması bir-birini istisna edən deyil, düzgün siyasi arxitektura qurulduğu halda bir-birini tamamlayan proseslərə çevrilə bilər. Azərbaycan isə hər iki məkanın təbii tərkib hissəsi kimi bu iki istiqamətin kəsişdiyi əsas siyasi nöqtədə dayanır. Bakının strateji üstünlüyü də məhz seçim etməkdə deyil, hər iki mənsubiyyəti vahid regional siyasətin güc mənbəyinə çevirməkdədir.

Mənbə: apa.az