Paşinyanın sülh ritorikası Qarabağ sınağında: İrəvanın ikili mövqeyi - TƏHLİL

Paşinyanın sülh ritorikası Qarabağ sınağında: İrəvanın ikili mövqeyi - TƏHLİL

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura son səfərindən sonra Ermənistanın siyasi, dini və diaspor dairələrində başlayan kampaniya İrəvanın Azərbaycanla sülh prosesində nümayiş etdirdiyi mövqenin səmimiliyi ilə bağlı yenidən ciddi suallar yaradıb.

İlk baxışdan ayrı-ayrı siyasətçilərin, deputatların, ekspertlərin, din xadimlərinin və diaspor nümayəndələrinin mövqeyi kimi təqdim edilən reaksiyalar, əslində, daha geniş siyasi mənzərəni ortaya qoyur. Xüsusilə Ermənistan hakimiyyətinin nümayəndələrinin də oxşar ritorikadan istifadə etməsi bu kampaniyanı Nikol Paşinyan hökumətinin siyasətindən tamamilə ayırmağın mümkün olmadığını göstərir.

Sentyabrın 11-12-də 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nümayəndənin Qarabağ və Şərqi Zəngəzura səfəri təşkil olunub. Yəni Azərbaycan öz suveren ərazisinə xarici diplomatların səfərini təşkil edib. Lakin bu səfər nədənsə Ermənistanda, eləcə də bütün erməni dairələrində narahatlıq yaradıb, hətta diplomatların ünvanına təhdidlər, təhqirlər belə səsləndirlib. Ermənilər hələ də başa düşmək istəmirlər ki, Azərbaycan xarici diplomatları Xankəndiyə, Şuşaya, Ağdərəyə, Kəlbəcərə və ölkənin istənilən digər ərazisinə dəvət etmək üçün hər hansı üçüncü ölkənin razılığını almalı deyil. Bu, Azərbaycanın müstəsna suveren hüququ və daxili işidir.

Lakin Ermənistandan gələn reaksiyalar məsələyə məhz bu prizmadan yanaşılmadığını göstərir. Diplomatların Qarabağa səfər etməsi sual altına alınır, onların ünvanına ittihamlar səsləndirilir, yenidən “Artsax”, “etnik təmizləmə”, “ermənilərin qovulması” kimi tezislər dövriyyəyə buraxılır. Gəncəsər və Xudavənglə bağlı müzakirələr də Azərbaycanın Qarabağ üzərində suverenliyinin siyasi mübahisə predmetinə çevrilməsi üçün istifadə olunur.

Böyük Kilikiya Evinin katolikosu I Aramın açıqlaması bunun nümunələrindən biridir. O, Ermənistanın “dostları” adlandırdığı ölkələrin diplomatlarının Şuşaya səfərini sərt tənqid edib. Erməni Apostol Kilsəsi də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Gəncəsər və Xudavənglə bağlı fikirlərini pisləməklə yanaşı, Ermənistan hakimiyyətini məsələyə münasibət bildirməyə və tədbirlər görməyə çağırıb.

Burada diqqəti çəkən əsas məqam odur ki, kampaniya yalnız kilsə, diaspor, Ermənistan müxalifətinin ayrı-ayrı nümayəndələri, deputatlarla məhdudlaşmır. Ermənistan hakimiyyətinin təmsilçiləri də bununla bağlı fikirlər səsıəndirməkdən çəkinmirlər. Ermənistan parlamentinin sədri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndəsi Ruben Rubinyanın Azərbaycanın mövqeyini “əsassız” adlandırması və bunun sülh prosesinə töhfə vermədiyini söyləməsi buna nümunədir.

Digərləri ilə yanaşı, Rubinyanın mövqeyi xüsusilə əhəmiyyətlidir. O, parlamentin sədri olmaqla yanaşı, Paşinyanın hakim komandasının aparıcı üzvlərindən biridir. Bu səbəbdən onun bu açıqlamasını elə Ermənistan hakimiyyətinin mövqeyi kimi qəbul etmək olark.

Məhz burada Nikol Paşinyanın siyasi məsuliyyəti ortaya çıxır.

Paşinyan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın Azərbaycan ərazisi olduğunu tanıdığını bildirir, digər tərəfdən isə onun rəhbərlik etdiyi siyasi sistem daxilində Azərbaycanın Qarabağda həyata keçirdiyi fəaliyyətlər müzakirə və etiraz predmetinə çevrilir. Bu iki yanaşma isə İrəvanın sülh ritorikası ilə praktiki siyasi davranışı arasında ziddiyyət yaradır.

Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyırsa, Azərbaycanın xarici diplomatları öz ərazisində harasa aparması, onların Xankəndiyə, Şuşaya və ya Kəlbəcərə səfərini təşkil etməsi Ermənistanın müzakirə edə biləcəyi məsələ deyil. Əks yanaşma birmənalı olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir.

Burada başqa mühüm məqam da var. Paşinyan hökuməti özünü Qarabağ məsələsinə Ermənistanın əvvəlki hakimiyyətlərdən fərqli yanaşan, Azərbaycanın ərazi bütövlüyünü qəbul edən və ölkəni sülhə aparan siyasi qüvvə kimi təqdim edir. Lakin Qarabağla bağlı hər yeni hadisədən sonra hakimiyyət daxilindən, kilsədən, diaspor strukturlarından və müxtəlif siyasi dairələrdən eyni mahiyyətli reaksiyaların gəlməsi bu iddiaların praktik müstəvidə nə dərəcədə reallaşdığına dair sual yaradır.
Sülh yalnız sənəddə qarşı tərəfin ərazi bütövlüyünü tanımaq demək deyil. Bu, həmin dövlətin öz ərazisi üzərində suveren hüquqlarını tanımağı da tələb edir. Əks halda, ərazi bütövlüyünün tanınması barədə bəyanatlar formal xarakter daşıyır.

Diplomatik korpusun səfərinə reaksiyalar Ermənistan Konstitusiyası məsələsinin Azərbaycan üçün niyə prinsipial olduğunu da bir daha göstərir. Bakı uzun müddətdir, Ermənistanda Azərbaycana qarşı ərazi iddialarının hüquqi əsaslarının tam aradan qaldırılmasını tələb edir. Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinadın qalması bu baxımdan əsas mübahisə mövzularından biridir. Həmin sənəddə Ermənistan SSR ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin “birləşməsi” barədə 1989-cu il qərarına istinad edilir.

İrəvan bunun Azərbaycana qarşı ərazi iddiası olmadığını iddia edə bilər. Lakin Ermənistanın siyasi və ictimai məkanında Qarabağın Azərbaycanın daxili məsələsi kimi qəbul edilməsinə müqavimətin davam etməsi, xüsusilə Paşinyan komandasının üzvlərinin də bu prosesdə iştirakı Bakının narahatlığının əsassız olmadığını göstərir.

Məhz buna görə Azərbaycan üçün məsələ yalnız Paşinyanın bu gün nə deməsi deyil. Əsas məsələ gələcəkdə Azərbaycana qarşı ərazi iddialarının yenidən irəli sürülməsinə imkan verəcək hüquqi və siyasi zəminin tam aradan qaldırılmasıdır.

Nikol Paşinyan həqiqətən Azərbaycanla davamlı sülh istəyirsə, bunun məsuliyyətini də üzərinə götürməlidir. Azərbaycanın ərazi bütövlüyünün tanınması yalnız beynəlxalq platformalarda səsləndirilən bəyanat olaraq qalmamalı, Ermənistan hakimiyyətinin Qarabağla bağlı siyasi davranışında da özünü göstərməlidir.

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri ətrafında yaranmış kampaniya isə hələlik bunun əksini göstərir. İrəvan bir tərəfdən sülhdən danışır, digər tərəfdən Azərbaycanın suveren ərazisində baş verən proseslərə müdaxilə xarakterli münasibət nümayiş etdirir.

Bu ziddiyyətin siyasi məsuliyyəti ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyanın üzərindədir. Çünki sülh prosesinin səmimiliyi təkcə danışıqlar masasında deyil, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə gündəlik siyasi münasibətdə də özünü göstərməlidir.

Mənbə: apa.az