Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin iclasında iştirak etdi - FOTOLAR

Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin iclasında iştirak etdi - FOTOLAR

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin üçüncü iclasında iştirak edib.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi, cinayətkarlığa, o cümlədən ekstremizmə, insan alverinə, informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində birgə mübarizə tədbirləri müzakirə edilib. Cinayət təqibindən yayınan şəxslərin axtarışında və itkin düşmüş vətəndaşların yerinin müəyyən edilməsində əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib.

Tədbir zamanı TDT-yə üzv və müşahidəçi dövlətlər arasında Cinayətkarlıqla Mübarizə Şurasının yaradılması haqqında Saziş layihəsi də müzakirə olunub.

Tədbirdə tərəflər Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin üçüncü toplantısının Bəyannaməsini imzalayıblar.

İclasın yekununda TDT-yə üzv dövlətlərin daxili işlər nazirlərinin 4-cü görüşünün 2027-ci ildə Türkiyə Respublikasında keçirilməsi barədə qərar qəbul edilib.

Görüş çərçivəsində Azərbaycan və Qırğız respublikalarının daxili işlər nazirləri “Cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlış haqqında Saziş”i imzalayıblar.


Mənbə: unikal.az