İsrail-Türkiyə müharibəsi - Savaş ssenarisi kimlərin qazanını doldurur?

İsrail-Türkiyə müharibəsi -

Türkiyə ilə İsrail arasında gərgin münasibətlərin mövcudluğu fonunda bir sıra ekspertlər bu iki dövlət arasında hərbi toqquşmanın baş verə biləcəyini də istisna etmirlər.

Yunanıstan mətbuatında Türkiyə ilə İsrail arasında mümkün qarşıdurmanın necə inkişaf edə biləcəyinə dair ssenari yayımlanıb. “Militaire” nəşrinin dərc etdiyi təhlilə əsasən, baş verə biləcək kiçik bir hərbi insident genişmiqyaslı böhrana rəvac verə bilər.
Təhlilə görə, tərəflərin toqquşa biləcəyi ehtimal olunan əsas nöqtə Suriyadır. Hansı ki, Türkiyə burada hərbi mövcudluğunu davam etdirir. İsrail də öz növbəsində bundan narahat olduğunu gizlətmir.
Bu əsasda da, qeyd olunub ki, tərəflərin hərbi qüvvələrinin eyni ərazidə fəaliyyət göstərməsi müharibə qərarı olmadan da birbaşa toqquşma riskini artırır.
Türkiyə ilə İsrail arasında toqquşma ehtimalı nə dərəcədə realdır? Yoxsa bu sadəcə kimlərinsə xal qazanmalarına hesablanmış açıqlamalardır?
Siyasi şərhçi Rufiz Hafizoğlu bildirib ki, Türkiyə ilə İsrailin açıq qarşıdurmaya getmələrinə heç bir halda imkan verilməyəcək:
“Çünki bu İsrail üçün ciddi fəsadlara yol açacaq. “Düşmənimin düşməni, mənim dostundur” prinsipi var. Türkiyə Yaxın Şərqdə sözün əsl mənasında ciddi nüfuz və sözə sahibdir. Müharibə başlasa, Türkiyənin Suriya və Livandan İsrailə qarşı cəbhə açmayacağını heç kim istisna edə bilməz. İsrail bunu başa düşür, amma onu etiraf etmək istəmirlər. Çünki bu hazırkı İsrail hökumətinin sonu demək olacaq”.
Müsahibimizin sözlərinə görə, müharibə ehtimalını gündəmə gətirən daha çox İsrail mətbuatıdır:
“Hazırda Türkiyə ilə İsrail arasında müharibə, onun nəticəsində İsrailin yer üzündən silinməsi və yaxud Türkiyədə hakimiyyət dəyişikliyi səpkisində fikirlər müzakirə olunur. Belə bir müharibə baş verərsə, onlar arasında ilkin döyüş meydanı şübhəsiz ki, Suriya olacaq. Lakin bu meydan yalnız Suriya ilə məhdudlaşmayacaq. Maraqlar hər şeyin fövqündədir. Kimliyindən asılı olmayaraq, bütün ölkələr üçün hər şeyin fövqündə dövlət və milli maraqlar dayanır.
Bu cür ehtimallar, belə versiyalar daha çox İsrail mətbuatında yer alır. Özü də hazırkı dövrdə”.
Ekspertin fikrincə, həmin iddiaların geniş yayılması ilk növbədə seçkiqabağı dövrdə xal qazanmaq istəyən hazırki baş nazir Benyamin Netanyahunun maraqlarına cavab verir:
“Dolayısı ilə döyüş ehtimalı məsələsi ilk növbədə İsrailin maraqlarına xidmət edir. İsrail hökuməti müharibə təhdidi ilə xalqı təzyiq altında saxlamağı düşünür. Onlar istər HƏMAS, istər Livan, istərsə də İranla qarşıdurmada əldə etdikləri üstünlükləri göz önünə gətirməklə xal qazanmağa çalışırlar”.
Rüfət Sultan

Mənbə: www.bakupost.az