Pentaqonun rəhbərliyində hərb naziri Pit Heqsetin dövründə başlayan istefalar dalğasının ardınca yeni kadr islahatlarının gözlənildiyi bildirilir.
Bu barədə "Reuters" agentliyi üç fərqli mənbəyə əsaslanaraq məlumat yayıb. Bildirilib ki, qurum artıq nazir müavini Stiv Feynberqin yerinə namizəd axtarışındadır.
Agentliyin məlumatına görə, Feynberqin vəzifəsinə namizədlərin nəzərdən keçirilməsi prosesi iyun ayında aparılıb və avqustun sonlarında da davam edib. Buna baxmayaraq, onun vəzifədən kənarlaşdırılması barədə yekun qərar hələlik qəbul olunmayıb.
Ağ Ev və Pentaqon rəsmiləri kadr dəyişikliyi hazırlıqları ilə bağlı yayılan xəbərləri təkzib ediblər. Nazir Heqset qeyd edib ki, Feynberq onun tam dəstəyinə malikdir və heç yerə getməyəcək.
"Feynberq hərbi-sənaye bazamızın bərpası və ordumuzun qələbə üçün ehtiyac duyduğu hər şeylə təmin edilməsi istiqamətində yorulmadan fəaliyyət göstərib. Mən onunla əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm", - deyə Heqset çıxışında vurğulayıb.
Son aylar ərzində bir neçə yüksəkrütbəli rəsmi Pentaqonla yollarını ayırıb. Bu həftə ordu naziri Daniel Driskoll istefa verib, ondan əvvəl isə hərbi dəniz qüvvələri naziri Con Felan və bir neçə digər ali hərbi rəhbər vəzifələrini tərk edib. Stiv Feynberq ABŞ-də hərbi sursat istehsalının sürətləndirilməsinə cavabdeh idi. "Reuters"in məlumatına görə, İranla müharibə fonunda ABŞ ordusu müəyyən silah növlərinin çatışmazlığı problemi ilə üzləşib. Avqust ayında nazir müavini müdafiə sənayesi şirkətlərini istehsalat prosesini sürətləndirməyə və qiymət formalaşmasında daha çox şəffaflıq təmin etməyə çağırmışdı.
Mənbə: oxu.az