"Rusiya İrəvanın müstəqil qərarlarına hörmətlə yanaşmalıdır" - Mirzoyan

"Rusiya İrəvanın müstəqil qərarlarına hörmətlə yanaşmalıdır" - Mirzoyan

"Moskva İrəvan üçün sadəcə strateji tərəfdaşdan daha artıq bir şey olaraq qalır".

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

"Hüquqi, siyasi və iqtisadi baxımdan Rusiya Ermənistan üçün sadəcə strateji tərəfdaşdan daha artıq bir şeydir. Müdafiə sektorunda da bizi müttəfiq edən ikitərəfli müqavilələrimiz və öhdəliklərimiz var", - deyə o ifadə edib.

XİN rəsmisi Moskva ilə İrəvan arasındakı münasibətlərdə mövcud problemləri etiraf edib. Xüsusilə, o, Ermənistandan Rusiyaya tədarük edilən müəyyən mallara qoyulan məhdudiyyətlərdən bəhs edib, lakin ikitərəfli münasibətlər ətrafında panik yaratmamağa çağırıb.

Onun sözlərinə görə, Rusiya tərəfi "Ermənistanın müstəqil qərarlar qəbul etmək hüququna daha böyük hörmətlə yanaşmalıdır".

"Lakin biz vəziyyəti gərginləşdirmək və ya qarşılıqlı ittihamlar meydanına girmək istəmirik. Biz bütün məsələləri konstruktiv atmosferada həll etmək istəyirik və buna nail olmaq üçün bütün səylərimizi göstərəcəyik", - deyə nazir əlavə edib.

Mənbə: unikal.az