Yaxın Şərqdə və İslam dünyasında təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı bir vaxtda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı müdafiə formatı diqqət mərkəzinə gəlib. Məkkədə imzalanan birgə müdafiə sazişi üç ölkənin hərbi və təhlükəsizlik əməkdaşlığını yeni mərhələyə daşımaqla yanaşı, ittifaqın gələcəkdə genişləndirilməsi məsələsini də gündəmə gətirib.
Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu danışıb. Politoloq qeyd edib ki, artıq yeni ölkələrin bu formata qoşulması ilə bağlı müzakirələr aparılır: "Türkiyə Misirin üzvlüyünə üstünlük verir. Ancaq Səudiyyə Ərəbistanının Misirlə bağlı tərəddüdləri var. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Azərbaycanın strtateji müttəfiqləri və tərəfdaşlarıdır".

Politoloq bildirib ki, buna baxmayaraq, Azərbaycanın bu sazişə qoşulması barədə müzakirələr getmir. Onun fikrincı, çünki, saziş anti-İsrail mahiyyəti də daşıyır: "Azərbaycan isə sazişə qoşulmaqla İsraillə münasibətlərinə zərər vurmaq istəmir. Bakı Türkiyə, Səudiyyə Ərəbistanı Pakistanla hərbi sahədə əməkdaşlıqda ikitərəfli əlaqələrə üstünlük verir.
Bu arada Banqladeşin xarici işlər üzrə dövlət naziri Humayun Kabir ölkəsinin Məkkə paktına qoşulmaq istədiyini bildirib. Dövlət naziri vurğulayıb ki, Banqladeş İslam ölkələri arasında formalaşan istənilən təhlükəsizlik formatına maraq göstərir. Banqladeş müdafiə paktına qoşulmaqla müdafiə qabiliyyətini artırmağı planlaşdırır. Bundan başqa Banqladeş pakt vasitəsilə üzv ölkələrin hərbi texnologiyalarından faydalanmağı planlaşdırır. Bu ölkə əsasən Türkiyənin müdafiə səneyasinin məhsullarına maraq göstərir.
Banqladeşin inkişaf modeli şaxələndirilmiş xarici əlaqələrdən asılıdır. İxrac bazarları, idxal olunan yanacaq və sənaye məhsulları, pul köçürmə dəhlizləri, inkişaf maliyyəsi, infrastruktur investisiyaları və texnologiya tərəfdaşlıqları fərqli strateji baxışlara malik ölkələr arasında yayılmışdır. Bu şəbəkədə etimadı qorumaq davamlı böyümə üçün vacibdir".
Elxan Şahinoğlunun fikrincə, Banqladeşin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla hərbi ittifaqı seçməsi Dəkkənin geosiyasi mövqeyində ciddi dəyişiklik kimi qəbul olunacaq: "Məsələn, Banqladeşin müdafiə paktına qoşulması Dəkkənin Hindistanla münasibətlərinə təsir edə bilər. Yeni Dehli Banqladeşin müdafiə paktına qoşulmaası istəyindən narahatdır və hesab edir ki, Dəkkə xarici və təhlükəsizlik siyasətində “strateji muxtariyyət” modelinə üstünlük verməlidir. Bu əsas tərəfdaşlarla sıx münasibətlər saxlamaq, müdafiə və təhlükəsizlik sahəsində selektiv əməkdaşlıq etmək və siyasət çevikliyi azalda biləcək öhdəliklərdən çəkinməyi diktə edir. İki il əvvəl Banqladeşdəki küçə etirazlarından sonra istefa verən keçmiş baş nazir Şeyx Həsinə Hindistanda sığınacaq tapmışdı. Bu iki ölkə arasında münasibətlərdə müəyyən gərginlik yaratsa da, sonra tərəflər dialoq yoluyla gərginliyi azaltmışdılar. Ancaq Banqladeşin Pakistanında üzv olduğu müdafiə paktına qoşulma istəyi Dəkkə-Yeni Dehli münasibətlərində yeni suallar yaradacaq".
Xalidə Gəray
Mənbə: musavat.com