Vaşinqton və Tehran yenidən masada - İslamabad 60 günlük atəşkəs istəyir

Vaşinqton və Tehran yenidən masada - İslamabad 60 günlük atəşkəs istəyir

Pakistan ABŞ və İranı daha 60 günlük atəşkəs elan etməyə razı salmağa çalışır.

“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, İslamabad tərəflərin bu müddət ərzində münaqişənin nizamlanması üzrə yekun razılaşmalara nail ola biləcəyini düşünür.

“Tərəflər birbaşa danışıqların bərpasını və uzadılmasını elan etməzdən əvvəl ilkin çərçivəni formalaşdırmaq üçün İslamabad vasitəsilə mesaj mübadiləsi aparırlar”, – deyə agentliyin mənbələrindən biri bildirib.

Məlumata görə, Vaşinqton və Tehran memoranduma əsasən, nəzərdə tutulan 60 günlük əvvəlki müddətin avqustun 16-da başa çatmasına baxmayaraq, bir-birinə qarşı zərbələri bərpa etməməyə razılaşıblar.

Eyni zamanda, İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani ABŞ-nin Omana təzyiq göstərdiyini, bu səbəbdən həmin ölkənin İranla Hörmüz boğazı üzrə saziş imzalaya bilmədiyini bəyan edib. Səfir Birləşmiş Ştatların Hörmüz boğazına nəzarət etmək istəyinin qəbulolunmaz olduğunu və beynəlxalq normalara zidd təşkil etdiyini vurğulayıb.

Xatırladaq ki, bir qədər əvvəl İran və Omanın Hörmüz boğazında gəmiçiliyin təmin edilməsindən əldə olunan gəlirlərin bölünməsi barədə razılığa gəldikləri bildirilirdi.

Mənbə: qafqazinfo.az