Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O bildirib ki, əsas məsələ yalnız iki dövlət arasında münasibətlərin qardaşlıq səviyyəsində xarakterizə edilməsi deyil:
"Əsas məsələ bu qardaşlığın konkret siyasi qərarlara, hüquqi sənədlərə, investisiya layihələrinə, nəqliyyat dəhlizlərinə, enerji əməkdaşlığına, humanitar proqramlara və beynəlxalq platformalarda qarşılıqlı dəstəyə çevrilməsidir. Başqa sözlə desək, Azərbaycan-Özbəkistan münasibətlərində emosional və mənəvi yaxınlıq praktik strateji müttəfiqliyin mühüm resursuna çevrilir. Bir xüsusda, "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki ölkə arasında münasibətlərin institusional baxımdan yeni mərhələyə keçdiyini göstərir. Bu məqam təsadüfi deyil. Çünki müasir beynəlxalq münasibətlər sistemində siyasi liderlərin şəxsi münasibətləri mühüm rol oynasa da, uzunmüddətli tərəfdaşlığın dayanıqlılığı üçün həmin münasibətlərin hüquqi və institusional mexanizmlərlə möhkəmləndirilməsi vacibdir. Azərbaycan və Özbəkistan məhz bu yolu seçib. Ali Dövlətlərarası Şuranın yaradılması da həmin siyasətin mühüm göstəricisidir. Şura iki ölkə arasında münasibətləri epizodik siyasi təmaslardan çıxararaq, strateji prioritetlərin müntəzəm şəkildə müəyyənləşdirildiyi və icrasına nəzarət olunduğu institusional müstəviyə keçirir. Başqa sözlə, Bakı-Daşkənd münasibətlərinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, siyasi iradə artıq konkret institutlarla dəstəklənir. Bu isə müttəfiqliyin şəxslərdən daha çox dövlətlərarası mexanizmlərə söykənməsinə imkan yaradır".
"İkitərəfli müsahibədə diqqətçəkən digər mühüm məqam iqtisadi əlaqələrin dinamikasıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması münasibətlərin iqtisadi potensialının hələ tam reallaşmadığını da göstərir. Çünki Azərbaycan və Özbəkistanın iqtisadiyyatları bir çox istiqamətlərdə bir-birini tamamlayır. Azərbaycan Qafqaz, Xəzər və Avropa istiqamətində nəqliyyat və enerji imkanlarına malikdir. Özbəkistan isə Mərkəzi Asiyanın ən mühüm iqtisadi mərkəzlərindən biridir və böyük istehsal, əmək, istehlak və tranzit potensialına sahibdir. Beləliklə, iki ölkənin iqtisadi əlaqələrində əsas məqsəd sadəcə ticarət dövriyyəsini artırmaq olmamalıdır. Daha böyük perspektiv birgə istehsal, investisiya, sənaye kooperasiyası və üçüncü bazarlara birgə çıxış imkanlarının yaradılmasıdır. 500 milyon dollar kapital ilə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması məhz bu baxımdan əhəmiyyətlidir. Bu mexanizm ikitərəfli münasibətləri "mal alıb-satmaq" səviyyəsindən "birlikdə istehsal etmək və investisiya qoymaq" mərhələsinə keçirə bilər. "Chevrolet" və "Isuzu" avtomobillərinin Azərbaycanda istehsalı da bu modelin praktik nümunəsidir. Füzulidə 100 hektarlıq "Dostluq bağı"nın salınması isə iqtisadi layihənin eyni zamanda siyasi və mənəvi məna daşıya bildiyini göstərir", - deputat vurğulayıb.
Müsahibimiz mühüm bir məqamı da xatırladıb:
"İşğaldan azad edilmiş ərazilərdə Özbəkistanın iştirakı Azərbaycan-Özbəkistan münasibətlərini yalnız iqtisadi əməkdaşlıq müstəvisində deyil, Azərbaycanın postmüharibə bərpa gündəliyi kontekstində də xüsusi məna ilə yükləyir. Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının xüsusilə perspektivli istiqaməti yaşıl enerjidir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "Yaşıl Dəhliz Birliyi"nin yaradılması təsadüfi seçim deyil. Bu layihə üç ölkənin enerji potensialının birləşdirilməsi və bərpaolunan enerjinin ixracı üçün yeni imkanların yaradılması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın burada mövqeyi xüsusilə diqqətəlayiqdir. Ölkə yalnız enerji istehsalçısı və ixracatçısı kimi deyil, enerji dəhlizlərinin formalaşdırılmasında iştirak edən tranzit aktor kimi də çıxış etməyə çalışır. Bu isə Azərbaycanın enerji siyasətinin transformasiyasını göstərir. Əgər Xəzər dənizinin dibi ilə yaşıl enerjinin nəqli istiqamətində nəzərdə tutulan layihələr reallaşarsa, Azərbaycan-Mərkəzi Asiya əlaqələri yeni enerji coğrafiyasının formalaşmasına ciddi təsir göstərə bilər".
"Müsahibənin, zənnimcə, ən mühüm strateji hissələrindən biri nəqliyyat və logistika ilə bağlıdır. Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi Asiyadakı coğrafi mövqeyi onları Şərqlə Qərb arasında təbii tərəfdaşlara çevirir. Lakin burada söhbət yalnız iki ölkə arasında yükdaşımadan getmir. Daha böyük hədəf regionlararası nəqliyyat sistemlərinin bir-birinə inteqrasiyasıdır. Prezidentin Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasını xüsusi qeyd etməsi bu baxımdan olduqca əhəmiyyətlidir. Bu yanaşma Azərbaycan-Özbəkistan münasibətlərinin regional miqyasını açıq şəkildə göstərir. Bakı və Daşkənd öz əməkdaşlığını yalnız iki ölkənin iqtisadi maraqları çərçivəsində deyil, Çin, Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz və Avropa arasında formalaşan yeni nəqliyyat arxitekturasının tərkib hissəsi kimi görür. Orta Dəhlizin inkişafı fonunda Azərbaycan burada Xəzərdən qərbə açılan əsas qapılardan biri, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm istehsal və tranzit mərkəzi kimi çıxış edir. Bu baxımdan, Bakı-Daşkənd əməkdaşlığı yalnız ikitərəfli münasibət deyil, Avrasiyanın logistika xəritəsinin dəyişməsi prosesində iki mühüm halqanın əlaqələndirilməsidir", - parlamentari vurğulayıb.
Deputatın sözlərinə görə, müsahibənin ən mühüm siyasi mesajlarından biri də Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlıdır:
"Prezident İlham Əliyevin "C5" formatının faktiki olaraq "C6" formatına çevrildiyini vurğulaması sadəcə terminoloji dəyişiklik deyil. Bu, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni geosiyasi mərhələnin başladığını göstərən ifadədir. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyaya daxil deyil. Lakin Xəzər dənizi üzərindən bu regionla sıx bağlıdır. Tarixi İpək yolu, türk-müsəlman mədəniyyəti, enerji, nəqliyyat və ticarət əlaqələri Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirən çoxsaylı xətlər yaradıb. İndi həmin tarixi və coğrafi bağlılıq yeni siyasi məzmun qazanır. Azərbaycanın "C6" formatına daxil olması Bakı ilə Mərkəzi Asiya arasında münasibətlərin ayrı-ayrı ikitərəfli əlaqələrdən daha geniş regional əməkdaşlıq sisteminə keçdiyini göstərir. Bununla Azərbaycan həm Qafqaz, həm Xəzər, həm də Mərkəzi Asiya arasında əlaqələndirici mövqeyini gücləndirir. Bu, Azərbaycanın xarici siyasətində çox mühüm geosiyasi üstünlük yaradır: ölkə eyni vaxtda bir neçə regional platformanın kəsişmə nöqtəsinə çevrilir".
"Müsahibənin başqa bir mühüm istiqaməti Türk Dövlətləri Təşkilatıdır (TDT). Azərbaycan və Özbəkistanın TDT-yə münasibəti onu sadəcə mədəni əməkdaşlıq platforması kimi deyil, siyasi, iqtisadi, nəqliyyat, təhlükəsizlik və humanitar əlaqələrin inkişaf etdirildiyi daha geniş birlik kimi nəzərdən keçirdiklərini göstərir. Burada diqqət çəkən ifadələrdən biri türk dünyasının "siyasi, iqtisadi və hərbi gücünün artırılması" və qlobal arenada təsir mərkəzinə çevrilməsi ilə bağlıdır. Bu yanaşma TDT-nin perspektivinə dair daha geniş siyasi baxışın mövcudluğunu göstərir. Türk dünyasının gələcəyi yalnız ortaq dil və mədəniyyətlə məhdudlaşdırılmır. Söhbət getdikcə daha çox iqtisadi əlaqələndirmə, nəqliyyat inteqrasiyası, enerji əməkdaşlığı, siyasi koordinasiya və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəkdən gedir. Azərbaycan-Özbəkistan münasibətləri bu prosesin ən mühüm dayaqlarından birinə çevrilə bilər. Müsahibədə mədəni-humanitar əməkdaşlığa geniş yer ayrılması da təsadüfi deyil. Azərbaycan və Özbəkistan münasibətlərinin digər dövlətlərarası əlaqələrdən fərqləndirən əsas cəhətlərdən biri ortaq tarixi yaddaşın və mədəni kodların güclü olmasıdır. Nizami Gəncəvinin Özbəkistan Milli Pedaqoji Universitetinin adını daşıması, Şuşa Günlərinin keçirilməsi, Bakıda "Özbəkistan" parkının yaradılması, Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi bu münasibətlərin yalnız diplomatik protokol səviyyəsində qalmadığını göstərir. Burada mədəniyyət xarici siyasətin əlavə elementi deyil. Mədəniyyət münasibətlərin ictimai dayağını formalaşdıran strateji resursdur. Dövlətlərarası münasibətlərin davamlı olması üçün yalnız hökumətlərin deyil, cəmiyyətlərin də bir-birini qəbul etməsi və yaxın görməsi lazımdır. Təhsil, turizm, media, QHT-lər, şəhərlərarası əməkdaşlıq və mədəni tədbirlər məhz bu funksiyanı yerinə yetirir. Bu mənada qardaşlaşmış şəhərlərin sayının artması xüsusilə maraqlıdır. Bakı-Daşkənddən Şuşa-Xivəyə, Füzuli-Gülüstana, Naxçıvan-Ürgənc perspektivinə qədər genişlənən əlaqələr dövlətlərarası münasibətləri şəhərlər və insanlar səviyyəsinə endirir. Bu isə müttəfiqliyin sosial bazasını genişləndirir", - deputat vurğulayıb.
MM üzvü onu da diqqətə çatdırıb ki, müsahibənin bütün hissələrini bir araya gətirdikdə vahid siyasi xətt aydın görünür:
"Azərbaycan özünü yalnız Cənubi Qafqaz ölkəsi kimi təqdim etmir. Ölkənin xarici siyasət konsepsiyasında Xəzər hövzəsi, Mərkəzi Asiya, türk dünyası və Avropa arasında əlaqələndirici rol getdikcə daha çox ön plana çıxır. Özbəkistanla münasibətlər bu strategiyanın mühüm elementidir. Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü mənzərəsini təqdim etməklə yanaşı, bu əlaqələrin gələcək istiqamətləri barədə də kifayət qədər aydın təsəvvür yaradır. Əsas nəticə bundan ibarətdir ki, Bakı-Daşkənd münasibətləri emosional və tarixi yaxınlıq mərhələsindən institusional müttəfiqlik mərhələsinə keçib. İndi qarşıda duran əsas vəzifə əldə olunmuş siyasi etimadı iqtisadi, texnoloji, nəqliyyat və enerji layihələri ilə daha da möhkəmləndirməkdir. Bu münasibətlərin perspektivini yalnız iki ölkənin iqtisadi göstəriciləri ilə ölçmək də doğru olmazdı. Azərbaycan və Özbəkistanın əməkdaşlığı türk dünyasında inteqrasiyanın dərinləşməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsi, Orta Dəhlizin inkişafı və Avrasiyanın yeni geoiqtisadi xəritəsinin formalaşmasının mühüm komponentidir. Əslində, Prezident İlham Əliyevin müsahibəsində verilən əsas mesaj budur: Azərbaycan və Özbəkistan artıq yalnız ortaq tarixə və mədəniyyətə malik iki qardaş dövlət deyil. Onlar dəyişən dünya düzənində ortaq maraqlarını birləşdirən, regional proseslərə təsir göstərmək imkanlarını artıran və türk dünyasının gələcək arxitekturasının formalaşmasında daha fəal rol oynamağa hazırlaşan strateji müttəfiqlərdir. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişafını Bakı ilə Daşkənd arasındakı əlaqələrin tarixində daha böyük bir geosiyasi prosesin - Xəzərdən Mərkəzi Asiyaya, Cənubi Qafqazdan türk dünyasına uzanan yeni əməkdaşlıq məkanının formalaşmasının mühüm hissəsi kimi qiymətləndirmək daha doğru olar".
Mənbə: oxu.az