Ermənistan hökuməti ölkənin 2026–2031-ci illər üzrə inkişaf proqramını təqdim edib. Sənəddə Azərbaycan və Türkiyə ilə münasibətlərə dair əsas siyasət istiqamətləri də yer alıb.
Proqrama əsasən, Ermənistan hakimiyyəti Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası istiqamətində işləri davam etdirmək niyyətindədir.
Həmçinin dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin davam etdirilməsi planlaşdırılır.
Bununla yanaşı, İrəvan iki ölkənin vətəndaş cəmiyyətləri arasında təmasları aktivləşdirmək, Ermənistan və Azərbaycan biznesi arasında əlaqələri inkişaf etdirmək və ikitərəfli ticarətin həcmini artırmaq niyyətindədir.
Türkiyəyə gəldikdə isə proqramda diplomatik münasibətlərin qurulması və Ermənistan-Türkiyə sərhədinin açılması nəzərdə tutulur. İrəvan həmçinin ən azı iki müasir keçid məntəqəsini istifadəyə verməyi, nəqliyyat, energetika və rəqəmsal infrastrukturu bərpa edib genişləndirməyi planlaşdırır.
Hökumət Türkiyə ilə ikitərəfli və çoxtərəfli ticarətin inkişafına da xüsusi diqqət yetirmək niyyətindədir.
Sənəddə Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi planlarından da bəhs olunur. Sənəd layihəsinin ictimai müzakirəyə çıxarılması, daha sonra isə referendumun keçirilməsi nəzərdə tutulur.
Proqrama əsasən, yaxın beş ildə İrəvan həmçinin Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı dərinləşdirməyi planlaşdırır.
Mənbə: musavat.com