SEPAH-ın əsas adamı Bağdada GETDİ - Silahlı qrupları təcili topladı

SEPAH-ın əsas adamı Bağdada GETDİ - Silahlı qrupları təcili topladı

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qanadının komandanı, general İsmayıl Qaani İraqın paytaxtı Bağdada gözlənilməz səfər edib.

Bu barədə "Tabnak" agentliyi məlumat yayıb.

Məlumata görə, general Qaani səfər çərçivəsində "Həşd əş-Şəbi" qruplaşmasının rəhbərliyi, ölkədəki silahlı fraksiyaların liderləri və İraq Koordinasiya Qərargahının nümayəndələri ilə bir sıra mühüm görüşlər keçirib.

Danışıqların ana mövzusunun ölkədəki silahlara nəzarət məsələsi olduğu bildirilir.

İranlı generalın bu addımı İraqda hökumətdən kənar silahlı qruplaşmaların tərksilah edilməsi və silahların dövlətə təhvil verilməsi prosesinin start götürdüyü bir vaxta təsadüf edir. İraqın baş naziri Əli əl-Zeydi bu prosesin tam yekunlaşdırılması üçün sentyabrın 30-nadək vaxt təyin edib.

Öz növbəsində İraqın rəsmi dövlət qurumları xəbərdarlıq ediblər ki, ölkədə rəsmi strukturlardan kənar fəaliyyət göstərən hər bir silahlı birləşmə "Terrorla Mübarizə Qanunu"na əsasən sərt şəkildə cəzalandırılacaq və fəaliyyətinə xitam veriləcək.

Mənbə: musavat.com