Polşanın baş naziri Donald Tuskun rəhbərlik etdiyi koalisiya hökumətinə ölkə vətəndaşlarının narazılığı artır.
"United Surveys" araşdırma mərkəzinin "Wirtualna Polska" portalının sifarişi ilə keçirdiyi son sorğunun nəticələrinə görə, polyakların 58 faizi hökumətin fəaliyyətini mənfi qiymətləndirir.
Sorğuda iştirak edənlərin 36,2 faizi hökumətin fəaliyyətindən “qətiyyən narazı”, 21,8 faizi isə “daha çox narazı” olduğunu bildirib. Beləliklə, respondentlərin yarıdan çoxu Tuskun kabinetinin fəaliyyətindən narazıdır.
Hökumətin işini müsbət qiymətləndirənlərin payı isə 35,9 faiz təşkil edib. Respondentlərin 6,1 faizi suala cavab verməkdə çətinlik çəkib.
Sorğunun nəticələri son aylarda hökumətə münasibətin pisləşdiyini də göstərir. May ayında OGB-nin keçirdiyi araşdırmada polyakların 45,8 faizi hökumətdən narazı olduğunu bildirmişdi. Bu göstərici iyulda 58 faizə yüksəlib.
Beləliklə, cəmi iki aydan bir qədər çox müddətdə hökumətdən narazı olanların sayı 12 faiz bəndindən çox artıb. Bu isə Tuskun rəhbərlik etdiyi hakim koalisiya üçün ciddi siyasi siqnal hesab olunur.
Qeyd olunur ki, "United Surveys" sorğunu iyulun 24-25-də Polşanın bütün ərazisində 1000 yetkin vətəndaş arasında keçirilib.
Müəllif: Adəm
Mənbə: publika.az