Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan son telefon danışığından sonra Qərb tərəfdaşları Paşinyana Rusiyanın təhdidlərindən çəkinməməyi tövsiyə ediblər.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti hakimiyyət dairələrində yayılan məlumatlara istinadən yazıb.
Nəşr xatırladır ki, Kreml telefon danışığı barədə yaydığı məlumatda Paşinyanın ofisinin açıqlamasından fərqli mövqe sərgiləyib.
Bildirilir ki, Rusiya tərəfi növbəti dəfə Ermənistanı Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçim etməyə çağırıb və bu məsələ ilə bağlı referendumun mümkün qədər tez keçirilməsini tövsiyə edib.
Qəzetin yazdığına görə, Avropa tərəfdaşları isə Paşinyana vaxtı uzatmağı məsləhət görüblər. Onların fikrincə, Rusiya-Ukrayna müharibəsində baş verən son hadisələr Moskvanın mövqeyini zəiflədib və yaxın vaxtlarda Kreml geri addım atmağa məcbur olacaq.
Lakin nəşrin hakimiyyətdəki mənbələrinin iddiasına əsasən, diplomatik kanallarla Rusiyadan əldə edilən məlumatlarda yaxın vaxtlarda Moskvanın Ermənistan üzərində manevr imkanlarını məhdudlaşdırmaq üçün daha sərt vasitələrdən istifadə edəcəyi bildirilib.
Mənbə: konkret.az