Mətbuat bir cəmiyyətin güzgüsüdür. Hələ XIX əsrdə Azərbaycan maarifçilik hərəkatının görkəmli nümayəndələri hesab edirdilər ki, mətbuat təkcə xəbərləri çatdıran vasitə deyil, xalqın maariflənməsinə, düşüncə tərzinin formalaşmasına və cəmiyyətin inkişafına xidmət edən ən mühüm institutlardan biridir. Elə buna görə də dünyanın bir çox ölkəsində mətbuat tarixində dönüş nöqtəsi sayılan hadisələr hər il xüsusi gün kimi qeyd olunur. Bu xüsusi günün yaranma səbəbləri müxtəlifdir. Bəziləri Milli Mətbuat Gününü ilk qəzetin nəşri, bəziləri senzuranın ləğvi ilə əlaqləndirir. Digərləri isə peşə fəaliyyəti zamanı həlak olan jurnalistlərin ölüm gününü əsas götürür.
Lakin bütün ölkələrdə eyni ənənə yoxdur.
Maraqlıdır, müxtəlif ölkələrinin mətbuat günü hansı tarixdə qeyd olunur və bu günlərin arxasında hansı tarixi hadisələr dayanır?
Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, Finlandiya, Estoniya, Latviya və s. kimi ölkələr 3 May tarixində Dünya Mətbuat Azadlığı Gününü qeyd etməklə kifayətlənirlər.
Türkiyə
Mətbuat işçiləri üçün 24 iyul –Mətbuat Azadlığı üçün Mübarizə Günü əlamətdar tarix hesab edilir. Bunun yaranmasının kökündə daha geniş ictimai proses dayanırdı. XX əsrin əvvələrində uzun illər davam edən senzura cəmiyyətin məlumat almaq hüququnu məhdudlaşdırır, qəzetlərin fəaliyyətinə ciddi maneələr yaradırdı.
1908-ci il iyulun 23-də II Məşrutiyyətin elanından sonra söz və fikir azadlığının genişləndirilməsi istiqamətində atılan addımlar mətbuata təsirini göstərdi. Belə ki, 24 iyul tarixində qəzetlər ilk dəfə yazılarını dövlət senzurasından keçirmədən nəşr etdilər və bu hadisə Türkiyə mətbuat tarixində yeni dövrün başlanğıcı kimi qiymətləndirildi.
Məhz buna görə 24 iyul sonradan jurnalistlərin peşə bayramına çevrildi. Hazırda bu gün Türkiyədə rəsmi şəkildə qeyd olunur.
Rusiya
Rusiyada Sovet dövründə “Sovet Mətbuatı Günü” 5 mayda “Pravda” qəzetinin nəşr tarixinə bağlı olaraq qeyd edilirdi. SSRİ dağıldıqdan sonra, 1991-ci ildən etibarən isə media nümayəndələrinin peşə bayramı 13 yanvar – Rusiya Mətbuatı Günü kimi qeyd olunmağa başladı. Tarix 1703-cü il yanvarın 13-də I Pyotrun təşəbbüsü ilə ölkənin ilk çap qəzeti olan "Vedomosti"nin nəşrinə əsaslanır. Həmin qəzet Rusiyada müntəzəm mətbuatın əsasını qoymaqla yanaşı, dövlət islahatları və ölkədə baş verən yeniliklər barədə məlumatların ictimaiyyətə çatdırılmasında mühüm rol oynayırdı. Hazırda bu tarix rəsmi peşə bayramıdır.
İran
İranda isə digər qonşularından fərqli olaraq Milli Mətbuat Günü deyil, Jurnalistlər Günü qeyd edilir. Bu gün miladi təqvimlə adətən 8 avqusta təsadüf edir. Tarixin seçilməsi 1998-ci ildə Əfqanıstanın Məzari-Şərif şəhərində İranın rəsmi xəbər agentliyi İRNA-nın müxbiri Mahmud Sareminin peşə fəaliyyətini yerinə yetirərkən öldürülməsi ilə bağlıdır.
Bu tarixdə jurnalist Taliban qüvvələrinin şəhərə daxil olması barədə son məlumatlarını redaksiyaya göndərdikdən qısa zaman sonra həyatını itirmişdi. Bu hadisə İranda jurnalist peşəsinin təhlükələrini simvolizə edən ən faciəli hadisələrdən biri kimi tarixə düşdü. Elə buna görə də həmin tarix jurnalistlərin peşə günü elan edildi. İranda bu gün yalnız bayram xarakteri daşımır. Tədbirlər zamanı peşə fəaliyyətini yerinə yetirərkən həyatını itirən jurnalistlərin xatirəsi də yad edilir, media nümayəndələri mükafatlandırılır və jurnalistikanın cəmiyyətdəki rolu ön plana çəkilir.
Litva
Hər il 7 may "Mətbuatın Bərpası, Dil və Kitab Günü" kimi qeyd olunur. Bu tarix 1904-cü il mayın 7-də Rusiya imperiyasının litva dilində latın qrafikası ilə kitab, qəzet və digər nəşrlərin çapına tətbiq etdiyi 40 ilə yaxın davam edən qadağanın ləğvi ilə əlaqədardır.
Qadağa 1864-cü ildə ruslaşdırma siyasətinin tərkib hissəsi kimi tətbiq edilmişdi. Çar hakimiyyəti litva dilinin istifadəsini məhdudlaşdırmaq, latın əlifbasını kirillə əvəz etmək və milli kimliyi zəiflətmək istəyirdi. Lakin bu siyasət gözlənilən nəticəni vermədi. Minlərlə kitab və qəzet gizli şəkildə Şərqi Prussiyada çap olunaraq ölkəyə gətirildi.
Bu nəşrləri həyatlarını riskə ataraq Litvaya keçirən “kitab daşıyıcıları” milli müqavimətin simvollarına çevrildilər. 1904-cü ildə qadağa ləğv edildikdən sonra 7 may mətbuat azadlığının, ana dilinin və milli mədəniyyətin qələbəsinin rəmzi kimi tarixə düşdü. Hazırda bu gün Litvada rəsmi şəkildə qeyd olunur, kitabxanalarda, məktəblərdə və mədəniyyət müəssisələrində tədbirlər keçirilir, mətbuat və ədəbiyyat sahəsində xidmətləri olan şəxslər təltif edilir.
Macarıstan
Macarıstanda isə 15 mart "Macarıstan Mətbuat Günü" kimi qeyd edilir. Bu tarix 1848-ci il Macarıstan inqilabının başladığı günə təsadüf edir. Həmin gün inqilabçılar senzuranı aradan qaldıraraq "On iki tələb"i və digər bəyannamələri hökumətin icazəsi olmadan çap etdilər. Bu hadisə ölkədə azad mətbuatın yaranmasının başlanğıcı hesab edilir. Əslində həmin dövrdə macarlar siyasi və milli hüquqlar uğrunda mübarizə aparırdı.
Senzura isə bu mübarizənin qarşısındakı əsas maneələrdən biri sayılırdı. Buna görə də mətbuatın azad şəkildə fəaliyyət göstərməsi inqilabın ən mühüm nailiyyətlərindən biri kimi qəbul edildi. Məhz buna görə 15 mart təkcə milli bayram deyil, həm də mətbuatın azadlığına həsr olunmuş peşə günü kimi qeyd edilir.
Ukrayna
Şərqi Avropada jurnalistlərə həsr olunan günlərdən biri də Ukraynada qeyd olunur. Burada 6 iyun "Jurnalistlər Günü" adlanır. Digər ölkələrdən fərqli olaraq, bu tarix ilk qəzetin nəşri və ya senzuranın ləğvi ilə bağlı deyil. Günün səbəbi 1992-ci il iyunun 6-da Ukraynanın Jurnalistlər Birliyinin Beynəlxalq Jurnalistlər Federasiyasına (IFJ) üzv qəbul edilməsidir.
Sovet İttifaqının dağılmasından sonra müstəqil Ukrayna öz media sistemini formalaşdırmağa çalışırdı. Beynəlxalq Jurnalistlər Federasiyasına üzv olması isə ölkə jurnalistikasının beynəlxalq media tərəfindən tanınmasının mühüm göstəricisi idi. Elə buna görə də Prezident Leonid Kravçukun 1994-cü il fərmanı ilə 6 iyun rəsmi Jurnalistlər Günü elan edildi. Bu gün Ukraynada peşə bayramı kimi qeyd olunur. Son illərdə isə Rusiya-Ukrayna müharibəsi səbəbindən tədbirlərdə peşə fəaliyyətini yerinə yetirərkən həlak olan jurnalistlərin xatirəsinin anılması xüsusi yer tutur.
Çin
Hər il 8 noyabr Jurnalistlər Günü kimi qeyd olunur. Bu tarix 1937-ci il noyabrın 8-də Ümumçin Jurnalistlər Assosiasiyasının sələfi hesab edilən Çin Gənc Jurnalistlər Assosiasiyasının yaradılması ilə bağlıdır. Həmin dövrdə Çin Yaponiya ilə müharibə şəraitində idi və cəmiyyətin operativ, dəqiq məlumatlandırılması, eləcə də jurnalistlərin peşə fəaliyyətinin əlaqələndirilməsi üçün vahid təşkilatın yaradılmasına ehtiyac yaranmışdı.
Məhz bu tarixi hadisə əsas götürülərək Dövlət Şurasının qərarı ilə 2000-ci ildən 8 noyabr rəsmi Jurnalistlər Günü elan edildi. Bu gün dövlət səviyyəsində qeyd edilməsə də, ölkədə rəsmi peşə bayramı kimi qeyd olunur. Media qurumlarında tədbirlər keçirilir, peşəsində fərqlənən jurnalistlər mükafatlandırılır, jurnalistikanın cəmiyyətin inkişafındakı rolu ilə bağlı konfranslar təşkil edilir.
Cənubi Koreya
Cənubi Koreyada isə 7 aprel Qəzet Günü kimi qeyd olunur. Tarix 1896-cı il aprelin 7-də ölkənin ilk müasir qəzeti sayılan "The Independent"in nəşr olunması ilə əlaqədardır. Qəzet koreyalı islahatçı Seo Jae-pil tərəfindən təsis edilmişdi və əsas məqsədi əhalini maarifləndirmək, xarici təsirlər altında olan ölkədə milli şüuru gücləndirmək, cəmiyyəti müasir islahatlar barədə məlumatlandırmaq idi.
"The Independent" həm də Koreyada sadə xalqın anlaya biləcəyi dildə nəşr olunan ilk qəzetlərdən biri idi. Bu xüsusiyyət onun geniş oxucu kütləsi qazanmasına və milli mətbuatın inkişafına ciddi təsir göstərməsinə səbəb oldu. Mətbuatın tarixindəki bu əhəmiyyətli hadisəni əbədiləşdirmək məqsədilə 1957-ci ildə Koreya Qəzet Nəşriyyatçıları Assosiasiyası 7 aprel tarixini Qəzet Günü elan etdi. Hazırda həmin gün media qurumlarında müxtəlif tədbirlər keçirilir, jurnalistlər və redaksiyalar mükafatlandırılır, mətbuatın cəmiyyətdəki rolu ilə bağlı müzakirələr təşkil olunur.
Azərbaycan
Ölkəmizdə isə hər il 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməyib. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə Azərbaycan dilində ilk anadilli qəzet olan "Əkinçi" işıq üzü gördü. Bu hadisə ölkədə milli mətbuatın əsasının qoyulması kimi qəbul edilir və hər il həmin tarix media işçilərinin peşə bayramı kimi qeyd olunur.
"Əkinçi" qəzetinin yaranması dövrün ictimai tələbatından irəli gəlirdi. Necə ki, Cəlil Məmmədquluzadə deyib: “Molla Nəsrəddini zaman özü yaratdı”. Eləcə də qəzet və jurnalın cəmiyyətə açılan tək “tribuna” olduğu dövrdə milli mətbuatımız zamanın tələbi ilə yarandı. XIX əsrin ikinci yarısında Azərbaycan Rusiya imperiyasının tərkibində idi. Əhalinin böyük hissəsinin savadsızlığı, ana dilində nəşrlərin olmaması ilə maarifçilik ideyalarının geniş kütlələrə çatdırılması ciddi çətinlik yaradırdı. Həsən bəy Zərdabi hesab edirdi ki, xalqın inkişafı üçün ilk növbədə onu öz ana dilində məlumatlandırmaq, elmə, təhsilə və müasir düşüncəyə istiqamətləndirmək lazımdır.
O bu barədə “Rusiyada əvvəlinci türk qəzetəsi” məqaləsində yazır:
“Bizim yerlərdəki qonşularımız elm, təhsil edib günü-gündən irəli gedib bizim əlimizdə olan mülk-malımıza sahib olurlar və bir az vaxtdan sonra biz onlara rəncbərlik edib onların malını daşımaqdan ötəri kirəkeşlik edəcəyik. Belə də nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir əlac qeyri-əlac yoxdur”.
"Əkinçi" məhz bu məqsədlə yaradıldı. Qəzet kənd təsərrüfatı, elm, təhsil, səhiyyə və ictimai problemlərdən yazmaqla yanaşı, milli özünüdərkin formalaşmasına da mühüm töhfə verdi. Çar senzurasından keçmək və diqqət cəlb etməmək üçün isə qəzetin adı xüsusi seçilmişdi. Lakin təəssüf ki, bu mətbuat orqanının ömrü uzun olmadı. 1877-ci ildə maliyyə və siyasi səbəblərdən qəzetin nəşri dayandırıldı. Ümumi 56 sayı işıq üzü gördü.
22 iyulun Milli Mətbuat Günü kimi qeyd olunması isə daha sonrakı dövrə təsadüf edir.
Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmanla bu tarix rəsmi peşə bayramı elan olunub. Hazırda gün dövlət səviyyəsində qeyd edilir. Prezident tərəfindən media nümayəndələrinə fəxri adlar və mükafatlar təqdim olunur, müxtəlif tədbirlər keçirilir, eyni zamanda Azərbaycan milli mətbuatının inkişaf yolu və Həsən bəy Zərdabinin irsi bir daha xatırlanır.
Mənbə: bizim.media