44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən dərhal sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinə start verdi. “Böyük Qayıdış” adlandırılan bu meqalayihə əsasən Azərbaycanın öz imkanları hesabına icra olunur. Bir çox ölkələrin şirkətləri müxtəlif layihələrin icrasında iştirak etsələr də, maliyyələşmə Azərbaycanın dövlət büdcəsi hesabına təmin olunur.
Lakin bəzi dost və qardaş ölkələr bu prosesdə Azərbaycan dəstəyini əsirgəməyiblər. Onlar bir sıra sosial, infrastruktur layihələrini reallaşdıraraq, ölkəmizə hədiyyə ediblər. Bəzi obyektlərin inşası isə davam edir.
Həmin ölkələri və layihələri araşdırılıb:
Özbəkistan
2023-cü il avqustun 23-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı baş tutub. Məktəb 960 şagird yerlikdir. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var.

Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib.
2024-cü ilin noyabrında Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin açılış mərasimi baş tutub.

Ərazisi 1,2 hektar olan fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir.
Qazaxıstan
2024-cü il martın 12-də Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi baş tutub. Qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsi olan Mərkəzin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iştirak ediblər.

Təməli 2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.
Qırğızıstan
2025-ci il iyulun 3-də Azərbaycanın və Qırğızıstanın dövlət başçılarının iştirakı ilə Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılış mərasimi baş tutub. Sözügedən məktəb Sadır Japarovun təşəbbüsü ilə inşa edilib.

528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb.
Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.
Türkmənistan
2025-ci il oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar.

Türkmənistan tərəfindən Füzulidə inşa ediləcək məscid kompleksinin ümumi ərazisi 1 hektardan çox olacaq. Məscid binasında hər biri 40 metr olmaqla 2 minarə inşa ediləcək. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Burada eyni vaxtda 500 nəfər ibadət edə biləcək.
Macarıstan
Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidənqurulmasında iştirak edir. 2023-cü ilin noyabrında Macarıstanın ovaxtkı xarici işlər və ticarət naziri Peter Siyarto kəndin təməlqoyma mərasiminə qatılıb. Bundan əlavə, Cəbrayıl rayonunun Soltanlı kəndində aparılan bərpa işlərinə Macarıstan tərəfindən 30 milyon dollar qrant ayrılması nəzərdə tutulub. Soltanlı kəndində tikiləcək məktəb isə Macarıstan hökumətinin Azərbaycana hədiyyəsidir.

Qeyd edək ki, Baş plana əsasən, ümumi sahəsi 398.82 hektar olan və 6100 nəfərdən ibarət 1525 ailənin yaşayacağı proqnozlaşdırılan Soltanlıda həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Burada ümumilikdə 496 fərdi yaşayış evinin tikintisi təklif olunur. Bununla yanaşı, kənddə 1044 mənzildən ibarət 4 və 5 mərtəbəli çoxmənzilli yaşayış binaları da yerləşdirilib.
Həmçinin, kənd ərazisində inzibati bina, klub-icma mərkəzi, məktəb binası, bağça, xəstəxana, idman-sağlamlıq mərkəzi, hotel, ticarət və ictimai-iaşə obyektlərinin inşası planlaşdırılıb. Burada tikintisi nəzərdə tutulan yaşayış evləri və sosial obyektlərin memarlıq-planlaşdırma və mühəndis-texnoloji həllərində "ağıllı kənd" yanaşmaları tətbiq olunacaq.
Slovakiya
2026-cı il iyulun 14-də Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunan Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməli qoyulub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini iştirak ediblər.

Qeyd edək ki, məktəbin ərazisi 3 hektardır. Binada ümumilikdə 35 sinif, texnologiya, hərbi hazırlıq, kompüter otaqları, kitabxana, fizika, biologiya və kimya laboratoriyaları yaradılacaq.
Mənbə: bizim.media