Siranuşun erkən sevinci- Strasburq"Vardanyan işi"ni qəbul edəcəkmi?

Siranuşun erkən sevinci- Strasburq"Vardanyan işi"ni qəbul edəcəkmi?

Azərbaycan məhkəməsinin qərarı ilə 20 il azadlıqdan məhrum edilən keçmiş qondarma rejimin “dövlət naziri” olmuş Ruben Vardanyanın müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etməyə hazırlaşır.
"Ermənistanın səsi" xəbər verir ki, Vardanyanın hüquqlarını müdafiə edən hüquq müdafiəçisi və beynəlxalq hüquq üzrə ekspert Siranuş Saakyan artıq məhkəmə hökmünün tam mətni əldə etdiklərini deyib. "Bu, AİHM-ə müraciət üçün zəruri hüquqi mərhələ idi" deyə,o bildirib. Onun sözlərinə görə, hazırda ərizənin hazırlanması prosesi davam edir və yaxın bir neçə həftə ərzində şikayətin Strasburq məhkəməsinə təqdim edilməsi planlaşdırılır. O iddia edib ki, Ruben Vardanyan barəsində irəli sürülən ittihamlar onun konkret cinayət əməli törətməsi ilə deyil, siyasi fəaliyyəti ilə əlaqələndirilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silah saxlama və digər ağır cinayətlər üzrə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan tərəfi məhkəmə prosesinin milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun keçirildiyini bəyan edib.

Avropa Məhkəməsi hökuməti 90 min avro cərimələdi

Bəs Strasburq məhkəməsində belə işlərə baxılma proseduru necə həyata keçirilir? AİHM-də hər bir müraciət ilk növbədə qəbulolunma meyarları baxımından qiymətləndirilir. Məhkəmə ərizəçinin ölkədaxili hüquqi müdafiə vasitələrini tükədib-tükətmədiyini, müraciətin müəyyən olunmuş müddətdə təqdim edilib-edilmədiyini və şikayətin Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan hüquqlara aid olub-olmadığını yoxlayır.

Ərizə qəbul olunarsa, məhkəmə onu cavabdeh dövlətə göndərərək hökumətin mövqeyini tələb edir. Bundan sonra tərəflər yazılı izahat və sübutlarını təqdim edir.

İşlər, bir qayda olaraq, yeddi hakimdən ibarət Palata tərəfindən araşdırılır. Hakimlər təqdim olunan materialları qiymətləndirərək səs çoxluğu ilə qərar qəbul edirlər. Zəruri hallarda açıq məhkəmə iclası da keçirilə bilər.Palatanın qərarından sonra tərəflərin üç ay ərzində işi 17 hakimdən ibarət Böyük Palataya çıxarmaq üçün müraciət etmək hüququ var. Lakin yalnız hüquqi baxımdan xüsusi əhəmiyyət daşıyan işlər Böyük Palatanın icraatına qəbul edilir.Qərar qəti qüvvəyə mindikdən sonra onun icrasına Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edir. Dövlət məhkəmənin müəyyən etdiyi kompensasiyanı ödəməli və zərurət yaranarsa qanunvericilikdə və ya inzibati təcrübədə dəyişikliklər etməlidir.

Hüquqşünasların fikrincə, Ruben Vardanyanın müdafiə tərəfi AİHM-ə müraciət etsə belə, bu, məhkəmənin avtomatik olaraq işi icraata qəbul edəcəyi və ya ərizədə irəli sürülən iddiaları əsaslı hesab edəcəyi anlamına gəlmir. Məhkəmə əvvəlcə müraciətin qəbulolunma şərtlərinə cavab verib-vermədiyini qiymətləndirəcək. Yalnız bundan sonra işin mahiyyəti üzrə araşdırma aparılması barədə qərar verilə bilər. Bu proses isə adətən uzun müddət davam edir.

Mənbə: musavat.com