Solovyov Kremlə qarşı od püskürdü: “Bu nə müharibədir, ay möhtərəm?”

Solovyov Kremlə qarşı od püskürdü: “Bu nə müharibədir, ay möhtərəm?”

Ukraynanın Rusiyanın mərkəz və ucqar əyalətlərinə vurduğu dağıdıcı zərbələr artıq bu ölkənin elitar təbəqəsi, hətta Kremlə sıx bağlı olan siyasilər və mətbuat nümayəndələri arasında belə mərkəzi hakimiyyətdən narazılığı gücləndirib.

Kremlin başlıca təbliğatçılarından olan və hər zaman özünün şovinist düşüncələrilə seçilən məşhur jurnalist Vladimir Solovyov öz internet kanalında yayımlanan çıxışında Rusiyanın hər gün üzləşdiyi pilotsuz uçuş aparatları və raket hücumlarından danışaraq ciddi şəkildə təşvişə düşdüyünü büruzə verib.
O, çıxışında dolayısı ilə Kremli apardığı müharibəyə görə tənqid edib.
“Bax, izah edin mənə. Mən telefonu açıram cəmi 5 dəqiqəlik... yalnız 5 dəqiqə! Xəbərlər: Voroneji dağıdırlar, Moskva hücum altındadır, Çuvaşiyanın salamat yeri qalmayıb. Beləmi müharibə etdik? Lap məni, yəni öz vətənini sevən insanı götürək, anlaya bilmirəm, biz hara gedirik, ay möhtərəm? İnternet yoxdur, benzin yoxdur, zərbələr isə var! Hətta mən Rusiya vətənpərvəri, demək istərdim, çıxıb Komo gölünə getmək istəyirəm. İstərdim heç olmasa, bircə gün insan kimi yaşayım, bircə gün... bu atəşlərsiz, yanan zavodlarsız və sivil bir dünyada. Qoy indi, məni lap, qovsunlar işdən bu sözlərimə görə...”
Qeyd edək ki, bu açıqlama sıradan bir vətəndaşın fikirləri deyil. Bu sözləri illərdir Prezident Vladimir Putinin siyasətini müdafiə edən, Kremlin informasiya müharibəsinin əsas ruporlarından biri olan şəxs səsləndirib.
Solovyov kimi birisi tərəfindən müharibəyə münasibətdə səslənən bu cür etiraflar artıq Rusiyada proseslə bağlı ən yüksək elitar dairələrdə belə yaranan yeni əhval-ruhiyyənin göstəricisi sayıla bilər.
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Bakupost.az-a bildirib ki, Ukraynanın Rusiyanın yanacaq-energerika bazalarına daimi zərbələr vurması və ölkədə yaşanan yanacaq qıtlığı fonunda narazılığın artması təbiidir:
“Rusiya əhalisi də rahat yaşamaq istəyir. Amma indi əyani şəkildə görürlər ki, Ukrayna ilə müharibə Rusiya üçün heç bir nəticə vermir. Əksinə, Rusiyanın özündə dağıntılar artır. Belədə, əhalinin də həyat səviyyəsi daha da pisləşir. Sanksiyalar, digər tərəfdən, Ukraynanın vurduğu zərbələr Rusiya əhalisinin həyat şəraitinin ağır duruma düşməsinə səbəb olur. Belədə, rus şovinistləri də nəticəsiz müharibənin getdiyini və prosesin Rusiyanın əleyhinə işlədiyini anlamağa başlayıblar. Ona görə də hazırda Kremlə yaxın elitar təbəqə daxilində də müəyyən narazılıqlar baş qaldırıb. Bu da ilkin olaraq Solovyov kimi Kreml ruporlarının simasında təzahür edir”.
Müsahibimiz qeyd edir ki, Solovyov əslində Rusiya əhalisinin əksəriyyətini deyə bilmədiyi, yaxud da deməyə qorxduğu fikri dilə gətirib:
“Dünənə qədər belə fikirlər səsləndirənləri xarici agent adlandıraraq, hüquqlarını məhdudlaşdırıblar. Solovyov isə Kremlin ən yaxın jurnalistlərindən biridir. Belədə onu da xarici agent adlandırmaq düzgün olmayacaq”.
Ekspert hesab edir ki, yaranmış durum Kreml hakimiyyəti üçün bir siqnal olmalı və onlar təcavüzkar müharibədən əl çəkməlidirlər:
“Əks halda, yaşanan bu tip narazılıqlar getdikcə böyüyüb, Rusiya hakimiyyəti, eləcə də Rusiyanın özü üçün ağır nəticələrə səbəb ola bilər”.

Mənbə: www.bakupost.az