Qırğızıstanda dilin özünəməxsus fonetik xüsusiyyətlərini qorumaq məqsədilə Qırğız əlifbasındakı rus hərflərinin çıxarılması təklif olunub.
Yerli mediaya istinadən xəbər verilir ki, məsələ "Qırğız dilində orfoqrafiya qaydaları: Mövcud vəziyyət və inkişaf problemləri" mövzusunda keçirilən konfransda müzakirə edilib.
Akademik Sırtbay Musayev bildirib ki, 1939-cu ildən etibarən güclənən ruslaşdırma siyasəti milli dəyərlərə, xüsusilə də dilə mənfi təsir göstərib. Onun sözlərinə görə, mövcud orfoqrafiya qaydaları 86 ildir əsaslı şəkildə yenilənməyib və bu səbəbdən əlifbanın təkmilləşdirilməsinə ehtiyac yaranıb.
Musayev vurğulayıb ki, məqsəd kiril əlifbasından tamamilə imtina etmək deyil, yalnız Qırğız dilində işlənməyən və əsasən rus mənşəli sözlərdə istifadə olunan hərfləri çıxarmaqdır. O qeyd edib ki, bu hərflər dilin səs sistemini pozur və gənc nəslin qırğızcaya məxsus səsləri düzgün tələffüz etməsini çətinləşdirir.
Qeyd edək ki, Qırğız dili tarixən ərəb və latın əlifbalarından istifadə etsə də, 1940-cı ildən rəsmi yazı dili kimi kiril əlifbası tətbiq olunur.
Müəllif: Roza
Mənbə: publika.az